Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər də nümayiş etdirilib.

 

* * *


Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə general-mayor Elman Orucov ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin ölkəni idarəetmə bacarığı, təcrübəsi və  şəxsi nüfuzunun Azərbaycanın bugünkü intibahının əsasını qoyduğunu bildiriblər.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və "Nərgiz" uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunduqdan sonra tədbirdə fəal iştirak edənlər mükafatlandırılıblar.
Silsilə tədbirlərin davamı kimi əsgərlər Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ulu öndər Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən eksponatlar şəxsi heyətdə böyük maraq doğurub.

 

Nəriman NƏCƏFOV, “N” hərb hissəsi

Bu gün tarixi şəxsiyyətlərin ömrü xalqının, dövlətinin taleyinə işıqdır. Bu işıq Günəş misallıdı - başlanğıcı var, sonu isə əbədiyyətdi. Nə qədər bəşəriyyət var, bu işıq da olacaq, tarixdə də yaşayacaq, yaddaşlarda da. Ümummilli liderimiz Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən idi.
Sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın istər iqtisadi, istərsə də sosial inkişafı digər respublikalarla müqayisədə kifayət qədər yüksək idi. Bunu siyasətçilər də, iqtisadçılar da Heydər Əliyev dühasının nəticəsi bilirdi. Həmin illər həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafı illəri kimi tarixləşdi. Neçə-neçə yazıçı, şair, bəstəkar, rəssam ittifaq miqyaslı fəxri adlara layiq görüldü. O illərdə Azərbaycandan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən elm xadimləri, yazıçılar, şairlər çoxluq təşkil edirdi. Bu, Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətin nüfuzunun nəticəsi idi...
Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsi olduqca mürəkkəb, çətin bir dövrə təsadüf edir. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı, idarəçilik olduqca pərakəndə vəziyyətdə idi, respublikada anarxiya hökm sürürdü, yaradılmış yerli özünümüdafiə batalyonları torpaqları qorumaqdan daha çox ayrı-ayrı ambisiyalı fərdlərin mənafeyinin icraçısı idi. Torpaqların müdafiə olunması çətinləşmişdi. Belə bir şəraitdə xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə  hakimiyyətə dəvət etdi.
Ayrı-ayrı hərbi hissələrdə, ön xətdə, səngərlərdə əsgərlərlə söhbətləşəndə xalqımızın, dövlətçiliyimizin zaman anlamında dünənindən də danışırıq. Ulu Öndərin misilsiz xidmətləri də böyük qürurla, ehtiramlarla xatırlanır. Onda əsgərlərin dediklərini yaddaşıma da köçürmüşəm, kağızlara da, qəzetimizdə də bu haqda yazılar dərc edilib.
Əsgər Elman  Qafarov:
- Mən qonşumuz Səməd kişinin söhbətlərini xatırlayıram. Səməd kişi deyirdi ki, biz orta təhsili  başa vuranda böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi idi. Onda mənim kimi bir kəndli balasının universitetin hüquq fakültəsinə qəbul olunmasına kimsə inanmazdı. Mən qəbul olundum. Bunu Heydər Əliyevin dövlətçilik naminə şəffaflıq, ədalət, tələbkarlığı bildik. Belə bir insan dövlətin daha da çiçəklənməsini təmin etdi. Səməd kişinin oğulları da, mənim atam da Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra təhsil alanların   sırasındadır. Onlar da Ulu Öndərin Azərbaycan naminə xidmətlərindən böyük qürurla danışırlar. Mən belə bir tarixi şəxsiyyətin nizami ordu kimi formalaşdırdığı  orduda xidmət etməyimlə qürur duyuram.  Ulu Öndər deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Mən də həm azərbaycançılığımla fəxr edirəm, həm də hərbi xidmətdə olmağımla.
Əsgər Vüqar Əliyev:
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Biz güclü bir dövlətin güclü ordusunda xidmət edirik. Ordumuzun gücü 2016-cı ilin Aprel döyüşlərində də təsdiqləndi, 2018-ci ildə ordumuzun yaranmasının və Bakının işğaldan  azad edilməsinin 100 illiyinə həsr edilmiş paradlarda da. Ulu Öndərin nizami ordu kimi formalaşdırdığı ordunun gücü xalqın, dövlətin, azərbaycançılığın gücüdür. Azərbaycan əsgəri yüksək döyüş əzminə, qələbə ruhuna malikdir. Hər birimiz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırıq.
Əsgər Murad Hüseynov:
- Orta məktəbin son sinfində oxuyanda bir televiziya verilişinə baxmışdım. Ulu Öndər haqqında bilmədiyim faktlar mənim də düşüncələrimə hopdu. Dahi rəhbəri həmin verilişə baxandan sonra daha əhatəli tanıdım. Mənə elə gəlir ki, Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər haqqında nə qədər yazılsa da azdı, nə qədər oxusan da azdı. Onların ömrünün  hər anı yazılmalı, oxunmalı bir kitabdı.
Mən fəxr edirəm ki, qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam, Ulu Öndərin nizami ordu kimi formalaşdırdığı, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin nəinki regionun, dünyanın ən güclü orduları sırasına çıxartdığı orduda  xidmət edirəm.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"


Bəşəriyyətin dünyaya bəxş etdiyi tarixi şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyevin anım günündə “N” hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vəli Səfiyev fikirlərini bölüşdü:
- Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin güclü əsaslarla qurduğu dövlət bu gün güclü orduya və güclü iqtisadiyyata əsaslanır. Bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.
Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi bütün inkişafı mən öz hərbi hissəmizin həyatında və şəxsi həyatımda açıq-aydın hiss edirəm. Ali Baş Komandanımızın digər sahələrə olduğu kimi, hərbiyə də diqqət və qayğısı böyükdür. Şəxsi heyətin elə bir üzvü yoxdur ki, hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməsin. Hər bir zabit, gizir və əsgər çalışır ki, üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin. Biz bunu xalqımız, Ali Baş Komandanımız və Əbədiyaşar Liderimiz qarşısında həyata keçirəcəyimiz mənəvi borc hesab edirik. İnanırıq ki, mənəvi borcdan güc alan qüdrətli Azərbaycan Ordusu və onun şəxsi heyəti tezliklə işğal altında olan tarixi torpaqlarımızı geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz ordusunun əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq. Azərbaycan dünya dövlətləri tərəfindən tanınan sərhədləri çərçivəsində öz müstəqilliyinə nail olacaq. İndiki kimi onda da Azərbaycan Ordusu Azərbaycan Respublikasının qarantına çevriləcək.
- Dövləti orduya, ordunu dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır, - deyə əsgər sözünə davam etdi. - Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün Ulu Öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev həmişə ürəklərdə yaşayacaq.
Əsgər Malik Rzayev isə öz növbəsində dedi:
- Ümummilli lider Heydər Əliyev şəxsiyyəti hər zaman Azərbaycanın bu gününə və gələcəyinə işıq salıb, mənalı və şərəfli ömür yolunun parlaq səhifələri isə xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edib. Müasir Azərbaycan tarixinin elə bir mərhələsi yoxdur ki, orada Ulu Öndərin fəaliyyətinin izləri görünməsin. Əbədiyaşar Ali Baş Komandanımız fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşayıb yaradıb, hər zaman milli ideyalara bağlı olub. Ümummilli Liderimiz daim xalqını, Vətənini düşünüb, Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakarlıqlar göstərib, bir sözlə, dövlətçilik tariximizdə özünün müstəsna yerini müəyyənləşdirib.
Əsgər M.Rzayev onu da qeyd etdi ki, bu gün Azərbaycan xalqının, o cümlədən Azərbaycan Ordusunun və onun şəxsi heyətinin qəlbində Əbədiyaşar Ali Baş Komandanımıza sevgi və məhəbbət sonsuzdur. “Bu dahi insan bir vətəndaş, bir hərbi qulluqçu kimi, mənim yaddaşımda qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqının məhəbbətini qazanan Öndər kimi qalıb. Bütün ölkəmizdə olduğu kimi, hərbi hissəmizdə də ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır, onun əziz xatirəsi daim uca tutulur.
Dekabrın 12-də Ümummilli Liderimizin anım günündə komandirlərimizin müşayiəti ilə biz əsgərlər də Ulu Öndərimizin əziz xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət etdik. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla, müxtəlif bölmələrlə tanış olduq. Hərbi hissəmizdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmlərə və "Unudulmaz Lider" adlı sərgiyə tamaşa etdik.”
- Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev bu gün öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqın qəlbini fəth edib, - deyə əsgər bildirdi. - İftixar hissi keçirirəm ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var və mən bu ordunun əsgəriyəm. Bu gün ordumuz tam yüksək səviyyədə formalaşıb, müasir tələblərə, beynəlxalq standartlara uyğun qurulub. Ordumuzun şəxsi heyəti Vətəni qorumağa, tarixi ədaləti bərpa etməyə və Ümummilli Liderimizin müəyyənləşdirdiyi yolla getməyə hazırdır. Onun həyat yolu və ictimai-siyasi fəaliyyəti biz əsgərlər üçün çox zəngin xəzinə və böyük örnəkdir. Ən vacibi odur ki, Ümummilli Liderimizin sayəsində bu gün bizim məqsədimiz, amalımız, yolumuz bəllidir. Bu yol xalqımıza işıqlı gələcək vəd edir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

“N” hərbi hissəsində olarkən gizir Habil Vəliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli ordumuzda xidmət etmək hər kəs kimi onun üçün də qürurludur. - Əbədiyaşar Komandanımız haqqında düşüncələri bölüşmək çox çətindir. Dahi şəxsiyyəti cümlələrlə ifadə etmək mümkün deyil. Ulu Öndərin xalqımız, dövlətimiz, ordumuz üçün etdiklərindən cild-cild kitablar yazmaq lazımdı. Bu gün hər birimiz müstəqil Azərbaycanda azad və firavan yaşayırıqsa, ana dilimizdə danışırıqsa, milli ordumuzda xidmət ediriksə, bunun üçün Ümummilli Liderimizə borcluyuq. Bu gün qürurlanıram ki, Ulu Öndərin ən çox diqqət yetirdiyi və rəğbət bəslədiyi peşə sahibiyəm. Əbədiyaşar Liderimizin "Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir", "bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir" kəlamları hər bir hərbçiyə yüksək qiymət və dəyər verdiyinin bariz nümunəsidir. Bu dəyərli sözləri yaddaşıma əbədi olaraq həkk etmişəm və həyat yoluma nümunə bilmişəm. 
Biz xoşbəxtik ki, ölkəmizə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib. Azərbaycan xalqının bu böyük oğlu müasir müstəqil ölkəmizin memarı və xilaskarıdır. Onun  həyat və fəaliyyəti, zəngin irsi bütün nəsillərə örnək olan bir məktəbdir. Uşaqlıqdan Heydər Əliyev adı, dühası ilə fəxr etmişəm. Xalqını, torpağını sonsuz məhəbbətlə sevən, dövlətinin inkişafı, xalqın rahat və firavan yaşaması yolunda yorulmadan mübarizə aparan bu böyük şəxsiyyətin dediyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərini hər eşitdikcə  qəlbim iftixar hissi ilə dolur. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cismani yoxluğundan 16 il ötür. Ulu Öndər cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər birimizi vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, Ulu Öndərin möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev kimi layiqli davamçısı var.
Ordu sıralarında xidmət edən hərbçi kimi əminliklə deyə bilərəm ki, Əbədiyaşar Komandanın banisi olduğu Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli ordusudur. Biz ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini hər an uğurla yerinə yetirməyə hazırıq və buna tam qadirik.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir. Heydər Əliyev Azərbaycan xalqının, bütöv türk dünyasının bütün tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyət idi. Bütün mənalı ömrünü Azərbaycan xalqının gələcəyinə həsr edən Ümummilli Lider parlaq əməlləri ilə tarixin yaddaşında əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük diqqət ayırdığı məsələlərdən biri də hərbi təhsil və milli hərbçi kadrların hazırlanması idi. O dövrdə - 1970-1971-ci illərdə aparılmış hesablamalara görə ordu sıralarında azərbaycanlı zabitlərin, generalların sayı həddindən artıq az idi. Təbiidir ki, bütün bunlar ulu öndər Heydər Əliyevi narahat etməyə bilməzdi. Ümummilli Lider sonralar onu daim qayğılandıran bu məsələ barəsində demişdir: "Çar dövründə müsəlmanlar orduya çağırılmırdırlar, hətta elə bir vaxtda rus ordusunda bizim Əlağa Şıxlinski, Mehmandarov kimi generallarımız var idi. Niyə indi başqa millətlərin marşalı, generalları var, bizim isə yox?".
O illərdə ölkəyə rəhbərlik edən böyük tarixi şəxsiyyət Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə Sovet rejiminin hökm sürdüyü bir vaxtda ölkəmizin paytaxtı Bakı şəhəri Zığ qəsəbəsi 2 nömrəli 8 illik internat məktəbinin bazasında hərbi təyinatlı xüsusi internat məktəbi yaradıldı. Beləliklə, azərbaycanlı gənclərin keçmiş İttifaqın ali hərbi məktəblərində hərbi təhsil almaları üçün geniş imkanlar açıldı. Hərbi təmayüllü xüsusi internat məktəbinə general Cəmşid Naxçıvanskinin adı verildi. Gələcəkdə zabit olacaq gənclər burada oxuyub orta təhsil alır, hərbi hazırlıq keçir, rus dilini mükəmməl mənimsəyir, bundan sonra isə uğurla İttifaqın müxtəlif ali hərbi məktəblərinə qəbul olunurdular.
Ümummilli lider Heydər Əliyev böyük əziyyətlər bahasına yaratdığı və öz övladı kimi sevdiyi Hərbi liseyi heç vaxt unutmurdu. Ulu öndər Heydər Əliyev hər il Mərkəzi Komitənin Büro üzvləri ilə bərabər hərbi məktəbə gedir, vəziyyətlə yerində tanış olur və təhsil ocağının kollektivi qarşısında çıxış edirdi. Ümummilli Lider sonralar iftixar dolu o günləri xatırlayaraq deyirdi: "Çox sevinirdim ki, onun məzunları - azərbaycanlılar zabit olurlar, Sovet ordusunda qulluq edirlər. Əgər Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o, ilk növbədə, öz milli ordusu, milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm."
Ulu öndər Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün də fəaliyyətini uğurla davam etdirir. Yenicə əsaslı təmirdən çıxmış Hərbi liseydə gənclərin hərbi sirləri öyrənmələri üçün hərtərəfli şərait yaradılıb. İndi ordumuzun gələcək zabitləri burada hərbçi peşəsinə daha mükəmməl şəkildə yiyələnirlər.
Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə olarkən əsaslı təmirdən sonra kursantlar üçün yaradılmış şəraiti görəndə çox sevindik, çox fərəhləndik. Bizi sevindirən təkcə yaradılan şərait yox, həm də kursantlardan eşitdiklərimiz xoş sözlər oldu.
Kursant Səmid İsayev dedi ki, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq çoxdankı arzum idi. Bu hərbi təhsil ocağına hazırlaşdığım günlərdə məktəbin yaranma tarixi ilə maraqlandım. Öyrəndiklərimdən çox məmnun qaldım. Əgər hazırlığım yüksək olsaydı, ulu öndər Heydər Əliyevin qurub yaratdığı məktəbdə oxuyacaqdım. Bundan sonra daha da həvəslə hazırlaşdım. İmtahandan uğurla keçib, istəyimə çatdım. Budur, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Hərbi liseydə oxuyuram. Təhsil almağımız üçün burada hərtərəfli şərait yaradılıb. Bunlara görə biz kursantlar Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
- Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı C.Naxçıvanski adına Hərbi Liseydə oxumaqdan qürur duyuram, - deyə kursant Toğrul Qasımov bildirdi. - Məktəbdə gələcəyin zabiti kimi hazırlanmağımız, formalaşmağımız üçün hərtərəfli şərait yaradılıb. Bu şərait bizi hərbi bilikləri öyrənməyə daha da həvəsləndirir. Həm zabitlər, həm də müəllimlərimiz çalışırlar ki, bizlərə döyüş vərdişlərini və hərbi bilikləri mükəmməl şəkildə öyrətsinlər. Biz kursantlar da öz növbəmizdə dərs və məşğələlərdə fəal iştirak edir, bilikləri dərindən mənimsəyirik. Biz ulu öndər Heydər Əliyevin yaratdığı məktəbdə onun adına layiq oxumağa çalışırıq. Ümummilli Liderin həyat yolu bizim üçün bir örnəkdir. Ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"