Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

“Vətənimizin hər qarış torpağı bizə əzizdir”

Dağlar qoynundayıq… Burada qış fəslinin özünəməxsusluğu, insanlara bəxş etdiyi ovqat digərlərindən fərqlənir. Ağ rəngə bürünmüş təbiət sanki yuxuya gedib. Ətrafda hökm sürən sakitlikdə ayağımızın altında qalan qarın yapıxmasını da aydın eşidirdik. İrəlilədikcə arxada qalan izlərin sonsuz olacağını düşünürsən. Ancaq yağan qar bir azdan ləpirlərin üstünü örtür. Ağ örtüyə bürünmüş dağlar daha əzəmətli görsənir. Havanın soyuq olmasına baxmayaraq, qəlbi Vətən eşqi ilə döyünən oğullarımız xidmətlərini uğurla davam etdirirlər. Onlar mənfur düşmənin qarşısına keçilməz sədd çəkiblər. Əsgərlərimizi çətin şəraitdə yüksək ovqatla xidmət edən görmək, onların döyüş hazırlığının, maddi-texniki bazasının nə qədər yüksək səviyyədə olduğuna şahidlik etmək bizi qürurlandırır. Mayor Müzamil Məmmədov söhbətə cığır açaraq bildirir ki, Vətən müdafiəçilərinin döyüş ruhu çox yüksəkdir. “Ordu rəhbərliyinin cəbhə bölgəsinə səfərləri, hərbi qulluqçulara göstərilən diqqət və qayğı hər birimizin məsuliyyət hissini daha da artırır. Burada xidmət edənlər yaxşı bilirlər ki, yurdlarını, torpaqlarını qoruyurlar. Onlar hər an düşmən təxribatlarının qarşısını almağa hazırdırlar. İstənilən hava şəraitində dərslərin keçirilməsini, əsgərlərimizin mövzuları mənimsəməsini diqqətdə saxlayırıq. Çünki döyüş istənilən hava şəraitində başlaya bilər. Düşmənlə təmas xəttində olmağımıza baxmayaraq, məşğələlərin yüksək səviyyədə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Əgər dərslərdə, təlimlərdə şəxsi heyət yüksək uğurlar əldə edirsə, ixtisas vərdişlərinə və taktiki hazırlığa dərindən yiyələnirsə, öz gücünə və döyüş bacarığına inam qazanırsa, deməli, onun mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Bunlar isə hazırlıqlı, təcrübəli zabit, gizir və əsgərlərimizin Vətən sevgisi ilə əlaqədardır. Hərbçi peşəsi qürurverici, ucalıq gətirən peşədir. Çox sevinirəm ki, mən də  bu şərəfli peşəni seçmişəm."
Əsgərlərimizin təminatından danışan zabit bildirir ki, şəxsi heyət qış geyimi ilə təmin edilib. “Onlar döyüşə hazır vəziyyətdədirlər. Üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetiririk. Hər an Ali Baş Komandanın döyüş əmrinə hazırıq."
Zabitlə birgə döyüş mövqeyinə yaxınlaşırıq. Əsgərlərimizə təlimat keçən zabit Həsənağa Abdullazadə onlara döyüş növbəsində ayıq-sayıq olmağı, qarşı tərəfdə hər hansı bir fəaliyyət müşahidə olunarsa, dərhal məlumat vermələrini və ən əsası xidmət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməli olduqlarını bir daha xatırladır. Təlimatdan sonra zabit söhbət əsnasında şəxsi heyətin hazırlığından danışaraq bildirir ki, əsgərlərimiz  daim ayıq-sayıqdırlar.
- Şəxsi heyət dərs və məşğələlərdə əldə etdiyi  təcrübə əsasında uğur qazanır, ancaq heç kəs bu uğurlarla kifayətlənmir, - deyə zabit  bildirir. - Xidmətimizi elə qururuq ki, şəxsi heyətin döyüş vərdişləri daim inkişaf etsin. Əsgərlərimiz mövzuları dərindən mənimsəyir, əvvəl keçirilən dərsləri mütəmadi olaraq təkrarlayırlar. Hər birimiz yaxşı bilirik ki, yüksək döyüş hazırlığı düşmən üzərində qələbəmizi təmin edəcək amillərdəndir.
Vətənə olan sevgisindən danışan əsgər Səməd Abdullayev bildirir ki, bütün sevgilər qarşılıqlı olanda gözəl olur. Ancaq qoynunda böyüyüb boya-başa çatdığın torpağı sevmək qarşılıq gözləmir. Doğma el-obasının vurğunu olan əsgər onun hər qarışını sevdiyini deyir. "Hər birimiz doğulduğumuz yerdən asılı olmayaraq, Vətənimiz doğma Azərbaycanımızı təmsil edirik. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni əsirgəməməliyik. Bu gün kişilik, şərəf və ləyaqət rəmzi olan bu formanı geyindiyim üçün qürur hissi keçirirəm. Ön xətdə xidmət etdiyim üçün sevinirəm. Hərbi xidmət çətindir, amma şərəflidir. Bu gün mənfur düşməni istənilən an torpaqlarımızdan qovub çıxarmaq iqtidarındayıq. Bunun üçün güclü, yenilməz ordumuz var. Mütəmadi olaraq keçirilən təlimlər hər birimizin döyüş, mənəvi-psixoloji və fiziki hazırlığımızın yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirir. Hamımızın qəlbində bir arzu döyünür - düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmək. Aprel döyüşləri və Günnüt zəfəri bu müqəddəs yolun sonuna az qaldığını aydın şəkildə göstərdi."
- Hələ kiçik yaşlarımdan hərbi formaya marağım vardı, - deyə əsgər Pənah Səlimov sözə başlayır. - Orta məktəbi yaxşı oxuyurdum. Çağırışaqədərki hazırlıq fənnini də dərindən mənimsəyirdim. Hərbi bilikləri, hərbi vərdişləri mənimsədikcə orduya marağım daha da artırdı. Çağırış vərəqəsi gələndə sevindim. Artıq Vətənin keşiyində dayanan oğulların sıralarına qatılmaq vaxtım çatmışdı. Əynimə hərbi formanı geyindiyim gün sevincim yerə-göyə sığmırdı. Valideynlərimin qarşısında Vətənə sədaqət andı içdiyim günü həmişə xatırlayacağam. Təcrübəli komandirlərimizin sayəsində hərbi sirlərə dərindən yiyələnməyə başladıq. Silah, texnika ilə davranış qaydasını onlardan düzgün şəkildə istifadə etməyi öyrəndik. Günün nizam qaydasına uyğun olaraq, taktiki, atəş, mühəndis, topoqrafiya və digər məşğələlər keçirik. Nəzəri biliklərimizi ərazidə praktiki olaraq  təkmilləşdiririk. İnanırıq ki, təcrübəmizi Qarabağ uğrunda gedən döyüşlərdə istifadə edəcək, yurdlarından didərgin düşən soydaşlarımızı el-obalarına qaytaracağıq.
Söhbətimizi əsgər Rəşad Məhərrəmovla davam etdiririk.
- Vətənimizin hər qarış torpağı bizə əzizdir, - əsgər Rəşad Məhərrəmov bildirir. - Ancaq elə yerlərimiz var ki, onun gözəlliyini seyr etməkdən doymursan. Buranın yazı da, qışı da gözəldir. Qış fəsli mənim üçün saflıq rəmzidir. Hər tərəf ağ rəngə boyanıb. Nağıllardan, rəvayətlərdən bildiyimiz kimi, ağ rəng təmizlik, dürüstlük rəmzidir. Peşəkar və qayğıkeş komandirlərimizin tabeliyində Vətəni qorumaqdan şərəfli nə ola bilər. Dövlətimizin, ordumuzun rəhbərliyinin diqqət və qayğısı nəticəsində bizim üçün ön xətdə yüksək şərait yaradılıb. Komandirlərimiz keçirilən dərslərin keyfiyyətinə ciddi nəzarət edirlər. Bizim əsas məqsədimiz Vətənə layiqli xidmət etmək, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə xalqımıza qələbə sevincini yaşatmaqdır.
Əsgərlər Samir Həsənov, Şahin İsmayılov, Sərvan Mustafayev və digərləri Vətəni qorumaqdan qürur duyduqlarını, hər an ərazi bütövlüyümüzü bərpa etməyə hazır olduqlarını, evlərinə zəfər qazanmış döyüşçü kimi qayıtmaq istədiklərini bildirirlər.
Azərbaycanımızın ucqar guşəsində, Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizlə tanışlıqdan duyğulandıq. Sevindik ki, ürəyi Vətən eşqi ilə döyünən igidlərimiz torpaq uğrunda döyüşə atılmaq, bizə qələbə sevincini yaşatmaq əzmindədirlər. Düşmənə atəş açan əliniz var olsun. Tezliklə hər birimizin qəlbində yanan qisas alovunu yolumuza məşəl tutacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. O zaman durduğumuz bu zirvələrdən xalqımızın qəlbinə əbədi olaraq Qələbə sevincini həkk etdirəcəyik!

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR