Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

“Mən çempion olacam!”

Bu yaxınlarda Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. Yarışda 24 ölkədən 500-dən çox idmançı, beş növ - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Dünya birinciliyində Azərbaycan 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran komandası üçüncü yerə layiq görülüb.
Sonuncu Azərbaycan kubokunun qalibi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Bəxtiyar Elyasov dəfələrlə respublika çempionu olub. Heç bir rəqibinə uduzmadığı halda yarışı üçüncü yerdə başa vurması onun baxışlarına məyusluq hopdurub. Bəxtiyar üzləşdiyi qaçılmaz hadisədən danışdı. "Bu yarışa çox ciddi hazırlaşmışdım. Qalib olacağıma da inanırdım. Hərbçi yoldaşlarımın dəstəyi məni daha da ruhlandırmışdı. Turnirə qələbə ab-havasında başladım. Hədəfimə doğru inamla irəliləyirdim. Yarımfinal görüşünə kimi bütün rəqiblərimə qalib gəldim. Dörddəbir finalda gözlənilmədən zədə aldım. Rəqibim çox güclü idi. Qalib gəlmək üçün bütün qüvvəmi ortaya qoydum. Qalib də oldum, lakin sol ayağımın bud əzələsi əzildi. Həkimlər bir gün sonra baş tutacaq yarımfinalda iştirak edə bilməyəcəyimi bildirdilər. Onlardan çox xahiş etdim, çıxıb döyüşmək istədim, amma icazə vermədilər. Ayağımı yerə basa bilmirdim, amma mübarizə aparmaq istəyirdim. Lakin bu olmadı, mənə yarımfinalda zədəyə görə texniki məğlubiyyət verdilər. Turniri bürünc medalla başa vurdum".
Hərbi hissəyə qızıl medalla qayıtmağı arzu edən idmançımız şəxsi heyətin dəstəyinin ona təsəlli olduğunu bildirdi. "Düzdür, yarış zamanı zədədən heç kim sığortalanmır. Bu hər bir idmançı üçün qaçılmazdır. Mən çox heyifsiləndim ki, hərbi hissəmə qızıl medalla qayıda bilmədim. Kollektivin məni qalib kimi qarşılamağı, təsəlliverici xoş sözləri məni sevindirdi, duyğulandırdı. Başda komandirlərim olmaqla, hamı mənə dəstəyini və inamını göstərdi. Kürsünün birinci pilləsinə çıxmasam da, onların ürəyində birinci olmaq da mənim üçün qələbəyə bərabərdir. Bu münasibət mənəvi-psixoloji vəziyyətimi xeyli yaxşılaşdırdı. 2020-ci ildə Türkiyə Cümhuriyyətinin Bursa şəhərində keçiriləcək növbəti dünya çempionatına gərgin məşqlərlə və ruh yüksəkliyi ilə hazırlaşıram. Mən çempion olacam, mütləq olacam", - deyən idmançımızın inamına biz də inanırıq. İnanırıq ki, Bəxtiyar qalib gələcək.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"