Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2019 10:03

Voleybol üzrə ordu birinciliyi başa çatdı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, 18-23 noyabr tarixlərində voleybol üzrə ordu birinciliyi keçirildi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında təşkil olunan yarışda hərbi birləşmələri, qoşun növü və qismləri, xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 14 komanda öz güclərini sınayırdı. Keçirilən yarışın ilk günündə rituala uyğun olaraq ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Təntənəli yarışın açılış mərasimində çıxış edən Müdafiə Nazirliyi fiziki hazırlıq və idman bölməsinin rəisi polkovnik Sadiq Paşayev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından yarış iştirakçılarına uğurlar arzuladı və ordu birinciliyi idman turnirinin keçirilməsinin önəmindən danışdı. Polkovnik S.Paşayev ordu sıralarında xidmət edən hərbi qulluqçuların fiziki hazırlığına nəzarətin rəhbərlik tərəfindən qarşıya qoyulmuş prioritet məsələlərdən biri olduğunu bildirdi. "Gənclərin sağlamlığı hər bir ölkənin təməl prinsiplərindəndir. Sağlamlığın əsasını təşkil edən amilin idmanla bağlı olduğunu nəzərə alsaq görərik ki, ölkə rəhbərliyi gənclərin sağlam ruha, yüksək fiziki göstəriciyə sahib  olmaları və formalaşmaları üçün çox zəruri işlər görür. Bu gün Azərbaycanda, demək olar ki, bütün idman növlərində dinamik inkişaf var və hər bir idman növündə qazanılan uğur dövlətimizin beynəlxalq imicini daha da artırır. Rəhbərlik tərəfindən uğurla aparılan idman siyasəti ordumuza da öz müsbət təsirini göstərir. Şəxsi heyətin fiziki hazırlığının nəzarətdə saxlanması üçün hərbi hissələrdə günün nizam qaydasına uyğun olaraq idman tədbirləri həyata keçirilir. Müntəzəm olaraq hər il keçirilən ordu birinciliyi yarışlarında hərbi qulluqçularımız fərqli yarışlarda öz güclərini sınayır, idman üzrə ordu birincisi adını qazanmaq üçün mübarizə aparırlar. Bundan başqa hərbçi idmançılarımız təkcə ölkə hüdudlarında keçirilən turnirlərdə deyil, həmçinin ölkə xaricində təşkil olunan beynəlxalq turnirlərdə də  iştirak edirlər. Davamlı təşkil olunan yarışlara qoşulan hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək bayrağımızı daim yüksəklərdə dalğalandırırlar. Sözsüz ki, hər bir idmançımızın qazandığı uğur bütövlükdə ölkəmizin uğurudur".
Zabitin çıxışından sonra komandalar meydana çıxdı və yarışlara start verildi. Birinciliyin ilk 3 günü qrup mərhələsində keçirildi. Uğurla çıxış edən komandalar növbəti mərhələyə yüksələrək, çempionluq uğrunda daha ciddi mübarizəyə atıldılar.
Yarımfinal mərhələsində "Şəmkir" və "Beyləqan" komandaları üz-üzə gəldilər. Komandaların heyətləri ilə tanış olaq:
"Şəmkir" komandası - baş leytenant Yusif Murtuzəliyev, gizir Tayıb Tayıblı, çavuş Adil İsgəndərov, kiçik çavuşlar Reşal Əkbərov, Tural Məmmədov, Qüvvət Əmrahov, əsgərlər Füzuli Tağıyev, Elçin İsmayılov, Muxama Yaqubov və Famil Məmmədli.
"Beyləqan" komandası - baş leytenantlar Samir İsayev, İslam Əzimzadə, leytenant Ağarəşid Əliyev, gizir Əli Bədəlov, çavuş Rüstəm Əliyev, kiçik çavuş Əkbər Əkbərli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Şəhram Bünyagirli, Vüsal Yaqubov, əsgərlər Ruslan Əliyev və Nayəddin Alıyev.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Beyləqan" komandası rəqibini üstələyərək adını finala çıxdı. "Şəmkir" komandası üçüncü yer uğrunda mübarizəni davam etdirməli oldu.
Növbəti yarımfinal görüşü "AAHM" və "HHQ" komandaları arasında keçirildi . Komandaların heyəti aşağıdakı kimidi:
"AAHM" komandası - polkovnik-leytenant İrşad Seyidov, kursantlar İntiqam Abdullayev, Şamxal Həsənov, Elvin Hüseynov, Rəmzi Mustafayev, Hidayət İsmayılov, Bayram Rzayev, Fəqan Abdullayev, Simran Sadıqov, Bahadur İsmayılov.
"HHQ" komandası - kapitan Səfa Səmədov, leytenant Beytulla Abdullayev, baş gizir Zaur Əsədov, gizirlər Elvin Abdullayev, Elməddin Məlikov, Niyaməddin Cəfərov, Təbriz Atakişiyev, əsgərlər Elxan Quliyev, Qurban Bayramlı, Aydın İsayev.
Rəqibinə qalib gələrək adını finala yazdıran ikinci komanda "AAHM" oldu.
Noyabrın 23-də voleybol üzrə ordu birinciliyinin final və 3-cü yer uğrunda görüşləri keçirildi. Son oyuna maraq yüksək səviyyədə idi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalına komandaları dəstəkləməyə gələn xeyli sayda azarkeş var idi. Əvvəlcə 3-cü yer uğrunda yarışa start verildi. Üz-üzə gələn "Şəmkir" və "HHQ" komandaları arasında qarşılaşmada hərbi aviasiyamızın təmsilçiləri 3-1 hesabı ilə qalib gəldilər.
Üçüncü yerin sahibi olan "HHQ" komandasının oyunçusu Aydın İsayevin fikirlərini öyrəndim. O dedi: "Gənclərimizin sağlam ruhda böyüməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Məlumdur ki, fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsində mühüm göstəricilərdən biridir. Yeni tikilən hərbi hissələrdə müasir standartlara cavab verən idman şəhərciyi, trenajor zalları şəxsi heyətin fiziki hazırlığının daim diqqətdə saxlanmasına şərait yaradır.”
Nəhayət, voleybol üzrə ordu birincisinin adının məlum olacağı final qarşılaşmasının başlanmasına saniyələr qalırdı. Bir tərəfdə heyətinin gənc kursantlardan ibarət olmasına baxmayaraq, rəqiblərini üstələyən "AAHM" komandası, digər tərəfdə isə rəqiblərinə heç bir şans verməyən "Beyləqan" komandası. Və budur, finalçılar meydana çıxdılar. Hakimlər heyəti Zaur Hacıyev, Fuad Ağayev, Eldar Əliyev idmançılara uğurlar arzuladı və finalın dostluq şəraitində keçməsinin vacibliyini komandanın kapitanlarının diqqətinə çatdırdı. Hakimin fitindən sonra oyuna start verildi.  Hər iki komandanın yarışa ciddi hazırlaşdığı ilk dəqiqələrdən hiss olunurdu. Qarşılıqlı mübarizə şəraitində keçirilən görüşdə "Beyləqan" komandası rəqibini üstələyərək kubok və qızıl medala sahib oldu.
Yarışların gümüş mükafatçısı olan "AAHM" komandasının idmançısı kursant İntiqam Abdullayev bildirdi ki, bu turnirdə iştirak edən hər bir komanda qalib olmaq istəyir. " Bugünkü final mərhələsində "Beyləqan" komandası güclü oldu. Bizim göstərdiyimiz nəticəni də pis saymaq olmaz. Nəzərə alsaq ki, yarışın ən gənc komandası biz idik, deməli, digər komandalara qarşı layiqincə mübarizə aparıb gümüş medalın sahibi olduq. Finalda iştirak etməyin özü də bir uğurdur. Bir daha "Beyləqan" komandasını qələbə münasibətilə kollektivimiz adından təbrik edirəm.”
Voleybol üzrə ordu birinciliyinin qalibi "Beyləqan" komandasından baş leytenant İslam Əzimzadə qeyd etdi ki, bütün idmançılar yalnız qələbə və qazanacağı uğur haqqında düşünməlidi. "Biz bu yarışa çox ciddi hazırlaşırdıq. Müntəzəm məşqlərin, gərgin əməyin nəticəsidir ki, bu gün fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlib kuboku başımız üzərinə qaldırdıq. Yarışda iştirak edən həmkarlarımızın hər birinə uğurlar arzulayıram və demək istəyirəm ki, hər bir Azərbaycan əsgərinin qazandığı uğur ümumilikdə Azərbaycan Ordusunun uğurudur".
Qalib komandanın digər üzvü baş leytenant Samir İsayev bu yarışlarda əvvəl də iştirak etdiyini bildirdi. "Bütün kollektiv adından bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Yarışda mübarizə aparan bütün həmkarlarıma da, həm xidmətlərində, həm də gələcək yarışlarda uğurlar arzulayıram. Baxmayaraq ki, bu yarışda ayrı-ayrı komandalar tərkibində bir-birimizə qarşı mübarizə apardıq, amma bizim əsas haqq mübarizəmiz ərazilərimizi işğal edən düşmənlədir. Bu yarışda qalib gəlmək üçün mübarizə aparsaq da, hər birimizin bir müqəddəs amalı var - torpaqlarımızı işğaldan azad etmək. Döyüş əmrinin veriləcəyi təqdirdə düşməni məğlub edib, əsl qələbəni o zaman qeyd edəcəyik".
Çempion olan "Beyləqan" komandasının təmsilçiləri fəxri kürsünün ən yüksək zirvəsinə qalxaraq polkovnik Sadiq Paşayev, polkovnik-leytenantlar Zöhrab Rəhimov və Fariz Qəhrəmanov tərəfindən medal və diplomlarla təltif edildilər. "AAHM" komandası gümüş, "HHQ" komandası bürünc medallara və diplomlara layiq görüldülər. İlk üçlükdə yer tutan komandaların təltifetmə mərasimi başa çatdıqdan sonra yarışları idarə edən hakimlər Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırıldı. Xatirə şəkli çəkildikdən sonra ordu birinciliyinin voleybol üzrə keçirilən turniri bağlı elan edildi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"