"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2019 11:22

“Bir ömürdə neçə ömür yaşadırıq biz”

Yeniyetmələr çağırış yaşına çatır. Çağırışçılar hərbi xidmətə başlayır. Müxtəlif rayonlarda boya-başa çatanların ömür yolu beləcə qoşalaşır. Bu qoşalaşma müqəddəs bir niyyətə görə müqəddəs bir vəzifənin yerinə yetirilməsi ilə bağlıdı. Bu müqəddəslik Vətəndi. Gənc əsgərlər birlikdə Hərbi andı içir, yəni, müqəddəsliyə  sədaqətlə xidmət edəcəklərinə ictimaiyyətin, valideynlərin, hərbi hissənin zabitlərinin iştirakıyla keçirilən təntənəli andiçmə mərasimində söz verirlər. Azərbaycan Respublikasının vətəndaşı kimi: "Mən Azərbaycan Respublikasının vətəndaşı...", - deyərək and içirlər. Vətəndaşlıq kəlməsi onların ürəyinin təpərinə, gözlərinin nuruna dönür o anlarda.
Hamısı həyəcan keçirir.
Hamısının həyəcanı tez sovuşur.
Gənc əsgərin əli dost əlində isinir. Hərbi Nizamnamələri birlikdə öyrənirlər, zabitlərin öyrətdiklərini birlikdə mənimsəyirlər. Kiçik komandirin nəzarəti ilə Sıra Nizamnaməsinin təmrinlərini, tələblərini birlikdə məşq edirlər. Silahların atış xüsusiyyətlərini də birlikdə öyrənirlər. Hərdən bir-birinə kömək də edirlər. Asudə vaxtlarda daha yaxından tanıyırlar bir-birini, söhbətləşə-söhbətləşə ürəkdən ürəyə yol düşür. Bunlar gənc əsgərlər  arasında dostluq münasibətlərinin başlanğıcı olur. Hərdən döyüş növbətçiliyinə də bir gedirlər, yəni, Vətəni birlikdə qoruyurlar. Bu məqamlar onların ömrünə yazılır.
Asudə vaxtlarda əsgərlər müxtəlif mövzularda söhbətləşirlər. Nədən danışır əsgərlər? - Vətəndən, torpaqdan, hərbi xidmətdən, ailələrindən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedəcək döyüşlərdən, o döyüşlərdə iştirak etmək istəyindən...
Əsgərlər nədən danışırlar danışsınlar, söhbət səmimi  olur. Bir dəfə belə söhbətlərdən birini eşitmişdim - bizdən on-on beş addım aralıdaydılar. Əsgərlərdən biri xalq şairi Məmməd Arazın "Vətən mənə oğul desə, nə dərdim...",  - misrasını xatırlatmışdı:
- Hərəmiz bir ailədən gəlmişik. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan postda atası oğlunun barelyefinə baxanda dediyi kəlmələri heç zaman unutmaram: "Mənim oğlum idin, oğul, indi Vətənin oğlusan". Yəni, elə xidmət etməliyik ki, təkcə ata-anamızın deyil, həm də Vətənin oğlu ola bilək....
Belə gözəl düşüncəyə görə əsgəri bağrıma basardım - bu ara onu çağırdılar, tələsik uzaqlaşdı...
Mənə elə gəlir ki, əsgərlərin bütün söhbətlərində bu məqama toxunulur...
Əsgər əsgər dostuyla nədən danışır? - həm də əsgər dostluğundan. Gələcəkdə bu münasibəti necə davam etdirəcəklərindən bircə kəlmə də söz  açmırlar, ancaq söhbətin mahiyyəti bu münasibətin son nəfəsəcən davam edəcəyini ifadə edir.
Bir dəfə səngərdə əsgərlərlə söhbətləşirdik. Onda əsgərlərdən biri bir qədər duyğusallıqla demişdi:
- Atam həmişə hərbi xidmətindən, əsgər dostluğundan, əsgər dostlarından danışardı. Deyərdi ki, hər kəs qardaşıyla günün müəyyən hissəsini bir yerdə olur, hərbi xidmətdə əsgər əsgər dostuyla bütün sutkanı. Yəni, əsgər əsgər dostuyla daha sıx münasibətə malikdir. Atamın söhbətlərindən anlayırdım ki, əsgər yoldaşlığı əsgər dostluğunun başlanğıcıdır.  Başlanğıcı səmimi olan münasibət səmimiyyətlə davam etdirilir və nəticədə səmimi dostluğa çevrilir...
Bu söhbəti bir neçə səngərdə xatırlatmışdım. Hər dəfə də əsgərlər bu söhbətin sonluğunda həmfikir  olmuşdular - səmimi yoldaşlıq səmimi dostluğun başlanğıcıdı. Bakı Dövlət Universitetinin məzunu olmuş əsgər Tahir Əhmədov bir beyt demişdi:

Yaxşı dost arzulayan
Yaxşı dost olmalıdır.

Bu misranın ifadə etdiyi fikir səngərdə o qədər də uzun çəkməyən müzakirəyə səbəb oldu. Ən çox diqqəti çəkən məqam "Necə dosta yaxşı dost deyilməlidir?" fikri oldu. Zabit Rüstəm Məmmədov deyilən fikirləri Yunus Əmrənin bir misrasıyla ümumiləşdirdi:

Bir mən də var
məndə məndən içəri...

Yəni, yaxşı dost sənin ürəyində, qəlbində yaşatdığın dostdu və bu, həm də qarşılıqlı olmalıdı...
Ön xətdə xidmət edən İzzət Məmmədovla Qəhrəman Məmmədov əvvəlcə əsgər yoldaşı olublar, sonra bu münasibət yoldaşlığa, səmimiyyət, qarşılıqlı  ehtiram bu münasibəti dostluğa çevirib. Əsgər dostluğudu bu dostluq. Hər ikisi nümunəvi xidmət edir, hər ikisi Böyük Qələbənin əsgəri olmaq istəyir.
Əsgər İzzət Məmmədov belə dedi:
- Hər əsgərin yaxın yoldaşları olur, yaxın  yoldaşlar sırasında dostları. Mən yaxın dost ifadəsini qəbul etmirəm. Dost dostdur. Yaxın dost deyilərsə, uzaq dost da deyilməlidir. Bu isə mümkün deyil. Uzaq dost olmur. Qəhrəmanla əsgər yoldaşı olmuşuq. Bizi hansı xüsusiyyətlər dostlaşdırdı, bilmirəm. Onu bilirəm ki, Qəhrəman mənim dostumdur və son nəfəsəcən də dostum olacaq...
Əsgər Qəhrəman Məmmədov hərbi xidmətin ilk aylarını xatırladaraq dedi:
- Xidmətə başlayanda ilk tanışlığın da sonrakı münasibətə təsiri olur. Mən İzzətlə ilk tanışlıqda hiss etdim ki, xasiyyətimizdə, xarakterimizdə oxşar cəhətlər var və bu oxşar cəhətlər bizim aramızda səmimi yoldaşlıq yaratdı. Bu yoldaşlıq dostluq oldu. Mən həm də belə bir əsgərlə dostluqdan qürur duyuram.
Əsgərlər onu da dedilər ki, asudə vaxtlarda söhbətləşəndə, müəyyən mənada, bir-birindən nəyisə öyrənirlər də.
- Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimimizdən bir kəlam eşitmişdim: Dost ikinci mən deməkdir. Mən özümə ikinci mən bildiyim əsgər dostumla asudə vaxtlarda ən çox Vətəndən danışırıq. 2016-cı ilin Aprel döyüşlərindən danışırıq, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlardan danışırıq. Hərbi hissələrdə yaradılan yüksək şəraitdən danışırıq. Torpaqlarımızın işğaldan azad edilməsindən danışırıq. Qəzetinizdə bir  məqalə dərc olunmuşdu: “Səngərləri sərhədlərə köçürəcəyik.” Bu məqalənin mahiyyətindən danışırıq, həmin prosesin iştirakçısı olmaq istəyimizdən danışırıq...
"Səngərləri sərhədlərə köçürəcəyik" məqaləsi Azərbaycan əsgərinin amalının ifadəsi idi. Bu amalın başqa hərbi hissələrdə də böyük sevgilərlə yaşadılması şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu təsdiq edir. Fikrimi bildirəndə zabit məmnunluqla gülümsündü:
- Azərbaycan əsgəri bu amalla xidmət etdiyi üçün güclüdür. Mən də bu əsgərlərlə qürurlanıram. Əminəm ki, bu qürur yaşarı qürurdur.
Zabitin əsgərlərə ehtiramı mənə bir həqiqəti yenidən yaşatdı: əsgərini sevən zabit də güclüdür; Azərbaycan Ordusu güclü zabitlərin, güclü əsgərlərin ordusudur. Bu gücün başlanğıcı Azərbaycan Respublikasının Prezidenti     İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğıdır, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbədir, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradların möhtəşəmliyinin təəssüratlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikri xatırladıq: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır".
Bu əsgərlərlə söhbət hamımıza könül xoşluğu verdi. Hər ikisi ilə bir əminliklə səmimi sağollaşdıq:  Bu dostluğa zaval olmayacaq. Onu İzzət də, Qəhrəman da mərdliklə yaşadacaqlar...
...Əsgər dostluğu müqəddəs bir borcun yerinə yetirilməsiylə bağlı olduğu üçün müqəddəs tutulur. Ona görə ömür bu münasibətlərlə daha da ülviləşir. Əsgər İzzət Məmmədovla əsgər Qəhrəman Məmmədov əsgər dostluğunu böyük ehtiramlarla, böyük sevgilərlə yaşadacaqlar. Həm də həsəd aparılacaq bir dostluq kimi....
Mənə belə gəlir ki, siz bir ömürdə iki ömür yaşadırsınız. Səhv etmirəm ki?, - deyirəm.
- Xeyr, səhv etmirsiniz, - İzzət də, Qəhrəman da  belə dedi...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"