Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2019 10:18

“Böyük Qələbə uğrunda döyüşlərdə də iştirak edəcəm”

Səngərdə zabit və əsgərlərlə söhbətlərin hər biri ayrı-ayrılıqda həmin zabitin və əsgərin ömür və xidmət yolları ilə ətraflı tanışlığa bir vasitə olur. Ön mövqedə tanış olduğum hərbçilərdən biri də gizir Elnur Aslanov 17 ildən çoxdur doğma ordumuzun sıralarında xidmət edir.
Gizir Elnur Aslanov Ağstafa rayonunda dünyaya göz açıb. Vaxtı çatanda o da ordu sıralarına çağırılıb. Bəzi yaşıdlarından fərqli olaraq Elnur həyatını orduya, hərbi xidmətə bağlayıb. O vaxtdan 17 il keçir. İki döyüş əməliyyatının iştirakçısıdır. İlk döyüşü 2008-ci ildə Goranboy istiqamətində olub. Atəşkəs rejimini pozan erməni işğalçıları qəflətən onlara hücum edib. Elnur da başqa hərbçilər kimi düşmən hücumunun qarşısını alanların sırasında olub. Gərgin döyüşdən sonra erməni işğalçıları geri oturdulub, dəqiq atəş zərbələri ilə susdurulub. Gizir Elnur Aslanov bu döyüşdə ayağından yaralanıb. Müalicə olunduqdan sonra xidmətini yenə də ön xətdə davam etdirib. Təlim-məşqlərdə hərbi bilik və döyüş vərdişlərini gənc əsgərlərə həvəslə öyrədib. Gələcəyin cəsur, qorxmaz hərbçilərinin hazırlanmasında bacarığını əsirgəməyib.
Gizir Elnur Aslanov Aprel döyüşlərində də iştirak edib və  yaralanıb. Yaralansa da, sonacan vuruşub.
- Erməni qəsbkarları qəflətən mövqelərimizə hücum edəndə müdafiə tədbirləri görməyə başladıq, - gizir Elnur Aslanov bir anlıq qələbəylə nəticələnən döyüşləri xatırladı. - Qısa müddət ərzində düşmən hücumlarının qarşısı alındı. Əks-hücumu davam etdirərək erməniləri postlarına sıxışdırdıq. Həmlələrimiz qarşısında dayana bilməyən işğalçılar geri çəkildilər. Ermənilər  hücumlarımızdan qorxaraq silahlarını da atıb qaçırdılar. Bir şeyə təəssüflənirəm ki, uğurla başa çatan Aprel döyüşlərində sonacan iştirak edə bilmədim. Vuruşmaq üçün özümə daha əlverişli mövqe seçmək istərkən dizlərimdən yaralandım. Döyüşçü yoldaşlarım məni hospitala çatdırdılar. Müalicəm uğurla yekunlaşdı. İndi özümü lap yaxşı hiss edirəm. Yenə də  ön xətdəyəm. Böyük Qələbə uğrunda döyüşlərdə də iştirak edəcəm.
Zəngin döyüş təcrübəsi olan gizir Elnur Aslanov hazırda əsgərləri Vüqar Rüstəmzadə, İzzət Məmmədov, Fariz Əkbərov və başqaları ilə çiyin-çiyinə verərək torpaqlarımızın keşiyində dayanırlar.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"