Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

“Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiya uğurla başa çatıb

Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin keşikçisi olan ümummilli liderimiz Heydər Əliyev xalqımızın bu günə qədər yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın mühüm atributu kimi dəyərləndirirdi. Bütün dövrlərdə Ulu Öndər xalqına qarşı olan dərin sevgisini açıq şəkildə nümayiş etdirirdi. Dövlətçiliyimizin ən ağır dönəmlərində Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı, xalqımızı işıqlı gələcəyə ruhlandırmışdı. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atan Ulu Öndərin uğurlu siyasəti bu gün də ölkəmizin gücünə güc qatır. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq arenada mətin addımlarla irəliləyir.
Xalqımız ağır günündə onun müdafiəsinə qalxan igidləri unutmadığı üçün ümummilli lider Heydər Əliyevi daim qəlbində yaşadır, doğum və anım günlərində onu yad etməyi özünə mənəvi borc bilir.
Ötən illərdə olduğu kimi, bu il də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfat etməsinin 16-cı ildönümünə həsr edilən respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan "Şahdağ" (4243 m) və "Heydər Əliyev" (3763 m) zirvələrinə "Əbədiyaşar Ali Baş Komandan" adlı ekspedisiya təşkil olunub. Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli və baş leytenant Əhliman Qocayev zirvələrdə Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin şanlı bayraqlarını dalğalandırıblar.
Ekspedisiyadan qayıdan zabitlər redaksiyamızın qonağı oldular, təəssüratlarını bizimlə bölüşdülər. Hərbi Hava Qüvvələrinin zabiti polkovnik-leytenant Zal Nəbiyev bildirdi ki, ekspedisiya nə qədər çətin olsa da, Ümummilli Liderimizin anım gününə həsr olunması onu bir o qədər də əhəmiyyətli edirdi.
- Ekspedisiya zamanı hava şəraitinin əlverişli olması qarşıya qoyulan tapşırığın uğurla başa çatmasında vacib rol oynayırdı. Hava şəraitinin pis olması, ekspedisiyanın arzuolunmayan nəticə ilə yekunlaşmasına gətirib çıxara bilərdi. Ekspedisiyanın hər bir üzvü nəzərdə tutulan zirvəni fəth etməzdən əvvəl istənilən ekstremal şəraitə, aşağı temperatura, güclü qar yağıntısına, qatı dumana və qar uçqunlarına hazır olmalıdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi biz istənilən ekstremal şəraitə hazır idik. Hərbçi olaraq bütün təhlükəni gözə alıb, addım-addım məqsədə doğru irəliləyirdik. Şükürlər olsun ki, bu dəfə də təbiət bizim tərəfimizdə idi. Ulu Öndərimizin cismani yoxluğunun 16-cı ildönümündə "Heydər Əliyev" zirvəsinə qalxmaq çox qürurverici idi. Hansı hissləri keçirdiyimizi sözlə izah etmək bir az çətindir. Zirvədə müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin ruhu qarşısında işğal altında olan torpaqlarımızın azadlığı uğrunda əlimizdən gələni əsirgəməyəcəyimizi bir daha söz verdik.
Ekspedisiyadan danışan baş leytenant Ülvi Məmmədli dedi ki, dekabrın 11-də Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə yola düşdük. “Qızıl Qaya” massivinin 3000 metr hündürlüyündə düşərgə qurduq. Burada bizə lazım olan bütün əşya və ləvazimatlarımızı yerləşdirdik. Qarşımızda yalnız bir vəzifə dayanırdı: "Əbədiyaşar Ali Baş Komandan" adlı ekspedisiyanı uğurla başa çatdırmaq. Havanın soyuq, yamacların qarlı və sürüşkən olması tapşırığı daha da çətinləşdirirdi. Ancaq bunlar bizə əngəl törədə bilməzdi. Hər birimiz məqsədə doğru əzmkarlıqla irəliləyirdik. Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını şərəflə zirvədə dalğalandırmağa hazır idik. İlk istirahət məntəqəmiz 3500 m hündürlükdə yerləşən "Qızıl Qaya" massivində oldu. Bir saatlıq fasilədən sonra yolumuza davam etdik. Qarşıda bizi "Heydər Əliyev" zirvəsi gözləyirdi. Zirvəyə çatanda hər birimizin yorğunluğu və gərginliyi bir anda yoxa çıxdı. Hava günəşli olsa da, küləkliydi. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin barelyefi önündə bir neçə dəqiqəlik anım bizi gözləyən ən böyük mükafat idi."
Qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldikdən sonra hərbçi alpinistlərimiz düşərgəyə geri döndülər. Günlərdir davam edən hazırlıq prosesi öz bəhrəsini vermişdi.
- Azərbaycan Respublikasının güc strukturları arasında ilk qış ekspedisiyasını uğurla yerinə yetirdiyimiz üçün çox qürurluyduq, - deyə baş leytenant Ülvi Məmmədli söhbətinə davam etdi. - Qeyd edim ki, bu zirvəyə indiyə qədər ancaq yay aylarında ekspedisiya təşkil olunurdu. Bu zirvəyə yaz, yay və payız fəsillərində qalxmağımız da köməyimizə gəldi. Qışda burada hərəkət etmək alpinistdən həm psixoloji, həm də yüksək fiziki hazırlıq tələb edir. Bütün bunlar bizi daha diqqətli və məsuliyyətli olmağa səsləyirdi. Həm də unutmamalıyıq ki, alpinizm zarafatı sevmir. Etiraf edim ki, travers çətin idi. Ancaq eskpedisiya iştirakçıları arasında olan birlik hər şeyin öhdəsindən gəlməyə yardımçı oldu. Hazırlıq prosesi zamanı birinci dəfə ekspedisiyaya qatılan baş leytenant Əhliman Qocayevi, ilk növbədə, psixoloji cəhətdən rastlaşa biləcəyimiz çətinliklərə hazırladıq. Bu zaman video görüntülərdən, şəkillərdən və əlaltı vasitələrdən istifadə etdik. Polkovnik-leytenant Zal Nəbiyevin əvvəlcədən yetərincə bilik və təcrübəsi olduğu üçün onu hazırlamaq çətin olmadı. Yekunda eskpedisiyanın bütün üzvləri "Heydər Əliyev" zirvəsini fəth etməyə hazır idi.
Növbəti il üçün planlarından danışan zabitlər Z.Nəbiyev və Ü.Məmmədli bildirdilər ki, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırmaq, Dövlət himnini səsləndirmək, ordumuzun şan-şöhrətini bundan sonra da dünyaya yaymaq hər birimiz üçün müqəddəs və şərəfli vəzifədir.
- Torpaqlarımızın işğal altında olduğu bir vaxtda hər birimiz fəaliyyət göstərdiyi sahədə müsbət nailiyyətlər əldə etməyə çalışmalıyıq, - deyə polkovnik-leytenant Zal Nəbiyev sözünə davam etdi. - Çünki istənilən sahədə əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır. İnanırıq ki, Azərbaycan əsgəri tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək, xalqımıza qələbə sevinci yaşadacaq.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"