Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

Vətənə, xalqa sevgi ilə xidmət edirik!

Müasir standartlar əsasında formalaşan Azərbaycan Ordusu təkcə silah-sursat, texnika baxımından deyil, həmçinin şəxsi heyətin döyüş ruhuna görə də dünya ordularından fərqlənir. Uzağa getmək lazım deyil. Aprel döyüşlərində düşmənin təxribatının qarşısını almaqla kifayətlənməyən vətənpərvər oğullarımız mühüm strateji əhəmiyyətə malik yüksəklikləri düşməndən azad etdi. Qısa müddət ərzində və gücünün cüzi hissəsindən istifadə etməklə Azərbaycan Ordusu şanlı tarix yazdı. Qazanılan qələbə ordumuzda döyüş ruhunun, vətənpərvərlik ruhunun yüksək olduğunun göstəricisi idi. Bu gün ordu sıralarında xidmət edən əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, habelə onların vətənpərvər ruhda tərbiyə olunmaları ordu rəhbərliyinin diqqət mərkəzində olan və komandir heyətinin üzərinə düşən vacib missiyalardan biridir.
"N" hərbi hissəsində leytenant Vüsal Allahverdiyevin rəhbərliyi altında ictimai-siyasi hazırlıq məşğələsində iştirak etdik. İlk öncə sinif otağı diqqətimizi cəlb etdi. Geniş sinif otağının divarında məlumat tabloları asılıb, əsgərlərin mütaliəsi üçün kitab guşəsi yaradılıb. Dərs prosesini yaxından izlədikcə, şəxsi heyətin məlumatlı və dünyagörüşünün kifayət qədər olması diqqətimizdən qaçmadı. Məşğələ başa çatdıqdan sonra dərsin rəhbəri leytenant Vüsal Allahverdiyev ilə kəlmələşdik. "Ordu sıralarında xidmət edən gənclərimizin ölkəmizin tarixini bilmələri, Vətənimizin yetişdirdiyi dahi şəxsiyyətlərin, qəhrəman oğulların həyat yolu ilə tanış olmaları, şəxsi heyətin vəzifə borclarını öyrənmələri və dərk etmələri məqsədilə ictimai-siyasi hazırlıq dərsləri keçirilir. İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri şəxsi heyətin döyüşə mənəvi-psixoloji cəhətdən hazır olmaları işində məsul şəxslərdir. Qədim dövrdən saysız-hesabsız qəhrəmanlar yetişdirmiş məmləkətimizin bugünkü gənclərinin də ataları kimi vətənpərvər ruhda böyüməsi prosesində komandir olaraq hər birimizin üzərinə vətəndaşlıq borcu düşür. Keçirilən dərslər əsgərlərin həm döyüş ruhuna, həm də mənəvi-psixoloji hazırlığına müsbət təsir edir.”
Baş gizir Hafiz Yusifov da ictimai-siyasi hazırlığın vacibliyini vurğuladı. "Hər bir ölkənin taleyi onun gənclərindən asılıdır. Gələcəyimizin memarı olan gənclərimizin intellektual potensialı ölkənin inkişafında, onun çiçəklənməsində mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Bu gün də ordu sıralarında xidmət edən gənc əsgərlərimiz ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması və inkişaf mərhələləri, vətənpərvərlik və qəhrəmanlıq nümunələri olan soydaşlarımız barəsində informasiya bazalarını möhkəmləndirərək "Vətənə sevgi, düşmənə nifrət" hissi ilə xidmət edirlər. Keçirilən dərslərdə əsgərlərimizə milli-mənəvi dəyərlərə, dövlət və dövlətçiliyə sədaqət hissi aşılanır. Bu səbəbdən ideoloji işin tərkib hissələrindən olan ictimai-siyasi hazırlıq dərsinin önəmi çox böyükdür".
Əsgər İlyas Qədirov “Ölkəsinin tarixini bilməyən insan nə uğrunda mübarizə apara bilər ki?” - deyə bizimlə söhbətə başladı. "Öz tarixini bilməyən, ata-babalarımızın bir qarış torpaq uğrunda apardığı mübarizədən xəbəri olmayan biri vətənpərvər ola bilməz. Biz məsuliyyətli vəzifəni yerinə yetirdiyimizin fərqindəyik. Bizə miras qalan torpaq uğrunda döyüşməyə və qalib gəlməyə hər an hazırıq. Komandirlərimizin bizə öyrətdiklərini dərindən mənimsəyir, hərbi biliklərimizi daim artırırıq".
Əsgər Rza Rzazadə ictimai-siyasi hazırlıq dərsindən qazandıqları və öyrəndikləri barədə fikirlərini bizimlə bölüşdü. "Hərbi intizamın möhkəmləndirilməsində, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətlərin qazanılmasında ictimai-siyasi hazırlıq dərsinin böyük önəmi var. Keçirilən məşğələlərdə xalqımızın və dövlətimizin uzaq və yaxın keçmişi haqqında məlumat bazamızı möhkəmləndirir, hərbi xidmət zamanı üzərimizə düşən vəzifə borclarımızı yaddaşımıza həkk edirik. Həmçinin ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması, bugünkü gücü ilə bağlı zəruri məlumatlar öyrənirik".
Əsgər Murad Məmmədli hərbi hissədə yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. "Hərbi hissədə xidmətimizin təşkili üçün istənilən şərait yaradılıb. Asudə vaxtlarımızın səmərəli keçirilməsi üçün mütaliə edir, "Azərbaycan Ordusu" qəzeti və "Hərbi bilik" jurnalında dərc olunan məqalələri həvəslə oxuyuruq. Növbədə olarkən üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, xidməti düzgün aparırıq. Komandirlərimizin tapşırıqlarının və vəzifələrimizin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik".
Həmsöhbət olduğum əsgərlərimizin dediklərindən sonra bir daha əmin oldum ki, Azərbaycan əsgəri döyüşə həm təcrübə baxımından, həm də mənəvi-psixoloji cəhətdən hazırdır. Onların hər biri Vətənə, xalqa sevgi ilə xidmət edir, müqəddəs vəzifələrini yerini yetirirlər.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"