Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2019 10:48

Hər günümüzü həmrəylik günü ovqatıyla yaşayacağıq

Eyni məfkurə ətrafında birlik mənəvi güc deməkdir. Azərbaycançılıq dünya azərbaycanlılarının mənəvi birliyini, bu birliyin dönməzliyini şərtləndirən amillərdəndir. 31 dekabr bu baxımdan "Mən azərbaycanlıyam!" - deyənlərin hər birinin ruhunun günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hərbi qulluqçular da azərbaycançılığı yaşatma bayramı bilir. Onlar Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa qadirdirlər.
"Azərbaycan Ordusu"

Leytenant Həsən Zayidov:
Orta məktəbin sonuncu sinfində oxuyan qonşumuz Rahimin hərbçi olmaq istədiyini bilirdim. Onunla həm də bu haqda söhbətlərimiz olmuşdu. Bu peşənin gərəkliyi haqqında Rahimdən eşitdiklərim mənim də peşə seçimimdə müstəsna rol oynadı. Həmin vaxta kimi həkim olmaq, insanların sağlamlığının keşiyini çəkmək istəyirdim. Bu söhbətlərdən sonra qəti qərara gəldim ki, əgər torpağın keşiyini çəkərəmsə, demək, insanların da keşiyini çəkərəm. Hərbçi olmaq arzuma valideynlərim xeyir-dua verdi. Orta təhsilimi başa vurandan sonra sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdim. Qəbul oldum. Kursant kimi qürurum yerə-göyə sığmırdı...
Eyni duyğuları Hərbi  and içəndə də yaşadım, leytenant rütbəsi alanda da. Həmin gün bir daha əmin oldum ki, hərbçi peşəsi olduqca gərəkli peşədir. Mən də bu gərəkli peşəmdə Vətənə xidmətə başladım.
Komandirlərimin tövsiyələrini kursant olaraq öyrəndiklərimin zəruri davamı bildim və xidmət edə-edə yenə öyrəndim. Əslində, bu proses yaxşı hərbçi olmaq üçün son dərəcə zəruridir və mən də bu zəruri amili hərbi xidmətim üçün başlıca şərtlərdən biri bildim. Onu da dərk etdim ki, öyrədə-öyrədə öyrənmək də gərəklidir. Qürurlanıram ki, təcrübəli zabitlərimizdən məsuliyyətlə öyrəndiklərimi əsgərlərimizə məsuliyyətlə aşılayıram...
Xidmət etdiyim hərbi hissələrdə təcrübəli zabitlərdən öyrənə-öyrənə, bu peşənin sirlərini daha dərindən mənimsəməyə başladıq. Eyni zamanda, əsgərləri öyrədə-öyrədə də öyrəndiklərimizi, bildiklərimizi daha etibarlı şəkildə dərinləşdirdik.
Ön xətdə xidmət edirəm. Bu, mənim üçün daha böyük qürurdur. Əsgərlərimiz yüksək döyüş əzminə, qələbə ruhuna malikdirlər.
2016-cı ilin Aprel döyüşlərində kursant idim. Biz də döyüşə getmək istərdik. Təbii ki, bizə ehtiyac olmayacaqdı. İndi zabitik. Ön xətdə xidmət edən zabit kimi, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcəyimiz döyüşlərdə mən də iştirak edəcəm. Mən də, digər zabit yoldaşlarım da, əsgərlərimiz də qəhrəmanlarımızın döyüş yolunu mərdliklə, əzmlə, əsl hərbçi qətiyyətiylə davam etdirəcəyik, əsgərlərimiz qalib əsgər kimi tərxis olunmaq istəyirlər.
Mən öz adımdan, zabit yoldaşlarımın adından, döyüş növbətçiliyi  aparan əsgərlərimizin adından  "Mən azərbaycanlıyam!" deyənlərin hamısını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, hərbçilərə xidmətlərində uğurlar arzulayıram.
Əminəm ki, yaxın vaxtlarda dövlət sərhədlərimiz daxilində səngər olmayacaq.

Baş gizir İlyas Qasımov:
Həqiqi hərbi xidmətimdən sonra mən də tərxis edildim. Az sonra dərk etdim ki, hərbi mundiri ancaq qələbə günündən sonra soyuna bilərəm. Yenidən hərbi xidmətə qayıtmağı qərara aldım. Müraciətim nəticəsiz qalmadı.  Sənədlərimi gizir hazırlığı kursuna verdim.
Ön xətdə xidmət edirəm. Etiraf edirəm ki, nümunəvi əsgər olanlar sonralar da nümunəvi xidmət edirlər, necə deyərlər, yaxşı əsgər olmusansa, yaxşı da gizir olacaqsan. Əsgər kimi xidmətimdə gizir  hazırlığı kursunda müəyyən hərbi biliklər öyrənmişdim. Gizir kimi xidmətə başlayanda zabitlərimizin, təcrübəli gizirlərimizin məsləhətlərindən də yüksək səviyyədə, həvəslə bəhrələndim. Hərbi xidmətimi böyük qürurla davam etdirirəm.
2016-cı ilin aprelində bizim hərbi hissə döyüşlərə cəlb edilmədi. Ali Baş Komandanın döyüş əmri torpaqlarımızın işğaldan tamamilə azad edilməsiylə nəticələnəcək. Biz bu əmri Böyük Qələbəylə tamamlayacağıq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər birimizin mənəvi-psixoloji hazırlığını şərtləndirən amillər sırasındadır.  Bu bayramın mahiyyəti azərbaycançılıqdır, dövlətçilikdir.  Biz də hərbi qulluqçu olaraq azərbaycançılığın, dövlətçiliyin əsgəriyik.
2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad  edilməsinin 100 illiyinə həsr olunmuş paradları izləyənlər  ordumuzun gücü haqqında daha geniş təəssüratlara malik oldular. Biz də fəxr edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. İnanırıq və əminik ki, sıralarında xidmət etdiyimiz ordu Ali Baş  Komandanın  döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hərbçilər də könül xoşluğu ilə qarşılayırlar. Azərbaycan Ordusunun hərbi qulluqçularını, mülki işçilərini, ümumən bütün azərbaycanlıları bayram münasibətilə təbrik edirəm. Əminəm ki, yaxın vaxtlarda qələbə münasibətilə təbrikləşəcəyik...

Əsgər Malik Rzayev:
 Valideynlərimizin, zabitlərimizin, ictimaiyyətin nümayəndələrinin iştirakıyla keçirilən təntənəli andiçmə mərasimini mən də heç zaman unutmayacam. Həmin günün sevincini indiyəcən yaşamaqdayam. Ön xətdə xidmət edirəm. Komandirlərim, təcrübəli  əsgər yoldaşlarım dəyərli tövsiyələr vermişdilər. İlk döyüş növbətçiliyimiz də yaddaşıma əbədi həkk olunub. Onu da xatırlayıram ki, həyəcanım bir anlıq oldu. Dərk etdim ki, düşmənlə üz-üzə dayanan əsgər həyəcanlanmamalıdı. Həyəcanım sovuşdu. Vətən kəlməsinin müqəddəsliyini həmin gün daha əhatəli şəkildə dərk etdim.
Hər birimiz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikik. Döyüş əzmimiz də yüksəkdir, qələbə ruhumuz da.  Bu əzm, bu ruh Ali Baş  Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqdır.
Bu yaxınlarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov yenə ön xətdə səngərlərdə əsgərlərlə söhbətləşdi, xidmətdə fərqlənənlərə qiymətli hədiyyə verdi. Mən də fəxr edirəm, qürurlanıram ki, fərqlənən, hədiyyə alan əsgərlərin sırasında mən də oldum. Bu hədiyyə mənim hərbi xidmətimdə, təbii ki, mühüm mənəvi amil oldu. Vətənimə daha məsuliyyətlə xidmət  edirəm, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcək əsgərlərin də sırasında olmaq istəyirəm. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün ən böyük bayramımız olacaq.
Azərbaycan Ordusunun şəxsi heyətini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, hər birinə xidmətində uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, məcburi köçkünlər gələn bayramı öz doğma ocaqlarında qeyd etsinlər.