Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2019 11:22

“Əsgərlərimiz qələbə ruhu ilə xidmət edirlər”

Ön xətdəyəm. Hərbi hissənin dayaq məntəqələri görünür. Zabit  Asəf Qurbanov bildirdi ki, hər bir zabitin, hər bir əsgərin Vətənə, xalqa, dövlətə xidmət fəlsəfəsinin özülündə Azərbaycanımızın ərazi bütövlüyünün bərpası dayanır. Xalq ordusuna inanır, ordu xalqına güvənir.  Xalqla ordu arasında sarsılmaz birlik mövcuddur. Ordumuzun Aprel zəfəri bu birliyi bir daha təsdiqlədi.
Bu gün ön xətdə xidmət edən hər bir zabitin, hər bir əsgərin hərbi xidmətini işıqlandırmağın vacib olduğunu, bunun onlarda ruh yüksəkliyi yaratdığını, döyüş əzmini, qələbə ruhunu artırdığını deyən zabit bildirdi ki, şəxsi heyət mənəvi-psixoloji cəhətdən yüksək hazırlıqlıdır: "Onlar daim döyüş vərdişlərini artırırlar. Zabitlərimizdə, əsgərlərimizdə vətənpərvərlik ruhu, Hərbi anda sədaqət hissi yüksəkdir."
Zabit onu da dedi ki, ordumuzun maddi-texniki təminatının güclənməsi, şəxsi heyətin döyüş bacarığının artırılması  dövlət başçısının orduya göstərdiyi diqqət və qayğısının nəticəsidir.  Ali Baş Komandanın, ordu rəhbərliyinin müntəzəm olaraq təmas xəttinə gəlməsi, hərbi qulluqçularla görüşməsi əsgər və zabitlərimizin ruh yüksəkliyini  daha da artırır.
Zabit Malik Məmmədov dedi ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında Vətənə sevgi hissinin yüksəldilməsi qədər də düşmənə nifrət hissi əsas amillərdəndir. “Atəşkəsin pozulması nəticəsində də şəhidlər veririk. Düşmənə nifrət hissimiz daha da artır. Peşəkar, ayıq-sayıq hərbçilərimizin qətiyyəti sayəsində atəşkəs pozulanda düşmən susdurulur.”
Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Mahir Xəlilov xidməti ilə əlaqədar ön xətt bölmələrimizə tez-tez gəldiyini dedi. "Təmas xəttinə yaxın yerləşən kənddə doğulmuşam. Ermənilərin  kəndimizin dinc sakinlərini, evləri, yaşayış məntəqələrimizi atəşə tutduğunun dəfələrlə şahidi olmuşam. Kənd camaatı, əlbəttə, ordumuzu, zabitlərimizi, əsgərlərimizi özlərinə arxa-dayaq bilirlər. Hərbi peşə nə qədər çətindirsə, bir o qədər də şərəflidir. Bu peşə, hərbi forma hər zaman insandan yüksək dərəcədə məsuliyyətli olmağı tələb edir. İnşallah, tezliklə düşmən ayağı torpaqlarımızdan çəkilər. Müharibə tezliklə qurtarar. Qaçqın, köçkün düşən soydaşlarımız öz doğma yurd yerlərinə qayıdarlar."
Mövqelərdəyik... Öyrəndik ki, düşmən əsgərlərimiz tərəfindən sayıqlıqla izlənilir.
Bölmənin maddi-texniki təminatı yüksək səviyyədədir. Burada şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, ideoloji otaq tikilib istifadəyə verilib və digər zəruri tədbirlər həyata keçirilib. Əsgər yataqxanası müasir istilik və havalandırma sistemi ilə təchiz olunub. Ön xətdə xidmət edən hərbi qulluqçular üçün yaradılan şərait ürəkaçandır. Yüksək şərait döyüş ruhunun yüksəldilməsində vasitə olur. Əsgər yaradılan şəraiti məsuliyyətin  artırılmasında başlıca zəmanət bilir.
Zabit Elşən Axundov ön xətt bölmələrimizdə istehkam işlərinin yenidən, daha möhkəm və müasir formada tikildiyini dedi. "Qışa hazırıq. Gördüyünüz kimi, səngərlər dərin qazılıb. Şəxsi heyətin hərəkətinə düşmən tərəfindən heç bir təhlükə ola bilməz. Üstü örtülü uzunmüddətli atəş nöqtələrindən açılan mazğallar düşməni susdurmaq üçündür. Buradan düşmənin yerləşdiyi mövqeləri aydın müşahidə etmək olur. Əsgərlər bir neçə istiqamətdə fasiləsiz müşahidə aparırlar.
Bu müşahidələrə xarakter etibarilə döyüş demək olar. Belə ki, əsgər dözümlü, səbrli olmalıdır. Qarşı tərəfdə hər hansı tərpəniş hiss etsə, nə etməli olduğunu bilməlidir. Bu, əsgərdən həm də qətiyyət, çevik qərar qəbuletmə qabiliyyəti tələb edir. Əsgərlərimiz istənilən situasiyada qanunla, Nizamnamələrlə müəyyənləşdirilən qərarı qəbuletmə qabiliyyətinə malikdirlər. Bəlkə də bunu bilən düşmən atəşkəsi pozmağa tərəddüd edir", - zabit qətiyyətlə bildirdi. Bu kəlmələri də qələbəyə inam bilirəm.
Zabit Asəf Qurbanov söhbətində Elşən Axundovun zəngin hərbi biliyə malik, bacarıqlı  zabit olduğunu dedi. “Əsgərlərimizin döyüş hazırlığının artırılmasına böyük əmək sərf edən zabitlərimizin sırasındadır.”
Zabitlər Yusif Məmmədovun və Ədalət Novruzovun da adlarını xüsusi qeyd etmək istərdim. Onlar hər əsgərin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində gərəkli üsul və metodlardan da istifadə edirlər. Hər iki zabit vurğuladı ki, döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlamalıdır. “Hər əsgər bilir ki, onun döyüş növbətçiliyi, müəyyən mənada, döyüş əzminə, qələbə ruhuna xidmət edir. Döyüş əzmi də, qələbə ruhu da hərbi xidmətin  mahiyyətidir.”
Aprel döyüşlərinin iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Yunis Şirinov söhbətə qoşuldu: "Məişət qayğılarımız yüksək səviyyədə həll olunub, əsgərlərimiz kalorili, keyfiyyətli yeməklərlə təmin ediliblər. Onlarda döyüş ruhu yüksəkdir, hərbi vərdişlərə mükəmməl yiyələniblər. Torpaqlarımız düşməndən azad olmayınca, qələbə gününü görməyincə, hərbi formanı əynimdən çıxarmayacağıma and içmişəm."
Döyüş növbətçiliyini aparan əsgər Rövşən Qəhrəmanov bölmənin nümunəvi əsgərlərindəndir. Rövşən də düşmənlə mövqedə əzmlə dayanıb. Müşahidəni ayıq-sayıqlıqla aparır. Düşməni cavab atəşi ilə susdurmağa hazır olduğunu dedi.
Əsgərlərdən Kənan Zülfüqarlı, Əlieyyub Mirzəliyev əminliklə bildirdilər ki, torpaqlarımızın bir qarışı da düşməndə qalmayacaq. "Qarabağ müharibəsində qəhrəmanlıqlar yeniyetmələri qələbəyə, qələbə üçün döyüşə səfərbər etdi. Qəhrəmanları tanıdıq, hər birimiz onların döyüş yolunu davam etdirmək əzmiylə xidmət edirik.
İnanırıq ki, Azərbaycan əsgəri işğala son qoyub, xalqımıza qələbə sevincini yaşadacaq!
Zabit sonda onu da dedi ki, əsgərlərimiz qələbə ruhu ilə xidmət edirlər.
Ön xətdə Vətənə, xalqa, dövlətə məsuliyyətlə xidmət edən hərbçilərimizlə sağollaşıb ayrılırıq. Yolumuz yenə səngərədir...


Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
Fotolar Rəşad ƏMRAHOVUNDUR