Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

Əsgərlərin köksündə Vətən adlı ürək döyünür

Payız fəsli olsa da, qış ovqatı duyulmaqdadı. Hər tərəf qardı. Soyuq, sazaq qəlbimizin, ürəklərin hərarətini üstələyə bilmir. Bu hərarət Azərbaycan əsgərinin Vətən sevgisindən gəlir. Təbiətin əsrarəngizliyi ilə qəlbimin döyüntüsü arasında qəribə bir tandem hiss edirəm... Bura səngərdi. Bura Vətəndi... Azərbaycan Ordusunun əsgəri Vətəni buradan da qoruyur. Bu hərarət cazibəsində Azərbaycan əsgəri ilə səngərdə görüşürük, kəlmələşirik...
Yolların daşlı-kəsəkli olması bir yana, yerdəki qar sürücünün məsuliyyətini daha da artırırdı. Uzun illərdir ordu sıralarında xidmət edən və bu yollara yaxşı bələd olan təcrübəli sürücünün idarə etdiyi maşınla  döyüş postuna çatırıq. Kapitan Fərid Musayev ordu quruculuğundan, şəxsi heyətin hər cür şəraitlə təmin olunduğundan danışır, qışın sərt keçəcəyini güman etdiyini deyir. "Havaların kəskin soyuması ilə əlaqədar bölmələrin qışa hazırlığına ciddi fikir  verilir. Bu bölgədə qış qapını döyməmiş hazırlığı başa çatdırmaq olduqca zəruridir. Dağlarda əsgərlərin qış qayğıları indidən həllini tapır. Dövlətimizin və ordu rəhbərliyinin qayğısı sayəsində bütün mövqelərimizdə müasir məişət şəraiti yaradılıb. Yataqxanalarımız istiliklə tam təmin olunub. Şəxsi heyətə qış geyimləri verilib. Qışa tam hazırıq. Belə əlverişli şərait şəxsi heyətə yüksək döyüş əzmi, qələbə ruhu aşılamaqla yanaşı, onları qarşıya qoyulmuş mühüm tapşırıqları məsuliyyətlə yerinə yetirməyə ruhlandırır", - deyə zabit bildirir.
Gizir Fərman Əliyev əsgərlərə təlimat verdikdən sonra səngərə doğru irəliləyir, sıra ilə növbəni təhvil-təslim edir.
Ərazi ilə tanış oluruq. Burada yemək otağı, hamam, silah-doldurub boşaltma yeri ilə yanaşı, idmanla məşğul olmaq üçün də şərait yaradılıb. Asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulmuş otaqda stolüstü oyunlar üçün şahmat, dama, həmçinin hərbi biliklərini artırmaq üçün kitablar, qəzet və jurnallar var. Ümumi şərait bizi bir daha əmin edir ki, ordumuzun istənilən bölməsində şəxsi heyətin inamlı xidməti üçün hər cür şərait yaradılıb.
Yataqxananın girişindəki şəhidlik lövhəsi, Milli Qəhrəman Mübariz İbrahimov guşəsi burada mənəvi-psixoloji işin də yüksək olduğunun təsdiqidir. Səngərdə əsgərlərlə bir arada olmağın qürurunu yaşayıram. Tez bir zamanda Qarabağda dalğalanacaq üçrəngli bayrağımızın kölgəsində toplaşıb, kəlmələşmək keçir ürəyimizdən. Bu arzu bütün Azərbaycan xalqının arzusudur. Fərmanın sözləri məni düşüncələrimdən ayırır. Biləsuvar rayonundan olan giziri yenidən ordu həyatına qaytaran əsas səbəblərdən biri həmyerlisi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ehtiramıdır, sevgisidir. Onun qəhrəmanlığını həyat yoluna nümunə bilir. Vətənə sevgi  hissi ilə cəbhə bölgəsində xidmət edir. Hər əsgərin vəzifəsinin məsuliyyətini yaxşı dərk etdiyini bildirir: "Bu gün taleyini  hərbçi peşəsinə bağlamaqdan qürur duyan hər bir vətənpərvər gənc kimi mən də düzgün addım atdığımı anlayıram. Sıralarımızda xidmət edən əsgərlərin keçirdiyi hissləri yaxşı başa düşürəm, çünki 3-4 il əvvəl mən də onlar kimi əsgər olmuşam. Onların hər biri Vətənə, el-obaya bağlı gənclərdi. Vətəndaş olmağın məsuliyyətini dərindən dərk edərək, Vətənə əsgər olmağın mahiyyətini yaxşı anlayırlar, işğalda qalan torpaqlarımızı azad edəcək döyüşlərin arzusu ilə xidmət edirlər. Mən də tabeliyimdə olan əsgərlərin hazırlıqlı əsgərlər kimi formalaşmasına çalışıram. Döyüş vərdişləri ilə yanaşı, onlara mərdlik, qəhrəmanlıq kimi mənəvi dəyərləri də aşılayır, bu məqsədlə yaxın tariximizin, Aprel döyüşlərinin qəhrəmanlarından söz açır, tanıdırıq. Belə qəhrəmanlıqlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün ən dəyərli örnəkdir."
Əsgər Nicat Alıyev  deyir ki, bizim əzəli silahımız Vətən sevgisidir. Qəlbində Vətənə sonsuz sevgi olan Nicat Vətənin səngərdən başlandığını bildirir. "Həyatı hərbi xidmətə gəldikdən sonra dərk etdim. Səngərdə ata-babalarımızın yolunu davam etdirəndə  Vətən insan üçün daha da müqəddəsləşir, ilahi dəyərə çevrilir. Vətənə sevgin daha da artır. Müqəddəs vəzifə yerinə yetirdiyini daha dərindən anlayırsan".
Əsgərin məğrurluğu, Vətənə bağlılığı bir daha göstərir ki, hər bir əsgərimiz qəhrəman xalqın övladıdır. İgid oğullarımız tarix boyu Vətən üçün, torpaqlarımızın azadlığı üçün döyüşlərdə şücaət göstəriblər. Əsgər Murad Qasımov ordu həyatının onun taleyindəki rolundan həvəslə söhbət açaraq deyir:
- Bu gün Vətənimizin bacarıqlı əsgəri kimi formalaşdığım üçün öncə komandirlərimə və torpaqlarımızın keşiyində çiyin-çiyinə dayandığım silahdaşlarıma borcluyam. Hərbi xidmət dövründə qazandığım bir çox vərdişlərə görə əminəm ki, mülki həyatda müstəqil yaşamaq mənə çətin olmayacaq. Bir həqiqəti başa düşdüm ki, ordu həyatı, sözün həqiqi mənasında, bir kişilik məktəbidir və bu yolda sınaqlarda bərkidiyim üçün özümü xoşbəxt sanıram.
"Hərbi xidmətə gələn ilk gündən özümə söz vermişəm ki, Hərbi anda sadiq qalaraq, bacarıqlı əsgər olacam. Torpaqlarımızı göz bəbəyi kimi qoruyacam. Xidmətimi uğurla davam etdirməyimdə gənc əsgər hazırlığının rolu böyükdür. Orada komandirlərimiz bizə silahlardan istifadə etməyi, döyüş hazırlığı, sıra hazırlığı və digər hərbi bilikləri öyrətdilər. Vətəni qorumağa qadir olan bacarıqlı əsgər kimi formalaşdım. Hal-hazırda döyüş postunda xidmətimi uğurla davam etdirirəm. Biz düşməndən qat-qat güclüyük. Ali Baş Komandanımızın əmrini yerinə yetirməyə hazırıq", - əsgər Amid Hüseynov belə deyir.
Amidin sözlərinə qüvvət kimi deyirəm ki, Azərbaycan Ordusu nəinki düşməndən güclüdür, həmçinin dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu gün hər kəs ordumuzla qürur duyur, ona arxalanır.
Əsgər Zeynal Əhədzadə deyir: "Hərbi xidmət Vətən qarşısında övladlıq borcu olduğu üçün müqəddəs vəzifədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hər birimizin arzusudur. Bu təkcə bizim yox, valideynlərimizin də istəyidir.  Bizim uğurlu xidmətimizə, ordumuza layiqli əsgər olmağımıza onlar da sevinirlər. Andiçmə mərasimində məni hərbi formada görən anam-atam çox sevinmişdi, qürurlanmışdı. Əsgərliyin müqəddəs vəzifə olduğunu deyərək tövsiyələrini vermişdilər. Artıq hazırlıqlı əsgərəm. Üzərimə düşən məsuliyyəti dərk edərək döyüş növbəsində ayıq-sayıq xidmət aparıram. Torpaqlarımızın hər qarışı üçün döyüşməyə hər an hazıram."
Əsgərlərin qətiyyətini, Vətənimizə, xalqımıza sevgisini gördük. Onu da duyduq ki, əsgərlərin hər birinin köksündə Vətən adlı ürək döyünür... 

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"