Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2019 10:14

“Bütün sevgilərimiz Vətənlə bağlıdır”

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, həmçinin Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər şəxslərin hər dəfə ön xətdə yerləşən hərbi hissələrimizə səfəri, şəxsi heyətin məişət şəraiti ilə tanışlığı və hərbi qulluqçularımızı qiymətli hədiyyələrlə mükafatlandırması onların mənəvi-psixoloji hazırlığında əhəmiyyətli rol oynayır.
Müdafiə nazirinin qiymətli hədiyyə ilə mükafatlandırdığı hərbçilərdən biri də əsgər Malik Rzayevdi. Söhbət zamanı əsgər bildirdi ki, zəhmət çəksən, bəhrəsini görərsən. “Uğur qazanmağın yolu Nizamnamələrin tələblərinə ciddi əməl etməkdən, eyni zamanda, öyrədilən bilikləri  mənimsəməkdən, komandirlərin, böyük rəislərin təcrübələrindən yararlanmaqdan keçir. Zəhmətin, qazanılan təcrübənin, əldə edilən biliklərin nəticəsidir ki, bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov məni də qiymətli hədiyyə ilə təltif etdi. Cənab nazirin gəlişinə də, adımın təltif olunanların sırasında olmasına da sevindim. Nazirlə canlı ünsiyyətdə olmağın, ondan hədiyyə almağın sevincini sözlə izah etməyə çətinlik çəkirəm. Mənə gözəl duyğular yaşatdı. Əsgərin komandiri, birbaşa və ya bilavasitə böyük rəisləri yanında olanda izaholunmaz şəkildə ruhlanır. Əsas hədiyyə deyil, əsas olan rəhbərlik tərəfindən hərbi qulluqçuya, Azərbaycan əsgərinə verilən dəyərdir. Bundan sonra mənim məsuliyyətim ikiqat artır. Göstərilən etimadı doğrultmaq əsas vəzifə borclarımdan biri olacaq. Hərbçi olmaq həm böyük şərəf, həm də böyük məsuliyyət tələb edir. Valideynlərimizdən, müəllimlərimizdən, zabitlərimizdən mənimsədiklərimizi, oxuduğumuz kitablardan əxz etdiklərimizi xidmətimizdə yaşadırıq".
Malik Rzayev onu da qeyd etdi ki, hər bir gənc müqəddəs hesab edilən möhtəşəm bir yola çıxıb: "Bu yol Vətən sevgisindən keçir, müqəddəs sevgidən qaynaqlanır. Çünki bizim bütün sevgilərimiz Vətənlə bağlıdır. Etiraf edim ki, mən Vətən anlayışının müqəddəsliyini səngərdə düşmənlə üz-üzə dayanandan sonra dərk etməyə başlamışam. Vətən bizik, hamımızıq. Onun dünəninə də, bu gününə də, sabahına da hamımız cavabdehik.”
"Ümid edirəm ki, hərbi xidmətimizi layiqincə, şərəflə başa vuracağıq", - deyə əsgər Malik Rzayev sözünə davam etdi. “Bizim qarşımızda torpaqlarımızı azad etmək missiyası dayanır. Bu ülvi arzuya mütləq qovuşacağıq. Ali Baş Komandanımızın əmri ilə o günün uzaqda olmadığına inanırıq. Tezliklə Azərbaycan Ordusu qalib, Azərbaycan əsgəri isə qalibiyyət marşının sədaları altında Qələbə paradının iştirakçısı olacaq!”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"