Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

“Fiziki hazırlığımız yüksək səviyyədədir”

Ön xətdə yerləşən bölmələrdən birində şəxsi heyətin fiziki hazırlıq məşğələsinin şahidi olduq.
İlk həmsöhbətim məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Allahverdi Allahverdiyev bildirdi ki, əsgərlərin gündəlik fəaliyyəti günün nizam qaydasına uyğun olaraq həyata keçirilir və bu prosesə ciddi nəzarət edilir. Allahverdi ilə idman şəhərciyi boyunca gəzib şəxsi heyət üçün yaradılan şəraitlə tanış olduq.
- Ölkə rəhbərliyinin ordumuza göstərdiyi diqqət və qayğının təzahürüdür ki, bölməmizdə müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın istifadəsinə verilib, - deyə söhbətə başlayan hərbi qulluqçu idmanın əhəmiyyətindən də danışdı. "Döyüşdə uğur qazanmaq üçün hərbi qulluqçuların fiziki hazırlıqları yüksək səviyyədə olmalıdır ki, onlara verilən tapşırıqlar layiqincə icra edilsin. Şəxsi heyətin sağlamlığını, dözümlülüyünü artırmaq məqsədilə günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq məşğələləri təşkil olunur. Düşmənlə mümkün əlbəyaxa mübarizədə onu zərərsizləşdirmək üçün gərək fiziki cəhətdən möhkəm olasan. Bizim də üzərimizə düşən əsas vəzifə əsgərlərimizi döyüşə hərtərəfli hazırlamaqdır. Torpaqlarımızı döyüş yolu ilə azad edəcəyimiz təqdirdə güclü ordunun güclü əsgəri düşmənin cavabını artıqlamasıyla verəcək".
Hərbi xidmətə Beyləqan rayonundan çağırılan əsgər Murad Qurbanlı da düşüncələrini bizimlə bölüşdü. "Bu gün ordu sıralarında xidmət edən əsgər kimi hər birimiz bir amala xidmət edirik. Komandirlərimiz tərəfindən bizə keçirilən dərsləri maraqla öyrənir, nümunəvi xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetiririk. Tapşırıqları operativ şəkildə yerinə yetirmək üçün fiziki güc mühüm rol oynayır. Komandirlərimizin rəhbərliyi altında keçirilən fiziki hazırlıq dərslərində fəal iştirak edirik, öz sağlamlığımızı, immunitetimizi idman edərək daha da möhkəmləndiririk. İdman təkcə hərbi xidmətdə deyil, bizim gündəlik həyatımızda gümrahlığımızı təmin edən amillərdən biridir.”
Əsgər Sadiq Hadizadə idmanın cüdo növü ilə məşğul olduğunu dedi. O, həmçinin bildirdi ki, torpaqlarımızın azad olunması uğrunda döyüşlərə hər zaman hazırdır. "Gənc yaşlarımdan cüdo ilə məşğul olmuşam. Bir çox turnirlərdə iştirak edərək, nailiyyətlər qazanmışam. İdmanla məşğul olmağım xidmət etdiyim müddətdə mənə çox kömək olub. Bəzən hava şəraiti, bölməmizin yerləşdiyi dağlıq ərazi tapşırıqların yerinə yetirilməsində bizə maneələr yaratsa da, fiziki hazırlığımız hesabına verilən tapşırıqların öhdəsindən gəlirik.”
Güləşlə məşğul olan Elşad Həsənov da fiziki hazırlığın yüksək səviyyədə olmasının vacibliyini vurğuladı. "Hərbi xidmətdə fiziki göstəricilər mühüm əhəmiyyət kəsb edir. Bədən tərbiyəsinə önəm verib onu nəzarətdə saxlayan şəxsin öhdəsindən gələ bilməyəcəyi tapşırıq yoxdur. Komandirlərimiz bizlərin ruh yüksəkliyini təmin etmək, fiziki hazırlığımızı lazımi səviyyədə saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Asudə vaxtlarımızda komandirlərimizlə voleybol, futbol oynayırıq. Sıramıza təzə qoşulan əsgərlərə yardımçı olur, normativlərin dəqiq və vaxtında yerinə yetirilməsində onlara köməklik göstəririk".
Əsgərlər Pərvin Rəhimli və Nəriman Məhərrəmov da fiziki hazırlığın insan həyatı üçün önəmindən danışdılar. Onlar idmana ordumuzda verilən önəmdən, xidmət etdikləri hərbi hissədə fiziki qabiliyyətlərini artırmaları üçün əlverişli şəraitin yaradıldığından danışdılar.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR