Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

Döyüş hazırlığı məşğələlərdə artırılır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət xüsusi ayrılmış sahədə döyüş hazırlığı məşğələsi keçirdi. Gizir Elvin Canaliyev minaatan qurğusu barədə şəxsi heyətə dolğun məlumat verirdi. Əsgərlər minaatan qurğusunu komandirin əmrinə əsasən müəyyən vəziyyətə gətirdilər. Kapitan Fərid Musayev bildirdi ki, ön xəttin yaxınlığında mövqe tutduğumuz üçün döyüş hazırlığımızı artırmaq məqsədilə mütəmadi məşğələlər keçirik. Planlaşdırılmış qaydada həyata keçirilən dərslərdə şəxsi heyətin ixtisas, atəş və taktiki bilikləri təkmilləşdirilir. Döyüşdə nisbətən arxada yerləşən bölmənin “həyəcan” siqnalı ilə müəyyən edilmiş əraziyə çıxması, öz mövqelərini tutub düşmənə zərbələr endirməsi məşq edilir.
Məşğələ rəhbəri gizir Elvin Canaliyev neçə ildir ki, təmas xəttində komandir kimi hər zaman şəxsi heyətinə nümunə olmağa çalışır.
- Minaatan qurğusunun taktiki-texniki xüsusiyyətlərini şəxsi heyətə aşılamaq üçün əlimizdən gələni edirik. Dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan şəxsi heyət minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikasını, canlı qüvvəsini və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirirdi. Keçirilən məşqlərdə bölmələrin "döyüş" və "səfər" düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqenin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edildi. Əsgərlər nəzəri biliklərini minaatan qurğusunda əməli surətdə nümayiş etdirirlər. Təlimlərdə müxtəlif məsafələrdən atəş açmağı mənimsəyirlər. Məşğələlərin səmərəli keçirilməsinin nəticəsidir ki, heyət üzvləri bütün mövzuları dərindən mənimsəyiblər. Əsgərlər verilən əmr və tapşırıqları peşəkarlıqla vaxtında icra edirlər. Bu təlimlərdə əsas məqsəd şəxsi heyətin biliklərinin təkmilləşdirilməsindən, eləcə də çətin şəraitdə müasir döyüş hazırlığının səviyyəsinin artırılmasından ibarətdir.
Gizir Elvin Canaliyev daha sonra qeyd etdi ki, şəxsi heyət komandanlığın müəyyən edilmiş döyüş hazırlığı planına əsasən nəzərdə tutulan tədbirləri ardıcıl yerinə yetirir. “Əsgərlərimiz yüksək döyüş əzminə, qələbə ruhuna malikdirlər. Onların hamısı bacarıqlı və biliklidirlər. Əsgərlər təkcə döyüş hazırlığı məşğələsində deyil, həm də digər məşğələlərdə də yüksək uğurlar əldə edirlər. Daim öz üzərlərində çalışır, hərbi biliklərini daha da artırırlar.
Əsgər Taleh Niftəliyev dedi:
- İşğal olunmuş ərazilərdə babalarımızın qəbirləri qalıb. Köçkünlük həyatı yaşayan insanlar həsrətlə doğma yerlərə qayıdacaqları günü gözləyirlər. Biz hərbçilər torpaqlarımızı işğaldan azad etməli, həmin insanların öz el-obalarına dönməsinə şərait yaratmalıyıq. Bundan ötrü biz əsgərlər silah və texnikanı həvəslə öyrənir, döyüş tapşırıqlarını həvəslə, məsuliyyətlə yerinə yetiririk. İnanıram ki, Ali Baş Komandanımızın döyüş əmri ilə qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edəcəyik.
Heyət nəfəri əsgər Rahim Mailov dedi:
- Əsgəri xidmətimi düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirirəm. Komandirlərimizin köməkliyi ilə hamımız bacarıqlı əsgər kimi formalaşmışıq. Verilən hər bir komandanı dəqiq yerinə yetirməyə qadirik. Keçirilən məşğələlərdə və təlimlərdə əldə etdiyimiz hərbi bacarıqlarımızı nümayiş etdiririk.
İstirahət vaxtı bitdikdən sonra məşğələ öz axarı ilə davam etdirildi...

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"