Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2019 10:10

“Hərbi and içəndə qürurlandığımız qədər qürurlandıq...”

Azərbaycanda ordu quruculuğu, bu baxımdan şəxsi  heyətin döyüş və mənəvi-psixoloji hazırlığı dönməz, zəruri dövlətçilik proseslərindəndir. Döyüş hazırlığı hərbi biliklərin, vərdişlərin aşılanması ilə, müxtəlif miqyaslı təlimlərlə, ideoloji iş və mənəvi-psixoloji hazırlıq üzrə zabitlərin şəxsi nümunəsiylə, ideoloji işin səmərəli təşkiliylə, bu və ya digər mövzuda disputlarla, müzakirələrlə, asudə vaxta müəyyən qədər pedaqoji, didaktik mahiyyət verməklə, əsgər dostluğunun potensialına istinad etməklə formalaşır. Bu vacib amilləri Azərbaycan Prezidentinin, eləcə də Müdafiə nazirinin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə söhbətləri tamamlayır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində əsgər və zabitlərlə söhbətləri tarixləşdi. Bu görüş hərbi qulluqçuların yaddaşında həm də səmimiliyiylə, mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi  qalacaq. Leytenant Uğur Bayramov da, əsgərlər - İqor Rıskin də, Ramal  Mehdiyev də bu  təsadüfi həmişə xoş duyğularla, könül xoşluğuyla xatırlayacaqlar.
Zabit Ceyhun Bağırov yaxşı əsgər amilinə əsaslanaraq əsgər İqor Rıskinin də, əsgər Ramal  Mehdiyevin də nümunəvi əsgər olduğunu bildirdi.
- Hər ikisi ali təhsillidir, savadlıdır, hər ikisinin yaxşı nitq qabiliyyəti var, hər ikisi məsuliyyətlidir. Hərbi hissədə keçirilən mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edirlər. Bu və ya digər mövzu ilə bağlı bildiklərini əsgər yoldaşları ilə həvəslə bölüşürlər. Yəni, hər ikisi nümunəvi əsgərdi.
İqor Rıskin Bakı şəhərində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Uçuş mühəndisliyi fakültəsini 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Aviasiya Akademiyasını ingilis dilində fərqlənmə diplomu ilə bitirməsi onun savadlılığını təsdiqləyir, söhbətləri, məntiqli, məzmunlu, rabitəli danışığı dünyagörüşünün genişliyini, "Göyləri sevirəm, pilot olacam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə  qürurlanmasından da qürurlanıram", - kəlmələri vətənsevərliyini təsdiqləyir.
- Məhz bu hərbi hissədə xidmət  etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən,  özümə məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa  arxasında nahar etmək, söhbətləşmək - bu duyğuları, - o anları necə yaşadığımı ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm.
İqordan Müdafiə naziriylə söhbətdə müəyyən çəkingənlik hiss edib-etmədiyini soruşdum. Gülümsündü. Bu qürurlu təbəssümü o gözəl təsadüfün könül xoşluğuna yozdum:
- O səviyyədə səmimi münasibətin müqabilində  kim olsa az sonra çəkingənliyindən xəcalət çəkərdi. Nazirimizin səmimi sualları da əsgərin  hərbi xidmətinə, hərbi xidmətdən sonrakı həyatına diqqət və qayğı idi. Nə gizlədim, hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin böyük sayğılarla "Bəlkə  gələcəkdə hərbi xidmətini davam etdirəsən?" - təklifi mənim düşüncələrimi tərpətdi. Deyəsən, hərbçi olacam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu olacam, - İqorun səsində həm qürur vardı, həm də vətəndaşlıq borcunu sonacan yerinə yetirmək istəyi...
Ramal Mehdiyev Gəncədə anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetinin energetika mühəndisliyi fakültəsini bitirib. Magistr təhsillidir. Aydın düşüncəli əsgərdir. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, 2016-cı ilin Aprel  döyüşlərindən, qazanılan qələbədən, Günnüt zəfərindən, azərbaycançılıqdan, Azərbaycan əsgərinin mənəvi dəyərlərimizi müqəddəslik mərtəbəsində yaşatmasından danışdıq. Əsgər Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm paradı, bu paradda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  çıxışını, çıxışından bir kəlamı xatırladı: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək." Ramal əsgər yoldaşlarının xidmətindən söz açdı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi hissədə nahar zamanı onunla söhbət etməsindən də danışdı:
- Hərbi xidmətdə əsgərlərin yadında qalan xoş günlər, xoş anlar çox olur. Hamımız Hərbi andiçmə gününü xidmətdə olduğumuz müddətdə xoş ovqatla xatırlayırıq. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi hissəmizə gəlməsi, naharda mənimlə də söhbət etməsi yaddaşımdan heç zaman silinməyəcək. Səmimi sorğular əsgərlərin hərbi xidmətiylə maraqlanmaq istəyiydi. Nazirimiz bir daha əmin oldu ki, Azərbaycan Ordusunun şəxsi heyəti xidmət şəraitindən razıdır. Bu şəraitə görə əsgərlər adından Ali Baş Komandana minnətdarlığımı bildirdim.
Nazirimizin sorğuları təkcə hərbi xidmətlə bağlı deyildi, o, şəxsi problemlərimizin olub-olmamasıyla da maraqlandı. Azərbaycan əsgərlərinin bir ümumi problemi var, bu problem Vətənin problemidir. Bu problem torpaqlarımızın işğaldan azad edilməsidir. Biz Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Biz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.
- Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu yaddaqalan  naharda da hiss edildi, eləmi?, - soruşdum. Səmimiyyət  həmişə reallığın aşkarlayıcısı olub. Əsgər Ramal Mehdiyev səmimi sorğumu səmimiyyətlə cavablandırdı:
- Bəli, bu döyüş əzmi, bu qələbə ruhu  bizi Böyük Qələbəyə aparacaq.
Əsgərin bu inamını məmləkətimizin, "mən azərbaycanlıyam!" qürurunu yaşayanların hamısının inamı bildim....
Leytenant Uğur Bayramov Naxçıvanda, Şahbuzda anadan olub. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2018-ci ildə bitirib.
Əsgərlərin hadisəni təqdim etmə bacarığından bizim kimi gənc leytenant da razı qalmışdı. Sakit təbiətli zabitdən soruşdum ki, əsgərlərin dediklərinə  nə əlavə edərdiniz. Leytenant Uğur Bayramov bir də İqora, Ramala baxaraq dedi:
- Mən də həmişə hərbi xidmətimlə qürurlanmışam. İndi həm də zabit  olaraq belə əsgərlərlə qürurlanıram. Hərbi hissəmizdə nümunəvi xidmətiylə tanınan əsgər İqor Rıskin, əsgər Ramal Mehdiyev dünyagörüşüylə, nitq qabiliyyətiylə, erudisiyasıyla Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da rəğbətini qazandı. Mənə elə gəlir ki, bu rəğbət hər iki əsgərin gələcək hərbi xidmətində məsuliyyətartırma baxımından əhəmiyyətli olacaq.
Həsəd mənəvi kamilliyə söykənən duyğudur. Ramal da, İqor da bu duyğudan söz açdı.
- Nə vaxtsa həsəd apardığım məqamlar olub. Həsəd "filankəs filan uğura niyə nail oldu?" - kimi yaşanılmır, "o uğura kaş mən də nail olaydım" - istəyiylə yaşanılır. Həmin gün həmin gözəl görüşdə olmasaydım, İqora da, mənim yerimdə kim oturardısa, ona da həsəd aparardım. Belə xoş anları yaşamaq hər əsgərə nəsib olmur, - Ramal belə dedi. Onun fikrini İqor tamamladı:
- Biz bu dünyagörüşlə, bu məsuliyyətlə formalaşdığımıza görə valideynlərimizə, müəllimlərimizə minnətdarıq. Əsgər kimi formalaşdığımıza görə komandirlərimizə bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımıza minnətdarıq, - İqor belə dedi.
Səmimi mükalimələşməni Ramal tamamladı:
- Və bir də bu təsadüfə minnətdarıq...
Bu söhbətin sevincini təkcə leytenant Uğur Bayramov, əsgər İqor Rıskin, əsgər Ramal Mehdiyev yaşamayıb. Bu sevinci hərbi hissənin şəxsi heyəti də yaşayıb. Bu görüş, bu söhbət yaddaqalan  olub, hamının yaddaşına, düşüncələrinə hopub. Leytenant Uğur Bayramov onu da dedi ki, hərbi hissənin əsgərləri arasında səmimi dostluq münasibətləri var, bu münasibət səmimi duyğularla qarşılıqlı şəkildə yaşadılır, yaşadılacaq da. Asudə vaxtlarda əsgərlərdən birinin yaxşı düşüncəsi, gözəl düşüncəsi, gərəkli  düşüncəsi  digərlərinin düşüncələrinə hopur, mənəvi-psixoloji hazırlıqda belə üsulu səmərəli hesab edirik... Belə səmimi söhbətə tarix deyə bilərik. Qışın yaz ovqatlı bir günündə yaşanılan tarix bu ovqatla da yaşadılmalıdı. Əsgərlər bu günü  tarix kimi yaşadacaq, böyük sevgilərlə, qürurla yaşadacaqlar. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "N" hərbi hissəsində əsgərlərlə  nahar etməsi, söhbətləşməsi, bu söhbətin məzmunlu mahiyyəti neçə-neçə çağırışçının peşə seçiminə təsir göstərəcək, neçə-neçə əsgər hərbi xidmətdən sonra taleyini ordu ilə bağlayacaq. Bu baxımdan "N" hərbi hissəsində bu söhbətləşmənin də ordu  quruculuğunda əhəmiyyətli olacağını güman edirik. Bu güman inama, etibara söykəndiyi üçün reallıqdır...
Əsgərlər həm də dedilər ki, Müdafiə naziri ilə söhbət edəndə Hərbi and içəndə qürurlandığımız qədər qürurlandıq.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"