Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2019 10:14

“Sevinirəm ki, etimadı doğrulduram”

"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində baş gizir İlyas Qasımovla tanış olduq. Zabit Vahid Rzayev baş gizirin təcrübəsindən, bacarığından, nümunəvi xidmətindən ağız dolusu danışdı: "İlyas bölmənin nümunəvi xidmət edən vətənpərvər oğullarındandır. O, bölmənin sosial təminatını daim diqqətdə saxlayır, vəzifələrinin öhdəsindən uğurla gəlir. Nümunəvi xidməti ilə yanaşı, davranışı və əxlaqi keyfiyyətləri ilə də kollektivin dərin ehtiramını qazanıb".
Baş gizir İlyas Qasımov  uzun illərdir ordu sıralarında xidmət edir. Lerik rayonunda çoxuşaqlı ailədə böyüyən İlyasın beş bacısı, beş  qardaşı var. Ailəlikcə hərbçi peşəsinə dərin rəğbət bəslədiklərini bildirdi. Qardaşı Cavid Horadiz əməliyyatlarında iştirak edib, qazi olub. Qardaşı uşaqlarının da, demək olar ki, hamısı müxtəlif qoşun növlərində xidmət edir.
Müxtəlif hərbi hissələrdə layiqli xidmət yolu keçən baş gizir hazırda bu bölmədə də xidmətini uğurla davam etdirir. Bölmənin göz oxşayan təmizliyi, əsgərlərin səliqə-sahmanı onun bacarığından, məsuliyyətindən və geniş təcrübəyə malik olmasından xəbər verir.
Baş gizir söhbətində dedi ki, hər səhər şəxsi heyətə sıra baxışı keçirir və onların üst-başlarının təmiz və səliqəli olmasını diqqətdə saxlayır. Həmçinin əsgərlərin vaxtlı-vaxtında qidalanmasına, hamama getməsinə, gigiyenik qaydalara əməl etməsinə, tibbi müayinədən keçməsinə ciddi nəzarət etdiyini bildirdi.
"Bu peşəni öz daxili həvəsim və istəyimlə seçmişəm. Harada xidmət etmişəmsə, vəzifələrimə məsuliyyətlə yanaşmışam. Gördüyüm işdən zövq almışam, qürur duymuşam. Yalnız bir amalım olub - ordumuzun adına layiqli xidmət etmək, mənə göstərilən etimadı doğrultmaq. Bu amalıma çatmaq üçün də üstümə düşən vəzifələrin öhdəsindən hər zaman layiqincə gəlməyə can atmışam. Çünki mən şərəfli peşə sahibiyəm. Hər zaman fəxr etdiyimiz qüdrətli Azərbaycan Ordusunun hərbçisiyəm. Bu ada layiq olmağı, nümunəvi xidmət etməyi özümə mənəvi borc bilmişəm. Bu gün çox sevinirəm ki, komandirlərimin etimadını doğrulduram", - baş gizir İ.Qasımov dedi.
Söhbətinə davam edən İlyas bölmənin təminatından da danışdı. Bildirdi ki, həm maddi-texniki təminat, həm də sosial-məişət şəraiti yüksək səviyyədədir. "Bölməmizin bütün təminatları yüksəkdir. Əsgərlərin geyimləri, yataq dəstləri, əl-üz dəsmalları hər həftə dəyişilir. Hər gün keçirilən baxış zamanı ehtiyac duyduqları ləvazimatlarla təmin olunurlar. Uzun illərdir ordu sıralarında xidmət edən biri kimi vurğulamaq istəyirəm ki, bu gün dövlət səviyyəsində ordumuza diqqət çox yüksəkdir. Bu da şəxsi heyətdə ruh yüksəkliyi yaradır."
Danılmaz faktdır ki, regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun gücü və qüdrəti şəxsi heyətinin vətənpərvərliyindən, nümunəvi xidmətindən, nizam-intizamından bilavasitə asılıdır. İlyas kimi ürəyində sonsuz Vətən sevgisi ilə xidmət edən, seçdiyi peşə ilə qürurlanan mərd oğulları tanıdıqca, bir daha əmin olursan ki, ordumuz Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hər an hazır və qadirdir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"