Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

Şagirdlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oldular

Ümummilli lider Heydər ƏLİYEV: Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimiz gənc nəslin Vətənə, xalqa məhəbbət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqətlə yanaşıb. Vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq, məğlubedilməzlik hisslərini formalaşdırır, inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amillərdəndir.
Müdafiə Nazirliyinin dəstəyi ilə Ulu Öndərin anım günü ərəfəsində Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin müəllim, şagird və valideynləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oldular.
Əvvəlcə şagirdlər ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, abidəsi önünə tər gül dəstələri düzdülər.
Məktəblilərə Azərbaycan Ordusunun qüdrəti, malik olduğu döyüş texnikası, potensialı barədə ətraflı danışıldı. Qonaqlar məktəbin ərazisi, kursant yataqxanası, trenajor bölməsi ilə də tanış oldular.
Ali Hərbi Məktəbin zabiti polkovnik-leytenant Tural Ağacanov məktəb rəhbərliyi adından qonaqları salamlayaraq bildirdi: "Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası həmişə hörmət və ehtiramla  yad etdiyimiz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ulu Öndərin gənc nəsildən gözləntiləri ilə bağlı bir fikrini xatırlayıram. "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır". Gənclərimizi Ulu Öndərin düşündüyü kimi formalaşdırmaq üçün hər birimiz məsuliyyətimizi dərindən dərk edirik. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, xalqın gələcəyidir. Gələcəyi qorumaq hər birimizin borcudur."
Sinif rəhbəri Gülnarə Quliyeva qeyd etdi ki, bu tədbirə dəstək olduqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə, Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbin komandanlığına və liseyimizin direktoru Lətifə Əzimovaya təşəkkürümü bildirirəm. Belə görüşlər məktəblilərin Vətənə sevgi kimi yüksək milli-mənəvi dəyərlərlə formalaşmasında, ordumuza sevgi və ehtiramın aşılanmasında böyük rol oynayır. 6-10 yaş arası uşaqların ən həssas dövrüdür. Məktəblilərə bu yaşlarda aşılanan duyğular onların yaddaşına daha güclü həkk olunmaqla yanaşı, gələcəkdə faydalı bir vətəndaş olmalarında da, peşə, həyat seçimi etmələrində də böyük əhəmiyyət kəsb edir.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu bir müəllim olaraq bizim ən vacib vəzifələrimizdir. Təhsil Nazirliyi sistemində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində böyük işlər görülür. Bütün bunları nəzərə alaraq biz də "Vətəni və bizi qoruyan ordumuzu sevir, əsgərimizlə qürur duyuruq" devizi altında şagirdlərimizlə mütəmadi olaraq hərbi hissələrə, qoşun növlərinə və xüsusi təyinatlı təhsil müəssisələrinə ekskursiyalar təşkil edirik. Müdafiə Nazirliyinin rəhbərliyi də bu işdə təhsil ocağımıza dəstək olur. Ulu Öndərin anım günündə burada olmağımızdan qürurluyuq."
Şagirdlərə Ali Hərbi Məktəbin yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verildikdən sonra ekskursiya silah və atış kafedrasından başlandı. Burada onlar digər texnikalarla yanaşı, silahlanmaya yeni qəbul olunmuş döyüş texnikaları ilə də tanış oldular. Mayor İslam Hacıyev məktəblilərə buradakı silahlar haqqında məlumatlar verdi, onların suallarını cavablandırdı. Şagirdlərdən İsmayıl Əlili, Əli İbrahimsoy, Elşən Kərimli, Polad Hüseyin və Məhəmməd Nurullayev zabitin verdiyi məlumatları böyük həvəslə, maraqla, istəklə dinləyirdilər.
Onur Tənifəyev, Nurlan Qasımov və Zeyd Quluzadə Ali Hərbi Məktəblə tanışlıqdan sonra bir gün burada təhsil almaq istədiklərini bildirərək dedilər: "Daima televiziyada hərbi vətənpərvərlik yönümlü verilişləri izləyirik. Biz istəyirik ki, böyüyəndə Heydər babanın adını daşıyan məktəbin məzunu olaraq Vətənə müqəddəs borcumuzu verək." Xədicə Qəniyeva, Humay Mirzəyeva, Leyla Orucəliyeva və Şəfiqə Novruzova hərbi həkim olmaq istədiklərini, əsgərlərimizin sağlamlıqlarının keşiyində dayanmaq arzusunda olduqlarını bildirdilər.
Ehtiyatda olan polkovnik-leytenant Nüsrəddin Səlimov elektron atış sinfində kursantların silah-sursatdan istifadə etmədən atışlar keçirdiyini bildirdi,  kompüter atış trenajorunun xüsusiyyətlərindən danışdı. 
Mayor Aydın Mehdiyev qonaqları kursant yataqxanasındakı şəraitlə tanış etdi. 
Trenajorlar bölməsi haqqında məlumat verən mayor Elşən Mehdiyev  qeyd etdi ki, bölmədə bütün ixtisaslar üzrə  praktiki dərslər keçirilir. Bütün hazırlıqlar burada yekunlaşır, sonra isə poliqonda başa çatır. Bu bölmədə uşaqlar arsenaldakı silah-sursat, mühəndis, rabitə cihazları və avadanlıqları ilə əyani tanış oldular.
Kursantların gündəlik iş rejimi və nizam-intizam qaydaları haqqında  ətraflı məlumat verildi.
Məktəbin klubunda yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq uşaqlar üçün çox xoş oldu. Şagirdlər leytenant Aynur Baxışovanın Ulu Öndərin həyat və fəaliyyəti haqqında verdiyi məlumatları diqqətlə dinlədilər.
Şagirdlərdən Adil Məmmədov, Yağmur Həsənli, Mətin Məmmədli, Leyla Abdullazadə, Zeynəb Rəhimli, İnci Quluzadə, Fidan Nəbizadə, Sunay Məmmədli, Fatimə İsmayılbəyli, Elanur Qurbanova Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər.
Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyənlər Vətən sevgisinin, Vətənə bağlılığın, Vətənin müqəddəsliyinin nə olduğunu mükəmməl dərk edirlər. Həyatlarının hər dönəmində Vətən kəlməsinin qürurunu yaşayırlar. Yalçın Əlizadə atasının və Aprel şəhidi olan əmisi mayor Elnur Əliyevin burada təhsil aldıqlarını bildirdi. Məktəb haqqında geniş məlumata malik olmasıyla hər kəsi heyrətləndirən bu balaca böyüyəndə ordu sıralarında qulluq etmək arzusundan danışdı. Vətənimizi əmisi kimi sevəcəyinə söz verdi.
Sonda şagird Əli Bəşirli bildirdi ki, bütün bu gördükləri onda bir fikir formalaşdırıb. “Mən inanıram, həm də çox inanıram. Bizim ordumuz bütün ordulardan güclüdür. Əsgərlərimizin gücü sayəsində işğal altında olan torpaqlarımız işğaldan azad ediləcək, Gülnarə müəllimə bizi Şuşaya, Laçına, Kəlbəcərə, Zəngilana aparacaq."
Arzular çöhrələrdə təbəssümə, sevincə döndü.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"