Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2020 10:51

Turnir və müsabiqələrin keçirilməsi ənənədir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantlar arasında mütəmadi olaraq keçirilən inşa müsabiqələrinin əsas məqsədi kursantların vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara qəhrəmanlıq hisslərinin aşılanmasıdır.
Növbəti bilik yarışmasında da kursantlar böyük həvəslə iştirak etdilər. İnşa müsabiqəsi komissiyasının sədri polkovnik-leytenant Ceyran Abbasova söhbət zamanı dedi ki, kursantlar arasında vətənpərvərlik mövzularında inşa müsabiqələrinin keçirilməsinin böyük tərbiyəvi əhəmiyyəti var. “Bu cür tədbirlər kursantların hərbi vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərir. Sabahımızın zabitləri təqdim edilən mövzularda inşalar yazdıqca həm  bilikləri artır, həm də dünyagörüşləri genişlənir. Buna görə də belə maraqlı və əhəmiyyətli tədbirləri tez-tez keçiririk. Bu günlərdə keçirilən bilik yarışmasında 50-dən çox kursant iştirak edirdi. Müsabiqə maraqlı anlarla yadda qaldı. İnşa müsabiqəsi bir daha göstərdi ki, kursantlarımızın bilik və bacarıqları yüksək səviyyədədir. Gələcək zabitlərimiz daha bilikli və daha bacarıqlı olacaqlar.”
Bilik yarışmasında daha yaxşı nəticə göstərən kursant Rəşad Qumaşov "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda yazdığı inşa ilə 1-ci yeri tutdu. Kursant Bəhruz Məmmədov bilik yarışmasının 2-cisi oldu. 3-cü yerə kursant Mehman Dadaşzadə çıxdı. Qaliblər sevinc içindəydilər. Onlar inşa müsabiqəsində layiqli yer tutduqlarına görə qürur hissi keçirirdilər. Kursantlar qazandıqları qələbəyə görə müəllimlərinə minnətdar olduqlarını bildirdilər. 
İnşa yarışmasının qalibləri olan kursantlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova qiymətli hədiyyələr təqdim etdi. Yarışmada 1-ci yeri tutmuş kursant Rəşad Qumaşovun Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qafarovaya Konfederasiyanın diplomu verildi.

 

* * *


Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr olunmuş şahmat birinciliyi keçirildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Hərbi liseyin zabiti mayor Rəşad Kazımov Milli Qəhrəman Elşad Əhədov haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra 6 komandanın qatıldığı şahmat turnirinə start verildi. Yarış keçirilən zala sakitlik çökdü. Şahmat taxtası arxasında oturan kursantlar yarışda qalib gəlmək üçün daha çevik, daha əhəmiyyətli gedişlər edirdilər. Onlar komandalarını ən yüksək pilləyə çıxarmaq üçün bütün bacarıqlarını səfərbər etmişdilər. İştirakçılar fiqurları yerindən tərpətməzdən əvvəl, necə deyərlər, yüz dəfə ölçüb bir dəfə biçirdilər. Hakimlər də oyunun gedişini diqqətlə izləyirdilər.
Şahmat turnirində hər komandadan 3 əsas, 1 ehtiyat oyunçu iştirak edirdi. Qalib gələn idmançıya 1 xal verilirdi. Görüş heç-heçə başa çatanda xallar bölünürdü. Turnir beynəlxalq qaydalara uyğun olaraq dairəvi sistem üzrə keçirilirdi. Yarışın nəticələri həm fərdi göstəricilərə, həm də komanda göstəricilərinə əsasən müəyyənləşdirilirdi.
Beş gün davam edən yarışa yekun vurulanda məlum oldu ki, 2-ci bölüyün kursantları daha yaxşı nəticə göstərərək 1-ci yerə çıxıblar. 5-ci bölüyün kursantları 2-ci yeri tutublar.
Şəxsi birincilikdə kursant Mirkərəm Seyidov daha gözəl oyun nümayiş etdirərək birinci pilləyə yüksəlib. Kursant Tural Hüseynov ikinci yeri tutub. Kursant Natiq Rzayev isə birinciliyin üçüncüsü olub.  

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"