Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

“Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir”

Ön xətdə yerləşən hərbi hissələrimizdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə təşkil olunub. Həqiqətdir ki, yüksək mənəvi-psixoloji hazırlığa malik şəxsi heyət qələbəmizin təminatçısıdır.
Yüksək səviyyədə və ən müasir standartlara uyğun tikilib istifadəyə verilən hərbi şəhərciklərimizdə şəxsi heyətin hərtərəfli hazırlığı, o cümlədən mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində görülən mühüm işlər göz önündədir. Məlumdur ki, zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının artırılmasında ideoloji iş mühüm rol oynayır. Bu gün hər bir hərbi hissədə geniş, işıqlı, ekspozisiya quruluşu zəngin olan ideoloji otaqlar mövcuddur.
Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində də hərbçilərimizin ictimai-siyasi hazırlığının artırılması məqsədilə hərtərəfli şərait yaradılıb. Burada yüksək tərtibatlı ideoloji otaq hərbi qulluqçularımızın istifadəsindədir. Otağın tərtibat zənginliyi diqqətimizi çəkir. Ədəbiyyat bölməsi ilə yaxından tanış oluruq. Bölmədə ümummilli lider Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müasir ordu quruculuğuna verdiyi töhfələrdən bəhs edən kitablar yer alıb.
Hərbi hissənin zabiti Rail Ağayev şəxsi heyətin ictimai-siyasi hazırlığından söz açdı və mükəmməl tərtibata malik olan otaqların şəxsi heyətin istifadəsinə verilməsini yüksək qiymətləndirdi.
"Şəxsi heyətə ictimai-siyasi hazırlıqlarını artırmaq məqsədilə mütəmadi dərslər keçirilir, ölkədə ordu quruculuğu prosesinin günü-gündən möhkəmlənməsi məsələləri barədə məlumatlar çatdırılır. İctimai-siyasi hazırlıq dərslərində müasir Azərbaycan Ordusunun banisi ümummilli lider Heydər Əliyev irsinin dərindən öyrənilməsinə geniş yer ayrılır və bu mövzuda bilgilərin artırılması böyük əhəmiyyət kəsb edir. Ulu Öndərin sovet və müstəqillik dövründə ordu quruculuğu fəaliyyəti haqqında bilgilər, eyni zamanda, onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin respublikamızın müdafiə qüdrətinin gücləndirilməsinə göstərdiyi əsas diqqət və qayğısı barədə məlumatlar şəxsi heyətə ətraflı çatdırılır. İctimai-siyasi hazırlıq dərsləri nəzəri və təcrübi yolla həyata keçirilir."
Otaqda ilk diqqətimizi çəkən ulu öndər Heydər Əliyevin portreti və lövhədə əks olunan "Ordu quruculuğu işində qarşıda duran vəzifələri layiqincə yerinə yetirməliyik. Möhkəm, daim sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir. Bu sözləri həyata keçirmək, buna nail olmaq üçün müstəqilliyimizi həmişə qoruya bilən güclü ordumuz olmalıdır" kəlamı oldu.
Digər lövhədə Prezident, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır" dediyi fikirlər yer alıb. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgələrinə səfərlərini əks etdirən fotoşəkillərdən ibarət ayrıca guşə də yaradılıb. Lövhələrdə Azərbaycan Ordusu və dövlət atributlarımızın (bayraq, himn, gerb) yaranma tarixindən qısa məlumatlar verilib. Həmçinin "Qan yaddaşımız" başlığı altında erməni təcavüzü - azərbaycanlıların soyqırımı, deportasiyası tarixləri xronoloji ardıcıllıqla göstərilib. Qəhrəmanlıq tariximizdən Azərbaycan hökmdarlarının və sərkərdələrinin fotoşəkilləri stendlərdə yerləşdirilib. "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" başlıqlı lövhədə müxtəlif vaxtlarda ordu rəhbərliyinin cəbhə bölgələrində əsgər və zabitlərimizlə görüşlərinin fotoşəkilləri əks olunub.
Baş leytenant Ziya Quliyev şəxsi heyətə "Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" adlı mövzunu elan etdi. Zabit mövzuya başlamazdan öncə Azərbaycan Ordusunun tarixindən, Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan vəhşiliyindən, müstəqillikdən sonra ordumuzun formalaşması və müasirləşməsi dövründən - ümummilli lider Heydər Əliyevin ordu quruculuğu fəaliyyətindən qısa məlumatları çatdırdı və Ulu Öndərin irsinin öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Bəzi mövzuların şərh, söhbət metodu ilə aparıldığını deyən zabit Ziya Quliyev Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatları nəticəsində qazandığı Aprel və Günnüt zəfərlərindən də söz açdı. "Qazanılan bu qələbələr göstərdi ki, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji  hazırlığı yüksək səviyyədədir. Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir. Düşmən qarşımızda dayana bilmədi. Yalnız qaçmaqla canını qurtardı. Biz erməni işğalçılarının tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın "Döyüş" əmrinə hər an hazırıq. Dərslərdə xüsusi fəallığı ilə seçilən əsgərlərdən İlham Hacıyev, Azər Mirzəyev, Teymur Abdullazadə, Fərid Məmmədov, Seymur Abdullazadə və başqaları Aprel döyüşlərində şəhid olan  hərbi qulluqçularımızın Vətən, torpaq  uğrunda döyüşünü bir daha təkrarlamağa qadirdirlər."

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
Foto C.CƏFƏROVUNDUR