Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2020 10:51

“Yeni ili qələbə inamı ilə qarşıladıq”

Səngərdə bənzərsiz hisslər keçirirsən, gözəl anlar yaşayırsan. Hər şeydən əvvəl özünü döyüşçü kimi hiss edir, düşmənlə savaşa hazır dayanırsan.
Mövqedə dayanmış zabiti, əsgəri torpağın müdafiəçisi, düşməni məğlub etməyə qadir bir qəhrəman kimi görürsən. Bir anlıq fikrimi məngirləmiş bu düşüncələr içində ətrafa göz qoyuram. Səngərə ayaq qoyan kimi torpağın gözəl ətrini, xoş qoxusunu duyuruq. Əsgərlər yurdumuzu bu qoxunu hiss edə-edə, duya-duya  qoruyurlar. Torpağın bu gözəl ətri onların güc-qüvvəsini artıra-artıra məğlubedilməzlik zirvəsinə yüksəldir. Əsgərlərin üz-gözündən cəsarət yağır. Onların mübariz görkəminə baxdıqca ürəyimdə öz-özümə: "Yurdumuzu qoruyan əsgər bu cür cəsur, qətiyyətli və məğlubedilməz olmalıdır. Biz erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızı belə məğrur və igid əsgərlərlə azad edəcəyik. Bəli, hər bir Azərbaycan əsgəri belə yenilməz güclü və qüdrətlidir. Erməni qəsbkarlarını məğlub etməyə, yurdumuzdan qovmağa qadirdir", - deyirəm. Elə buna görə də hərbçilərimiz bizim üçün doğma və əzizdirlər.
Torpaqlarımızın keşiyində dayanan əsgərlərlə söhbətdən ürəyim açılırdı, qəlbim iftixar hissi ilə dolurdu. Yurdumuzu erməni işğalçılarından göz bəbəyi kimi qoruyan əsgərlərdən biri də Murad Bayramovdur. Muradın xidmətinin xeyli hissəsi arxada qalıb. Bu müddət ərzində o, bir əsgər kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib, həmişə nümunəvi olmağa çalışıb. Xidmətinə məsuliyyətlə yanaşdığına görə məqsədinə, amalına çatıb. İnsan istəyinə yetişəndə həmişə xoş hisslər keçirir. İndi əsgər Murad Bayramov da bu hisslərin ağuşundaydı, çünki arzusuna çatmışdı.
Əsgər Murad Bayramov dedi ki, Vətənə xidmət etmək hər birimizin müqəddəs borcudur. “Bu borc təkcə əsgəri xidmətdə olduğumuz dövrlə tamamlanmır. Biz Vətən qarşısındakı övladlıq borcumuzu ömrümüz boyu özümüzlə daşımalıyıq. Deməli, həmişə əsgər kimi döyüşə hazır olmalı, yurdumuzu göz bəbəyimiz kimi qorumalıyıq. Bu, mənim üçün ən böyük iftixardır. Xidmətə çağırılandan sonra qısa müddət ərzində hərbi bilikləri dərindən mənimsəyib püxtələşdim. Günlər ötüb arxada qaldıqca bacarıqlı və bilikli bir əsgər oldum. Buna görə bizə təlim keçən təcrübəli zabitlərə minnətdaram. Bir əsgər, bir hərbçi kimi düşünürəm ki, bu gün qarşımızda mühüm vəzifələr dayanır. Ən böyük vəzifəmiz torpaqlarımızı işğaldan azad etməkdir. Buna nail olacaq, xalqımızı qələbə müjdəsi ilə sevindirəcəyik.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili qələbə inamı ilə qarşıladıq. Hər birimizin döyüş əzmi, qələbə ruhu bu inam üçündü. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacağıq. Biz qələbə sevincini qalib əsgər kimi yaşamaq istəyirik. Gələn Yeni ildə əsgərlərimiz işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər. Biz buna əminik!..”

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"