Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

“Döyüşə hər an hazırıq!”

Ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, mənəvi-psixoloji hazırlıqlarının formalaşdırılması şəxsi heyətin istənilən coğrafi və təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində motoatıcı bölüyün taktiki məşğələsini izlədik. Keçirilən dərsdən məlum oldu ki, şəxsi heyətin döyüş vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılır.
Zabit ərazinin vizual kəşfini apararaq, şərti düşmənin müdafiə xəttinin önünü və atəş vasitələrinin yerləşməsini, mühəndis maneələrinin yerlərini və xarakterini, əngəlləri, böyük rəisin vasitələri  ilə məhv ediləcək hədəfləri və digər mühüm məsələlərin koordinatlarını dəqiqləşdirdikdən sonra bölmənin şəxsi heyəti hücuma keçdi. Düşmənin şərti mövqeyini ələ keçirmək üçün hərəkət istiqaməti boyunca qarşıya çıxan bütün maneələri dəf etdilər. Məşğələdə qarşıya qoyulan tapşırıq yerinə yetirildi. Komandirin əsgərlərin suallarını cavablandırması, dərsin başa çatdığını bildirirdi.
Məşğələdən sonra zabit Həsənağa Abdullazadə bildirdi ki, ərazidə keçirilən hər məşğələnin döyüş hazırlığının yüksəldilməsində böyük əhəmiyyəti var. “Hər an döyüşə hazırıq. Əsgərlərin döyüş hazırlığına xüsusi diqqət ayırırıq. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mənimsədiklərimizi əsgərlərimizə aşılayırıq. Müəllimlərim deyərdi ki, savadlı komandirin əsgərləri savadlı olur. Bunu xidmətə başladığım ilk gündən özümə şüar tutaraq xidmət edirəm. Biz Ali Baş Komandanımızın döyüş əmri ilə dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyik. Hər birimizin arzusu işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək döyüşlərdə iştirak etməkdir."
Əsgər Canəli Səmədov bildirdi ki, biz Vətənin keşikçiləriyik, üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetiririk. “Komandirlərimizin köməyi ilə bacarıqlı əsgər kimi formalaşmışıq. Onların bizə diqqəti və qayğısını hər an hiss edirik. Üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Hərbi xidmətə çağırılanda çox istəyirdim ki, ön xətdə xidmət edim. Gənc əsgər hazırlığı dövrü bitdikdən sonra ön xətdəki bölməyə təyin olunduğumu biləndə çox sevindim.”
"Vətənimizə layiqli əsgər olmaq üçün hər birimiz məşğələlərdən və asudə vaxtdan səmərəli istifadə edirik", - əsgər Camal Muradov söhbətə başladı. - Döyüşə hər an hazırıq. Hərbi biliklərimizi artıraraq, qarşıya qoyulan tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetiririk. Xidmətə başlayandan komandirlərimiz bizə qətiyyətli, cəsarətli, diqqətli, məsuliyyətli olmağı öyrədiblər. Dərslərdən sonra yaranan sualları maraqla cavablandırırlar.
Əsgərlər Sərvan Balakişiyev, Şahin İsmayılov, Samir Həsənov, Pənah Səlimov, Səməd Abdullayev və digərləri bildirdilər ki, bu ordunun gücü, qüdrəti ilə hər birimiz qürurlanırıq. Ordumuz Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacaq...

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR