Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

“Vətənə xidmətdən qürur duyuram”

Yadıma nə vaxtsa oxuduğum bir kəlam düşdü: "Hər insan həyatı bir kitabdır. Açılmamış, oxunmamış və vərəqlənməmiş bir kitab". Həqiqətən elədir. İnsan ömrü kitablara çox oxşayır. Nə qədər ki, tanış olub söhbət etməmisən, həmin insanın ömür yollarından xəbərsiz olursan. Elə ki, tanıdın, söhbətləşdin, həmin şəxsin həyat yolu qarşında kitab kimi açılıb vərəqlənir.
Ön xətdə tanış olduğum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elçin Talıbovun həyatı da sanki bir kitabdır. Özü də bənzərsiz bir kitab. Elçin Zəngilan rayonunun Həkəri kəndində dünyaya göz açıb. Ermənilər Həkərini işğal edəndə Elçin ikinci sinifdə oxuyurmuş.
- O günləri güclə xatırlayıram, - baş çavuş ötüb-keçənlərdən ürək ağrısı ilə danışdı. - Onda doqquz yaşım var idi. Yadıma gəlir ki, hamı kimi biz də Araz çayından İran İslam Respublikasının ərazisinə çox çətinliklə keçdik. Ağır, gərgin və keşməkeşli günlər yaşadıq. Orta təhsilimi başa vurub Azərbaycan Beynəlxalq Universitetinə daxil oldum. Sonra hərbi xidmətə çağırıldım. Ordu sıralarından tərxis olunandan sonra tikintidə ixtisasıma uyğun işləsəm də, vətənpərvərlik hissləri məni çəkib ordu sıralarına gətirdi. Xeyli müddətdir xidmətdəyəm. Çoxdan bəridir zabit olmaq arzusu ilə yaşayıram. İstəyimi reallaşdırmaq üçün bu yaxınlarda qəbul kursuna üz tutdum. Təəssüf ki, sınaqlardan keçə bilmədim. Zabit olmaq üçün hazırlığımı daha da artırmalıyam. Sınaqdan keçməsəm də, həvəsdən, ruhdan düşməmişəm. Yenə də oxuyuram, məşqlərdən qalmıram. Ümid edirəm ki, yaxın vaxtlarda zabit olub, arzuma çatacam. Dünyaya göz açdığım Həkəri kəndinə dayandığım səngər çox da uzaqda deyil. İllərdir doğma ocaqlarımızın həsrətini çəkə-çəkə yaşayırıq. Günlərin birində dədə-baba yurduna qayıdacağımıza inanırıq. Əmim Elmdar Abışov birinci Qarabağ müharibəsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Dayılarım da vuruşublar. Bu gün mən hərbi xidmətdəyəm. Doğmalarımın şərəfli döyüş yollarını davam etdirirəm. Qürurlanıram ki, ordumuz əvvəlki illərdəki ordu deyil. İndi güclü və qüdrətliyik. Biz bu gün təkcə silahlarla deyil, həm də düşmənə nifrətlə, qisas hissi ilə silahlanmışıq. Döyüş və mənəvi-psixoloji hazırlığımız yüksək səviyyədədir. İnanıram ki, bu güclə, bu hazırlıqla torpaqlarımızı tez bir zamanda işğaldan azad edəcəyik. İllərdən bəri həsrətində olduğumuz doğma ocaqlar bizi isti qoynuna alacaq.
Baş çavuş Elçin Talıbov danışdıqca diqqət yetirirdim: baxışları Həkəriyə sarıydı...

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"