Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2019 10:48

“Birliyimiz əbədidir!” mövzusunda tədbir keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Birliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Xalqımızı birləşdirən dəyər: Milli birlik və həmrəylik" adlı məruzə ilə çıxış edərək bildirdi ki, milli birlik və həmrəylik hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. "Milli birliyə nail olmayan xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birlik milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, müstəqil dövlətçiliyini bərpa etmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin müraciəti nəzərə alınaraq, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu".
Muzey rəisi qeyd etdi ki, müstəqillik qazanıldıqdan sonra  əldə olunan nailiyyətlər sayəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. "Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz  ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün  əlimizdən gələni əsirgəməməliyik...”
Ehtiyatda olan polkovnik vurğuladı ki, son illər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi prosesində yeni mərhələ başladı.
Tədbirdə çıxış edənlər bu günün yaranma tarixindən, onun əhəmiyyətindən və bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdilər. Xüsusi vurğuladılar ki, Azərbaycan dövlətinin artan uğurları ölkəmizdə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində ordu quruculuğu sahəsində qazanılan uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam və inkişaf etdirilir.
Əlamətdar günə həsr olunmuş sənədli film tədbir iştirakçıları tərəfindən diqqətlə izlənildi.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin və respublikanın tanınmış müğənnilərinin ifalarından təşkil olunmuş bayram konserti ilə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"