Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

“Torpaqlarımız bizi gözləyir”

Dünyada elə peşələr var ki, onları peşə adlandırmağa insanın dili gəlmir. Hərbçi peşəsi də məhz bu qəbildəndir. Hərbçi adının ali mərtəbəyə yüksəlməsi özünü bu peşəyə qəlbi ilə həsr etmiş insanların böyük zəhmətinin nəticəsidir. Ömür dediyin cəmiyyətə bəxş olunan ziya və sevincin qədəridir. Yaşanılan ömür yollarında hərbçi ömrünün, hərbçi taleyinin öz yeri var. Bu peşə daha çox ilahi istedad, təşkilatçılıq qabiliyyəti, tabeliyində olan hərbi qulluqçuların ürəyinə yol tapmaq bacarığı, xeyirxahlıq, Vətənə və xalqa xidmət, vəzifə borcuna sadiqlik tələb edir.
Bu peşənin yolçularından biri də 1991-ci ildə Neftçala rayonunda dünyaya göz açan baş leytenant Xəzər Cəfərovdur. Xəzər böyüdüyü mühitdə vətənpərvərlik hissi ilə tərbiyə olunub. Bu hiss, bu sevgi ruhuna elə hopub ki, böyüdükcə, həyatı dərk etdikcə Vətəninə, torpağına, əhatəsindəki insanlara, seçdiyi peşəyə sevgiylə, məhəbbətlə baxmağa başlayıb. Onun nəticəsidir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada yerləşən hərbi hissələrə son səfəri zamanı qiymətli hədiyyələrlə mükafatlandırdığı hərbi qulluqçuların sırasında baş leytenant Xəzər Cəfərovun da adı var.
Görüş zamanı həmsöhbətim aldığı qiymətli hədiyyənin mənəvi dəyərini vurğulayaraq bildirdi ki, bütün müharibələrdə silah ruhla döyüşür və qalib gələn ruh olur: "Cənab nazirin hərbi qulluqçularımızın döyüş, mənəvi-psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanmaq məqsədilə hərbi hissəmizə gəlişi yaddaşımdan heç bir zaman silinməyəcək. Etiraf edim ki, Müdafiə nazirimiz ilə görüş gözlənilməz, həyəcanlı, sevincli və qürurlu idi. Təqdim etdiyi hədiyyənin dəyərinə gəldikdə isə ordunun gücü yalnız onun sahib olduğu texnika və ya təlimlərdə deyil. Əlbəttə ki, döyüşlər zamanı texnikanın rolu danılmazdır. Amma bütün dünya müharibələrində baş verənlər göstərir ki, döyüşləri qazandıran insan amilidir, ruh yüksəkliyidir, əsgərin əzmidir. Bu baxımdan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mənə və digər hərbi qulluqçulara təqdim etdiyi qiymətli hədiyyələrin dəyəri mənəvi etalonla ölçülür.  Mən bu hədiyyəni, hərbi hissənin rəhbərliyi başda olmaqla, bütün hərbi qulluqçularımıza təqdim olunmuş hədiyyə hesab edirəm."
Zabit onu da bildirdi ki, döyüşdə qələbənin qazanılmasında müasir texnikanı idarə etmək üçün əldə olunan biliklər və döyüşdə ruh yüksəkliyinin, qələbə əzminin olması mühüm vasitədir.
"Hər kəsin dəyəri onun Vətənə, torpağa bağlılığı, insanlara sevgisi ilə ölçülür", - deyə həmsöhbətim sözünə davam etdi:
- Həyatın, yaşamağın, işləməyin özü əsl sevgi deməkdir. Sevgi insanda ikinci ruhdur. Fikrimcə, hər kəs formanı geyinə bilər, ancaq hər kəs zabit ola bilməz. Hər zaman vətənpərvər oğullarımızın Vətənimizə, torpağımıza olan sonsuz sevgisinin sayəsində uğur qazanacağımıza inanmışam və bu gün də inanıram. Bu sevginin nəticəsidir ki, Aprel döyüşləri ordumuzun işğalçı Ermənistan üzərində qələbəsi kimi tarixə düşdü. Həmin tarixi əbədiləşdirmək məqsədilə "Aprelin qəhrəmanlıq zirvəsi" adlı bir kitab araya-ərsəyə gətirmək istəyirəm. Üzərində işlədiyim əsərdə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovdan, leytenant Qabil Orucəliyevdən, leytenant Sahil Şirinovdan və digər şəhid olan qəhrəman oğullarımızdan bəhs edilir. Məqsədim odur ki, torpaqlarımızı qorumaqla yanaşı, Vətənə qələmimlə də xidmət edim. Gələcək nəsil Vətənimizin qəhrəman oğulları haqqında məlumatlı olsunlar, onlardan örnək götürsünlər, eyni zamanda, bilsinlər ki, xalqımızın əsrlərlə nəsildən-nəslə ötürdüyü qəhrəmanlıq ənənələri bu gün də yaşamaqdadır. İllər sonra Qarabağda qazanılan zəfər xalqımıza hədsiz sevinc və qürur hissi bəxş etdi. Ali Baş Komandanımızın orduya diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin bu diqqət və qayğıdan irəli gələn tələbləri, Vətənə olan sevgimizin sayəsində bu zəfərin davamı mütləq gələcək. Torpaqlarımız bizi gözləyir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"