Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2019 10:14

“Xidmətimizin mahiyyəti döyüş növbətçiliyidir”

Tarixən güclü orduya malik olan dövlət güclü dövlət kimi tanınıb. Ordunun gücü silahlanmayla, silahların xarakteri ilə, bu silahları, texnikaları, qurğuları idarə etməyi bacaran hərbi qulluqçuların hərbi bilikləri hansı səviyyədə mənimsəməsi ilə, onların döyüş əzmi ilə, qələbə ruhu ilə müəyyənləşdirilib. Bu tezisə istinadən beynəlxalq analitiklər haqlı olaraq deyirlər ki, Azərbaycan Ordusu güclü ordudur.
Azərbaycanda dövlətçilik atributlarından biri kimi orduya, ordunun silahlanmasına, maddi-texniki bazasının genişləndirilməsinə, bunların əsasında şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə son illərdə daha böyük diqqət göstərilir ki, bu da dövlətin gücünün, qüdrətinin artması deməkdir. Son illərdə ordunun arsenalına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının, atıcı silahların daxil edilməsi, onların istismar xüsusiyyətlərinin kontingentə operativ öyrədilməsi, irimiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını daha da yüksəldib, döyüş hazırlığını mənəvi-psixoloji hazırlıqla tamamlayıb. 2016-cı ilin Aprel döyüşləri, qazanılan qələbə şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksək olduğunu, bu səviyyənin qüdrətini, bu qüdrətin torraqları işğaldan azad etməyə qadirliyini təsdiqlədi. İndi Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi bir fikri hər bir azərbaycanlı qürurla yaşayır, yaşadır: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu qürur ordunun mənəvi-psixoloji hazırlığını müəyyənləşdirən amillərdəndir. Bu qürur şəxsi heyətin döyüş əzminə, qələbə ruhuna söykənir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində yeni hərbi hissələrin inşa edilməsinin də, bunlarla bir sırada şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılmasının da əhəmiyyəti böyükdür.
Ordu quruculuğunun tərkib hissələrindən biri kimi ordunun modernizasiyası və yenidənqurma işləri uğurla davam etdirilir. Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə cəbhəboyu zonada yeni inşa edilmiş mühəndis təyinatlı hərbi obyektlərin açılışı oldu. İstifadəyə verilən qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilib.
Zabit Ceyhun Bağırov bildirdi ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələrə əsasən onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq silahlanmaya daxil edilmişdir...
Zabit onu da dedi ki, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları, inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.
Yeni hərbi hissələrin tikilməsi, yeniləşdirilməsi, əsaslı bərrası, eləcə də yeni hərbi obyektlərin istifadəyə verilməsi mahiyyəti etibarilə ordu quruculuğunun tərkib hissəsidir və şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığını daha da sürətləndirir.
Cəbhəboyu zonada yerləşən hərbi hissənin əsgər və zabitləri mühəndis təyinatlı yeni hərbi obyektlərin inşa edilməsini və istifadəyə verilməsini dövlət başçısının orduya diqqətinin, qayğısının növbəti təzahürü bilir. Zabit Ceyhun Bağırov bu diqqətə, bu qayğıya görə hərbi hissənin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirərək dedi ki, əsgər və zabitlərimiz bundan sonra da Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcək, Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin, yuxarı komandanlığın  əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirəcəklər. Hərbi hissəmizin təmayülü, yerinə yetirdiyi vəzifələr müharibə şəraitində olduqca gərəklidir və mahiyyəti döyüş növbətçiliyidir. Əsgərlərimizin hər biri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırdır...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"