Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2020 10:51

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən dövri mətbuatda dərc olunan 20 Yanvar faciəsinə həsr olunmuş yazılardan və digər materiallardan istifadə etməli, dərsin zamanın tələbləri səviyyəsində keçirilməsini təmin etməli, mövzunun tarixi əhəmiyyətini, aktuallığını açıb göstərməli, 20 Yanvar faciəsi ilə bağlı qəbul olunmuş rəsmi sənədləri şəxsi heyət üçün geniş şəkildə işıqlandırmalıdır.

Suallar:

1. 1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblər.

2. 20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu.

 

1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblər


1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Naxçıvanda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi.
1990-cı il yanvarın 16-da ermənilər silahlı dəstə ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinə hücum edərək evləri yandırdılar və köməyə gələn olmadığından kəndi axşama qədər müdafiə edən sakinlər sonra tərk etməyə məcbur oldular.  
Yanvarın 18-də ermənilər Sədərəyə güclü hücuma keçdilər. Bütün Naxçıvan əhalisi ayağa qalxaraq qısa müddətdə Sədərəkdən uşaqları, qadınları və qocaları çıxardaraq düşmənə ciddi müqavimət göstərdilər və həmin hadisədə 8 nəfər şəhid oldu.   
Bakıda isə gərginlik getdikcə artır, KP MK-nın binası qarşısında mitinq ara vermir və mitinq iştirakçıları respublika rəhbərliyinin istefasını qətiyyətlə tələb edirdilər. Kütləvi ixtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi. Onların birinci hissəsi isə yanvarın 12-də gətirilmişdi. Bu hərbi hissələrdə Şimali Qafqazda yaşayan ehtiyatdan çağırılan ermənilər də var idi.
1990-cı il yanvarın 19-da isə Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. 20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak oldu. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələnir və Bakıda fövqəladə vəziyyət rayonunun komendantı general-leytenant Dubinyakın əmri də elan olunur. Əmrdə deyilirdi ki, vətəndaşların təhlükəsizliyinin qorunması, müəssisələrin iş rejiminin saxlanması, kütləvi ixtişaşların olmaması üçün yanvarın 20-dən komendant saatı elan edilir.
Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridildi, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirildi. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatdı.
Yanvarın 21-də o zaman Moskvada yaşayan  ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirdi. Başda Mixail Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandıraraq bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Xüsusilə qeyd etmək lazımdır ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sabiq SSRİ prezidenti Mixail Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edərkən, "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyərək öz günahını etiraf etmişdir.

 

20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu


Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar və insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini birləşdirərək onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu və müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı. Müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verərək bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb etdi.
Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Belə ki, yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə kompleksinin açılışı oldu. 20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlərarası münasibətlər sistemində öz yerini tutaraq bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir və dönməzdir. Ancaq müstəqilliyimizin ilk illərində 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu və bu günə qədər ərazi bütövlüyümüz bərpa olunmamışdır. Ona görə Azərbaycan Ordusunun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa etməliyik.
20 Yanvar müqəddəs "Şəhid" kəlməsini yenidən bütün tarixi məzmunu ilə dilimizdə canlandırdı. Əsrin əvvəllərində milli mənliyimiz və müstəqilliyimiz uğrunda şəhid olanların basdırıldığı yer sovet dövründə Dağüstü park adı ilə əyləncə yerinə çevrilərək xalqın yaddaşından silinmişdi. İndi isə müstəqilliyimiz, milli mənliyimiz və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların dəfn olunduğu bu yer yenidən xalqın ziyarətgahına çevrilib. Şəhidlər xiyabanı - dünənimizi bu günlə, bu günümüzü sabahla birləşdirən, xalqın iradəsi və qətiyyətinin nümayiş olunduğu müqəddəs bir məkandır.
Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir. Özünün xarici siyasəti ilə böyük uğurlar qazanan Azərbaycan regionda və dünyada iqtisadi qüdrətinə, siyasi sabitliyinə görə xüsusi nüfuz sahibinə çevrilib.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Qeyd: Artıq 2020-ci tədris ilinin hazırlıq planına əsasən, hərbi hissələrdə döyüş və ictimai-siyasi hazırlıq dərsləri başlanmışdır. Qarşıda şəxsi heyəti gərgin dərs prosesi, çöl məşğələləri və taktiki təlimlər gözləyir. Azərbaycan Ordusunun hərbi qulluqçusunun bu dərslərdə və təlimlərdə əldə etdiyi yüksək nailiyyətlər, hər bir uğur Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs müharibədə qələbəyə bizi daha da yaxınlaşdırır. Müasir döyüşdə ancaq yüksək döyüş hazırlıqlı, silahların sirlərinə mükəmməl yiyələnmiş, mənəvi-psixoloji və fiziki cəhətdən dözümlü olan əsgər qalib gələ bilər. Hər bir Azərbaycan əsgəri bu keyfiyyətləri əldə etmək üçün komandirlər tərəfindən keçirilən tədris proqramlarını, hərbi vərdişləri yaxşı mənimsəməli, onları döyüşdə tətbiq etməyi bacarmalıdır ki, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa hazır olsun.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi