Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

“Hər bir əsgər hazırlıqlı olmalıdır”

Bu gün ordumuzun şəxsi heyətinin döyüş qabiliyyətinin artırılmasında idmanın rolu böyükdür. Hər bir əsgərin fiziki hazırlığı onun hərbi vərdişləri hansı səviyyədə mənimsədiyinin  göstəricisi kimi qəbul olunur. Hərbi qulluqçuların fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılmaqla, ordu-idman əlaqələrinin möhkəmlənməsi önə çəkilir. Hərbi hissələrimizin maddi-texniki təminatında ən müasir idman avadanlıqları, qurğuları yer alır. Yeni tikilən hərbi şəhərciklərin ərazilərində idman meydançaları salınır və həmin avadanlıqlar, qurğular orada quraşdırılıb şəxsi heyətin istifadəsinə verilir.
Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində də geniş, müasir idman meydançası tikilib. Burada şəxsi heyətin fiziki hazırlığı üçün hər bir şərait yaradılıb. Onların fiziki hazırlıq saatında məşq etməsi üçün ayrılan idman meydançası lazımi avadanlıqlarla təchiz olunub. Biz hərbi hissədə olarkən şəxsi heyətin digər hazırlıqları ilə yanaşı, fiziki hazırlığı ilə də maraqlanırıq. Öyrənirik ki, şəxsi heyət fiziki hazırlıq dərsindədir.
Əsgərlər meydançada yerləşdirilmiş müasir idman qurğularında - paralel  qollarda və turnikdə fiziki hazırlıqlarını artırmaqla məşğul idilər. Şəxsi heyət verilən tapşırıqları məharətlə, yorulmadan yerinə yetirir, cəld, çevik hərəkətlərlə idman vərdişlərini artırırdılar.
Şəxsi heyətə fiziki hazırlıq dərsini baş leytenant Ziya Quliyev keçirdi. Döyüş hazırlığında idmanın vacib olduğunu  deyən gənc zabit bildirdi ki, fiziki hazırlıqlı əsgər təlimlərdə verilən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələcək. "Əgər əsgər daima idmanla məşğul olarsa, deməli, o istənilən təlim və məşğələlərdə döyüş tapşırıqlarını lazımi səviyyədə yerinə yetirə bilər. İllərdir qazandığımız təcrübə bunu deməyə əsas verir. Bölmədə peşəkar idmançı əsgərlər xidmət edirlər. Bu əsgərlər təlim-məşq toplanışları zamanı xüsusi fəallıqları ilə seçilirlər. Bir sözlə, demək istəyirəm ki, fiziki cəhətdən möhkəm olan əsgər yüksək döyüş hazırlığına malikdir. Hər bir əsgər hazırlıqlı olmalıdır."
"Ümumiyyətlə, əsgərlərimiz fiziki hazırlıq dərslərində daha çox hansı idman şərtlərini yerinə yetirməklə məşğul olurlar?" sualımızı zabit Ziya Quliyev cavablandıraraq dedi: "Şəxsi heyət hazırlıq prosesində tələb olunan normativləri yerinə yetirməyə çalışır. Onlar əsasən, turnikdə dartınaraq əzələlərini möhkəmləndirməklə, paralel qollarda güclərini sınamaqla idman vərdişlərinə yiyələnirlər. Ordumuzda yüksək fiziki  hazırlığa malik əsgərlərimiz çoxdur. Onlar orduda keçirilən hərbi idman oyunlarına cəlb olunur, yarışlarda fəal iştirak edir,  yüksək nəticələr qazanırlar. Əlbəttə, əldə olunan qələbələr hərbi hissəmizin adına yazılan uğurlardır."
Şəxsi heyətin fiziki hazırlıq saatını biz də maraqla izlədik. Hazırlıqlı əsgərlərdən Elmir Hüseynov, Səməd Ağazadə, Elşən Cəfərov, Elçin Batayev komandirin bugünkü dərsdə nəzərdə tutduğu normativləri uğurla yerinə yetirdilər.
Əminliklə deyə bilərik ki,  ordu idmanına göstərilən yüksək diqqət və qayğı hərbi qulluqçularımızın fiziki hazırlığının  lazımi səviyyədə olmasının bariz nümunəsidir. Unutmayaq ki, bu gün idmanda qazanılan qələbə sabah döyüşdə reallaşacaq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR