Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2019 10:18

“O sırada mən də olacam”

Üz tutub getdiyimiz bu yolun başlanğıcı da Vətəndir, sonu da. Bu yolla zabit və əsgərlərimizin yanına gedirik. Ön xətdə əsgərlərlə bütün görüşlərdə qəlbimiz iftixarla, könlümüz fərəhlə dolur.
Səngərdəyik. Leytenant Elgiz Sabirlinin hərəkətləri, əsgərlərlə davranışı onun haqqında gözəl təəssüratlar yaradır.
Belə vətənpərvər zabitin  tabeliyində olan əsgərlər də xidmətlərində komandirlərindən  nümunə götürməyə çalışırlar, təntənə ilə içdikləri Hərbi anda sadiq qalaraq qəhrəmanlarımızın döyüş yolunu davam etdirmək istəyirlər. Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edənlər sırasında onlar da döyüşəcəklər, qələbə qazanacaqlar. Cəsarət və hünərləri ilə sabahlarımızın qəhrəmanları olacaqlar.
Leytenant Elgiz Sabirli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.  Bunu özünə böyük şərəf bilən gənc zabit dedi ki, hərbçi olmaq, doğma ordumuzun sıralarında xidmət etmək, torpaqlarımızın keşiyində dayanmaq ən böyük arzum idi. “Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmət etməkdən qürur duyuram. Biz müqəddəs borcu şərəf və ləyaqətlə yerinə yetiririk. Əsgərlər Kənan Adamov, Məcid Məmmədov, Elçin Seyidov, Sənan Məmmədov və başqaları xidməti vəzifələrinə məsuliyyətlə yanaşırlar. Döyüş hazırlığı yüksək olan bu əsgərlər torpaqlarımızın azadlığı uğrunda savaşa hər an hazırdırlar.”
Səngərlərdə torpaqlarımızı erməni işğalçılarından qoruyan  zabit və əsgərlərin belə vətənpərvər və hazırlıqlı olması qələbəyə inamımızı daha da artırdı. Həm gənc zabit Elgiz Sabirlini, həm də onun tabeliyində olan əsgərləri sabahımızın qalibləri kimi gördük.
Gənc zabit Elgiz Sabirli dedi ki, Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdə mən də iştirak edəcəm, bu döyüşü ömrümün mənası biləcəm...

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"