Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2019 10:56

“Atamın döyüş yolunu davam etdirəcəm”

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq.

Təsadüf elə gətirdi ki, qatarda bir vətənpərvər ədəbiyyat müəllimi ilə yol yoldaşı olduq. Onunla gənc nəslin vətənpərvərlik ruhunda böyüməsindən, tərbiyə olunmasından ürək dolusu danışdıq, xeyli dəyərli qəhrəmanlıq nümunələrindən söz açdıq. Bir sözlə, daim bizi düşündürən Vətəndən, Torpaqdan danışdıq vətəndaş heysiyyətiylə. Maraqlı söhbət ovqatımızı xeyli yüksəltdi. Zabit və əsgərlərin yanına belə gözəl ovqatla gedirəm.
Ön xətdə yerləşən bölmənin həyətində zabit Rafiq Nuruyevlə qısa söhbətdə böyük uğurla başa çatan 2016-cı ilin Aprel döyüşlərini də xatırladıq. O da bu şanlı döyüşlərin iştirakçısı olubmuş. Lələtəpə yüksəkliyinin erməni qəsbkarlarından azad olunması uğrunda vuruşub. Həmin uğurlu döyüşlərdən söz açaraq deyir ki, Aprel zəfəri ordumuzun şərəfli səhifəsidir. “Bu səhifəni qəhrəmanlıqlar yazdı. Qürur duyuram ki, mən də bu döyüşlərin iştirakçısı olmuşam. Zabit və əsgərlərimiz bu əməliyyatlarda cəsarətlə, rəşadətlə vuruşaraq böyük igidlik göstərdilər. Elə bil şəxsi heyət qəhrəmanlıq göstərmək üçün döyüşlərin başlanmasını gözləyirmiş. Ermənilər müqavimət göstərməyə çalışsalar da, bunu bacarmadılar. Aprel döyüşlərindən əvvəl cəmiyyətdə ermənilərin məğlubedilməzliyi haqqında həqiqətdən xeyli uzaq olan boş bir mif dolaşırdı. Ordumuzun bu zəfəri, düşmən üzərindəki qalibiyyəti bu mifi darmadağın etdi. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusundan dəfələrlə zəifdir. Gündən-günə gücü, qüdrəti artan Azərbaycan Ordusu qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əminəm ki, Ali Baş Komandan  əmr verərsə, zabit və əsgərlərimiz daha da böyük hünər və qəhrəmanlıqlar göstərərək Böyük Qələbəni qazanacaqlar.”
Səngərlərə - zabit və əsgərlərin yanına tələsirik.
Maşınımız üzü dağlara tərəf istiqamət götürür. Payızın orta ayı olsa da, havalar o qədər də sərt keçmir. Bələdçimiz baş gizir Niyaməddin Nəsirov yolboyu bizi ötüb keçdiyimiz ərazilərlə tanış edir. Dediklərindən hiss olunur ki, o, bu yerlərin hər daşına-qayasına bələddir. Dərələrdən birinin ətəyindən keçəndə baş gizir ərazidəki dərin qazılmış mövqeləri göstərərək deyir ki, Aprel döyüşlərindən əvvəl mövqelərimiz burada yerləşirdi. “Amma uğurla başa çatan əməliyyatdan sonra xeyli irəliləmişik. Getdiyimiz bu yerlər uzun illər düşmənin tapdağı altında qalmışdı”. 
Bələdçimizdən onu da öyrənirik ki, o da Aprel döyüşlərinin iştirakçısıdır. İstehkamçı olan Niyaməddin həmin döyüşlərdə mühüm hərbi tapşırıqları yerinə yetirib. Bu gün də xidmətini uğurla davam etdirən baş gizir "Hələ qarşıda bizi neçə-neçə uğurlu döyüşlər  gözləyir", - deyərək söhbəti yekunlaşdırır.
Mövqelərə çatırıq.
Maşından düşüb asta addımlarla mövqelərə qalxırıq. Yüksəklikdə olduğumuza görə ətraf ərazi aydın görünür. Qarşıda könül oxşayan gözəl mənzərələr açılır. Gözəllikləri seyr edə-edə səngərə - əsgərlərin yanına çatırıq. Baş leytenant Elgiz Sabirlinin şux duruşu, iti baxışları, cəld və çevik hərəkətləri qorxmaz və cəsarətli olduğundan xəbər verir. Söhbət zamanı öyrənirəm ki, bu gənc zabit ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hərbçi kimi kifayət qədər bacarığı və təcrübəsi var. Baş leytenant deyir ki, torpaqlarımızı qorumaq bizim ən müqəddəs borcumudur. “Bu gün biz zabit və əsgərlər doğma torpaqlarımızın müdafiəsində dayanmaqdan böyük şərəf duyuruq. Hər an döyüşə hazırıq. Əsgərlərimizin döyüş hazırlığı, bacarığı və peşəkarlığı yüksək səviyyədədir. Onlar düşməni qısa müddət ərzində məğlub etmək gücündədirlər. Dayandığımız bu mövqelər, bu səngərlər Aprel döyüşlərinə qədər erməni qəsbkarlarının nəzarətində olub. Aprel döyüşləri zamanı ordumuzun bölmələrinin şəxsi heyəti qısa müddətdə erməniləri əks-həmlələrlə geri oturtdular. İndi bu mövqelər bizdədir. Əsgərlərimizin döyüş əzmi, qələbə ruhu yüksək səviyyədə olduğundan onlar bu qələbəni təkrarlamağa hər an hazırdırlar”. 
Səngərdə addımladıqca adamın qanı coşur, özünü məğlubedilməz döyüşçü, məğrur, qəhrəman bir əsgər hiss edir. Yəqin ki, səngərlərdə insanı yüksəlişə, zəfərlərə aparan bir güc var. Əsgərlər göz qırpmadan torpaqlarımıza keşik çəkirlər. Baş leytenant Elgiz Sabirli bizi onlarla tanış edir.
Əsgər Kənan Adamov ordu sıralarına ötən il çağırılıb. Gədəbəydə dünyaya göz açıb. "Erməni işğalçıları 1992-1993-cü illərdə rayonumuzun kəndlərinə hücum edəndə, əli silah tutanlar cəbhəyə yollanıb, düşmənlə vuruşub döyüşdülər", - deyə əsgər Kənan Adamov söhbətə başlayır. "Buna görə də ermənilər rayonun ərazisinə ayaq qoya bilmədilər. Güc birlikdədir. Bu gün biz birik, bir yerdəyik, güclüyük, məğlubedilməzik! Düşmən bu gücün, bu qüdrətin qarşısında dayana bilməyəcək. Qarabağın azadlığı uğrunda döyüşlər başlayarsa, qalibiyyət bizim olacaq!”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ədalət Zəkiyevin atası Heybət Zəkiyev Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Əsgər Ə.Zəkiyev bu barədə iftixarla danışır:
- Atam Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Mən orta məktəbdə oxuyanda atam Qarabağ müharibəsindən də danışardı. Onun söhbətlərini dinlədikcə düşmənə nifrətim daha da artırdı. Mən də atam kimi əsgər olmaq istəyirdim. Bu düşüncələr də məni səngərlərə gətirib çıxartdı. Atamın döyüş yolunu davam etdirməyə hazıram. Ata-bala ikimiz də müxtəlif illərdə doğma ordumuzun əsgərləri olmuşuq. Mən bundan qürur duyuram. Əvvəllər evdə atam müharibədən, iştirakçısı olduğu döyüşlərdən danışardı. İndi isə mən məzuniyyətə gedəndə evdəkilərə səngər həyatından, xidmətdən söz açıram. Atam mənə diqqətlə qulaq asır və ordumuzun bu cür inkişafı, formalaşması keçmiş döyüşçü kimi onu çox sevindirir.
Əsgərlərdən Məcid Məmmədov, Elçin Seyidov, Sənan Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Asəf Quluyevlə və başqaları ilə də söhbət edirik. Onların vətənpərvərliyini, cəsarətini, torpaq sevgisini, bacarıqlarını, hərbi biliklərinin zənginliyini, yüksək peşəkarlığını gördükcə ürəyimiz açılır, qəlbimizi xoş hisslər bürüyür. Bir daha əmin oluruq ki, hərbçilərimiz torpaqlarımızı işğaldan azad etməyə hazırdır, qadirdir.
Əsgərlərimizin söhbətlərindən, əzmkarlıqlarından, cəsarətlərindən, hünərlərindən və dayandıqları səngərlərdən qələbə qoxusu gəlir.
Dayandığım səngərdən kövrək hisslərlə qarşı tərəfə boylanıram. Baxışlarım doğma ocaqlarda ilişib qalır. Hiss edirsən ki, biz o yerlərin həsrətini çəkdiyimiz kimi, o torpaqlar da bizim nəfəsimizə həsrətdir...

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan Ordusu"