Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2019 10:48

“Hərbi xidmət bizə həm də Vətəni necə qorumağı öyrədir”

Ön xətdə ezamiyyətdəyəm. Döyüş növbətçiliyi aparan əsgərlərimizlə, zabitlərimizlə söhbətləşirəm.
Zabit Vurğun Orucov deyir: "Tabeliyimizdə olan əsgərlərin hamısı Ali Baş Komandanın əmrini gözləyir ki, torpaqlarımızı işğalçılardan azad etmək üçün döyüşsünlər. Ocaqları doğma sakinlərinə həsrət qalıb. 2016-cı ilin Aprel döyüşlərində və Günnüt zəfərində olduğu kimi, qələbə qazanacağıq. Buna tam əminəm."
Sonra zabit son illər orduda həyata keçirilən irimiqyaslı islahatlardan, tikinti-abadlıq işlərindən söhbət açaraq deyir ki, görülən tədbirlər Ali Baş Komandanımızın orduya verdiyi önəmin təzahürüdür. Həqiqətən də, bölmənin yeni tikililəri diqqətimizi uzaqdan çəkmişdi. Bölmədə ən müasir məişət şəraitinin yaradıldığından qürur duyuruq. Belə yüksək şərait ordu quruculuğunun uğurudur.
...Səngərlərə gedirik, müşahidə postlarında döyüş növbəsində dayanan əsgərlərlə görüşürük.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Arzu Əliyev Qarabağ müharibəsini, doğma yurd-yuvasından didərgin düşən, amansızcasına qətlə yetirilən həmvətənlərimizi heç zaman unutmadığını, qisas hissi ilə alışıb yandığını bildirərək deyir ki, o vaxtlar uşaq yaşlarında olsam da, həmin dövrü xatırlaya bilirəm. "Həmin illərdə könüllü olaraq cəbhəyə gedənlərin silahına, hərbi formasına həsədlə baxırdım. Fikirləşirdim ki, böyüyəndə mən də onlara oxşayacam. Beş ildən çoxdur ki, şərəfli peşə sahiblərinin sırasındayam, məqsədim, amalım Vətənimizin ərazi bütövlüyünün təmin edilməsində döyüşəcək əsgərlərin sırasında olmaqdır. Düşmənlərimiz döyüşlərdə gücümüzü gördülər, nəyə qadir olduğumuzu anladılar. Biz öz ata-baba torpaqlarımızı azad edəcəyik. Qələbə də bizim olacaq".
Arzunun qətiyyətini şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksək olmasını Böyük Qələbəyə inam bilirəm.
Əsgər Murad Qasımzadə deyir: "Düşmənlə təmas xəttində xidmət etmək məsuliyyətimizi daha da artırır. Düşmən atəşkəsi tez-tez pozur və cavab atəşimizlə susdurulur. Döyüş növbətçiliyini ayıq-sayıq aparırıq. Vətənimizin keşiyində inamla və qürurla dayanmışıq".
Həmsöhbət olduğumuz hər bir əsgərin Vətənə bağlılığını, sonsuz sevgi bəslədiyini duyuruq. Onların inamlı xidməti ordumuzun güc və qüdrətini daha da artırır, bizi Böyük Qələbəyə yaxınlaşdırır... Əsgər Mirhafiz Bağırzadə ordu həyatında yaddaqalan günlərindən danışır, səngərli günləri heç vaxt unutmayacağını bildirir. "Burada keçirdiyim hər gün mənalı və yaddaqalandır. Çünki səngər həyatı unudulmazdır, səngərdə dayanmaq ikiqat qürurlu xidmətdir. Torpaqlarımızı qoruyuruq, bir çox üstün keyfiyyətlər qazanırıq. Bütün əsgərlər adından əminliklə deyirəm ki, bizə güvənən xalqımıza Böyük Qələbənin sevincini yaşatmaq üçün Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq".
Səngər əsl həyat məktəbidir, burada əsgərlər cəmiyyətimiz üçün gərəkli vətəndaş kimi formalaşırlar. Hərbi xidmətlərini başa vurandan sonra da istənilən anda Vətənin çağırışına hazırdırlar. Aprel döyüşlərində də bunun şahidi olduq. Müxtəlif bölgələrdən olan yüzlərlə gənc döyüşmək üçün komandanlığa müracət etmişdi. Buna ehtiyac olmamışdı - ordumuzun şəxsi heyəti qarşıya qoyulan istənilən mühüm tapşırığı uğurla yerinə yetirməyə qadirdir.
Əsgər Hilal Ağayev yaradılan şəraitdən və komandirlərin qayğıkeşliyindən danışır. "Onların  sayəsində hərbi xidmətin sirlərinə alışırıq, ən başlıcası Vətənimizi qorumağı öyrənirik. Torpaqlarımızın keşiyində dayananda bizdən arxada, evlərdə yanan işıqları düşünürük. O işıqların yanmasında, insanların əmin-arxayın yaşamasında bizim zəhmətimizin, əməyimizin olduğunu, bizə güvəndiklərini fikirləşəndə qürurlanırıq. Onların bu güvənci ruh yüksəkliyimizi daha da artırır."
Təsərrüfat qayğılarıyla məşğul olan insanlar əsgərlərə güvənirlər. Xalqımızın orduya güvənci böyükdür. Bu inam, etimad hər bir əsgər və zabitimizə könül xoşluğu verir. Hamısının amalı birdir - işğalda olan torpaqlarımızı düşməndən azad etmək.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR