Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2019 10:10

“Valideynlərimin qürurlu baxışlarını unutmaram”

Erkən yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyan şəxslərdə Vətən sevgisi yüksək olur və onlar mənəvi dəyərlərə sədaqət ruhunda böyüyürlər. Peşəsinə ürəkdən bağlı olan və nümunəvi xidmət edən bacarıqlı zabitlərimizə hər addımda rast gəlirik. Belə vətənpərvər oğullardan birini ön xətdə yerləşən hərbi bölmədə tanıdım. Tabeliyindəki əsgərlərlə burada yurd salan igidlər düşmən qarşısında inamla dayanırlar. Mövqelərimizi göz bəbəyi kimi qoruyanlarla, düşməni daim nəzarətdə saxlayanlarla birlikdə xidmət edən leytenant Xatir Soltanlıdır. Hərbçi peşəsinə olan həvəsi onu İsmayıllı rayonundan Bakıya C.Naxçıvanski adına Hərbi Liseyə gətirib. 2014-cü ildə hərbi təhsilini Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Təhsil aldığı illərdə həmişə öyrənməyə, hərbi biliklərini artırmağa səy göstərib. Ali Hərbi Məktəbdə təcrübəli zabit və müəllimlərdən çox vərdişlər öyrənib, ən əsası isə zabit peşəsinin şərəfli və məsuliyyətli olduğuna bir daha inanıb. Xalqa, Vətənə, dövlətçiliyə sevgisi, milli-mənəvi dəyərlərimizə bağlılığı olanlar hərbçi peşəsini seçirlər. Xatir ali hərbi təhsil ocağından məzun olduğu gündən danışdı:
- O gün həyatımın, gənclik illərimin ən əlamətdar günü idi.  Valideynlərimin önündə yüksək rütbəli zabit mənə diplom təqdim edərkən sevincdən gözlərim dolmuşdu. Bir yandan uşaqlıq arzuma çatmağın sevinci, bir yandan valideynlərimin qürurlu baxışları heç zaman yadımdan çıxmayacaq...
İnsanı yaşadan həyatı gözəlləşdirən arzularıdır. Yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" adlı romanını xatırlayıram. Həmin kitabda da insanın arzuları üçün yaşadığı və arzuların insan taleyinə necə güclü təsir göstərməsi əks olunub...
Gənc zabit düşüncələrinə sarılıb orta məktəb illərindən, peşə seçimindən, hazırkı vəzifələrindən danışdı. "Orta məktəbi yaxşı qiymətlərlə oxuyurdum. Bir gün atam gələcəkdə hansı sənətin sahibi olmaq istəyimi soruşdu. Zabit olacağımı dedim. Saçlarıma sığal çəkdi, xeyir-dua verdi. İndi bu yüksəkliklərdə vətənsevər əsgərlərin komandiri olduğum üçün özümü xoşbəxt sanıram. Təyinatla cəbhə bölgəsinə göndərilən andan özümə söz vermişəm ki, etimadı doğruldacam, ilk gündən məsuliyyətli, tələbkar olacam. Ən başlıca məqsədim tabeliyimdə olanları bacarıqlı, vətənpərvər, dövlətə və ordumuza bağlı əsgərlər kimi formalaşdırmaqdır."
Gənc zabit Xatir Soltanlı kimi bacarıqlı, vətənpərvər, savadlı komandirlərlə əsgərləri də qürurlanır, biz də...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"