Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2020 10:51

20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb. Plana əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunacaq. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq. Dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki dünən  baş verib. Bakıda Qanlı Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, onun ağrı-acıları bu gün də qəlbimizi göynədir, qırmızı qərənfillərə bürünmüş  şəhid cənazələrini çiyinlərində aparan insan seli, izdiham hər zaman gözümüzün önündən kino lenti kimi keçib gedir. O  gecə Bakı qan içində boğuldu. Azərbaycan 70 il əvvəl olduğu kimi, yenə faciəyə düçar edildi. Xalqımızın haqq səsini boğmaq istəyən o zamankı Kreml rəhbərləri Bakıda Qanlı Yanvar qırğınını törətdi...
Bu faciəni unutmamalıyıq! Unutsaq, azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik.
20 Yanvar şəhidləri müstəqilliyimizin ilk qaranquşları  idi. Ona görə də 20 Yanvarı təkcə  faciə, hüzn günü adlandırmaq olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsidir. Eyni zamanda, bütün dünyanı heyrətdə qoyan mərdlik, igidlik, haqsevərlik uğrunda mübarizənin  təntənəsidir.
Məlumdur ki, ötən ilin sonlarında - 13 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzaladı. Sərəncamda bildirilir: "Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımızın əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı."
XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi keçmiş Sovet İttifaqının siyasi iflası dövründə Moskva rəhbərliyinin sadəcə bir cinayət əməli olmayıb. Bu əməl rus, erməni şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Həmin dövrdə yenidənqurma siyasəti, yəni, demokratikləşmə prosesi təkcə Azərbaycanda deyil, digər ittifaq respublikalarında da gedirdi. Sovet rəhbərliyi ölkədə baş verən demokratik hərəkatlara qarşı güc tətbiq etmişdi. Lakin bu digər respublikada heç də Azərbaycanda olduğu kimi böyük faciəyə səbəb olmadı. Faciənin böyüklüyü bir tərəfdən o zamankı Azərbaycanın siyasi rəhbərliyinin səriştəsizliyi və fitnəkarlığı ilə izah olunsa da, digər tərəfdən rus,  erməni şovinizminin  birləşməsi kimi də izah olunmalıdır. Bu şovinizm  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında  və onların istifadə etdikləri silah-sursatın öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat olmasında özünü göstərirdi.
...1990-cı il  yanvarın 19-dan 20-ə keçən gecə - o qanlı şənbə gecəsi imperiya silahlarından güllə yağmuru yağdı əliyalın, silahsız millətimizin üzərinə. Güllələrdən deşik-deşik oldu nəhəng binaların divar sinələri. 70 illik imperiya zülmətindən sıyrılıb öz müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı bu güllələr.
Heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən, ağzı süd qoxulu günahsız körpələrimizdən müdrik ağsaqqallarımıza, ağbirçəklərimizə, cavanlarımızadək qarşılarına çıxan bütün dinc əhali gülləbaran edildi. Həmin faciəli gecədə vəhşi imperiya güllələri son nöqtə qoydu neçə-neçə yurddaşımızın hələ doğulmamış sabahlarına.
Qeyd etdiyimiz kimi, əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi.  Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi.  Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqla ölkəni "idarə edirdi." Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu "Ocaq" kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar.
Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla! 20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü. Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqlı gələcəyə olan böyük inamını itirmədi.
İnamla demək olar ki, 70 il ərzində qırmızı imperiyanı 20 Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən qanlı imperiyanın maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb göstərdi. Qətiyyətlə deyə bilərik ki, 20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. İlk baxışda zülmün və ədalətsizliyin haqq və ədalət üzərində təntənəsi kimi görünən 20 Yanvar, əslində, yadelli orduların, tankların, topların, ən müasir hərbi silahların belə xalqın sarsılmaz qranit birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz olduğunu, zahiri qələbənin, əslində, biabırçı məğlubiyyətdən başqa bir şey olmadığını bariz şəkildə nümayiş etdirdi.
O faciəli günlərdən bizi 30 illik zaman kəsiyi ayırır.  30 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki orada əbədiyyət yuxusuna gedənlər Vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü Vətənin və xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan  Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin iç dünyasındadır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"