Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Suallar:
1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.
2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

 

 

Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti

 

 Azərbaycan xalqının formalaşması dahi, uzaqgörən övladlarının ideyalarının və əməllərinin bilavasitə nəticəsidir. Azərbaycanın dövlətçilik ənənələri, elmi, mədəniyyəti, incəsənəti onların təfəkkürünün, qəhrəmanlıqlarının əməyinin və yaradıcılığının məhsuludur. Məhz bunların sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini verib, dövlətçiliyini yaradaraq qoruyub saxlayıb, müasir dünyanın bir hissəsinə çevrilib. Artıq Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutur, inkişaf etmiş dövlətlər sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyir. Müstəqil Azərbaycan Respublikasının bu yolda inam və qətiyyətlə irəliləməsinin səbəbkarı ümummilli lider Heydər Əliyevdir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir ki, bunun da ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu vardır. Eyni zamanda, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin və digər ölkələrə göndərilir. Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Son illərdə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır.
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Ən inkarçı mövqedə dayanan qüvvələr və fərdlər də artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması və hərbi xərclərin ilbəil artması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdir: "Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması dövlət siyasətimizin təzahürü, bizim prioritetimizdir. Son  illər ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu silahların, texnikaların bir hissəsi ictimaiyyətə nümayiş etdirilmişdir. Bu gün daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. Bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnikalar alınır və müasirləşmə prosesi daim aparılır. Görülən bütün bu işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıbdır. Azərbaycanda ən müasir texnika istehsal olunur. Gələcəkdə bizim bu sahədə planlarımız çox genişdir və böyükdür. İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və edəcəkdir".
Ermənistan tərəfi müxtəlif yollarla, hətta öz ölkəsində terror törətməklə danışıqlar prosesini dəfələrlə pozmuşdur. Buna baxmayaraq, biz daim konstruktivlik nümayiş etdirərək çalışmışıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ sülh yolu ilə həll olunsun və beləliklə, bölgədə sülh, əməkdaşlıq yaransın. O da həqiqətdir və biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcəkdir, biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə edirik, edəcəyik və bu sahədə uğurlara nail olmuşuq, sadəcə olaraq, ona görə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə gedən proseslərə ən ciddi mənfi təsir edən amildir. Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır və gündən-günə yaşayış səviyyəsi yaxşılaşır. Bizim maliyyə imkanlarımız genişlənir və heç kimin yardımından asılı deyilik. Belə olan halda gələcəkdə də, Ermənistan ilə Azərbaycan arasında iqtisadi sahədə və ordu quruculuğundakı fərq daha da böyüyəcəkdir. Azərbaycanda əhalinin sayı ildən-ilə artdığı halda,  Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, köçüb gedənlərin sayı artır, hətta təmas xəttində belə canlı qüvvə çatışmır. Canlı qüvvələrinin Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməzliyini də nəzərə alsaq, üstünlüyün bizim tərəfimizdə olmasını heç kim inkar edə bilməz. Bizim maraqlarımızı heç kim kənara qoya bilməz və müəyyən mənada bizə qarşı təcridetmə planları baş tuta bilməz. Bundan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik və bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu əməkdaşlığın əsas amili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hələ ki, biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların həm vaxtuzatma, həm də beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərik ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına göz yumurlar. Ermənistan tərəfdən danışıqları pozmaq cəhdlərinə bəraət qazandırılması bizi çox narahat edir, çünki beynəlxalq aləm heç olmasa öz qərarlarına hörmət etməlidir. Bu olanlara rəğmən Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar inamlı və uğurludur.

 

 

Hərbi hissə və birləşmələrin əsas vəzifələri



Azərbaycanda ordu quruculugu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı  və qayğısı ilə aparılmaqdadır. Bu mühüm iş şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi dərindən öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində işlər uğurla davam etdirilir. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülərək islahatlar aparılır.
Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu təsdiq edir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində  Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 
Aprel döyüşləri və Naxçıvandakı uğurlu əməliyyatlar bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir. Bu gün ordumuz istənilən vaxt işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir və komanda-qərargah hərb oyunları, taktiki təlimlər bunun əyani sübutudur. Bu gün ərazi bütövlüyümüzə qarşı yönəldilən hər hansı təcavüzə layiqli cavab verməyə qadir və Vətənin maraqlarını şərəflə qoruyan Azərbaycan əsgəri var.
Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu yaddan çıxarmamalıdır ki, bu gün ərazi bütövlüyümüz bərpa olunmayıb və torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır. Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır və hərbi qüdrətini yüksəldir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirərək, hər an öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hazır olmalıyıq. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olmağı tələb edir. Bunun üçün isə Azərbaycan Ordusunun qarşısında 2020-ci tədris ilində aşağıdakı əsas vəzifələr qoyulmuşdur:
- 2019-cu tədris ilində döyüş və mənəvi-psixoloji hazırlıqda əldə olunmuş nəticələrlə kifayətlənməmək, döyüş hazırlığını daha da təkmilləşdirmək, şəxsi heyətin döyüş ruhunu  yüksək səviyyədə saxlamaq;
- birlik, birləşmə və hərbi hissələrdə hərbi intizamı daha da möhkəmləndirmək;
- şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək, onlarda Hərbi anda, Vətənə, xalqa sədaqət hissləri aşılamaq və gücləndirmək;
- hərbi kollektivləri dostluq və əsgəri yoldaşlıq ruhunda tərbiyə etmək.
Bu gün Azərbaycan Ordusunun qarşısında torpaqlarımızı azad etmək üçün hər an döyüşə hazır olmaq vəzifəsi dayanır. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır. Azərbaycan əsgəri bu döyüşlərdə tarixi qələbələr əldə etməklə nəyə qadir olduğunu bir daha sübut edəcəkdir.
Qeyd: İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu şərh edərkən hərbi hissənin, öz bölməsinin 2019-cu tədris ilində döyüş və ictimai-siyasi hazırlığında qazandığı nəticələri bir daha dinləyicilərin nəzərinə çatdırmalı, 2020-ci tədris ilində hərbi hissənin, bölmənin qarşısına qoyulmuş tapşırıqların çatdırılmasına və izah edilməsinə xüsusi diqqət yetirməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi