Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2019 11:22

“Amalımız qələbədir!”

Leytenant Həsən Zayidov Salyan rayonunda dünyaya göz açıb. Torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edənlərin sıralarında olmaq istəyindən həmişə hərbiyə xüsusi sevgisi olub. Təhsil müəssisəsində oxuduğu illərdə hərbə hədsiz marağı yaranıb. Təcrübəli zabitləri əhatəsində görəndə sevinib, onlardan çox şey öyrənməyə çalışıb. Oxuduqları, öyrəndikləri isə onu gələcəyin savadlı, vətənpərvər hərbçisi olmağa ruhlandırıb. - Məktəbdə oxuduğum illər xatirimdə silinməz iz buraxıb, - leytenant dedi. - Zabit peşəsi daha çox öyrənməyi, çalışqan olmağı tələb etdiyi üçün orta məktəb illərində hər zaman öz üzərimizdə çalışır, nəsə öyrənir, kamilləşir, dünyagörüşümüzü artırırdıq. Müəllimlərimiz həmişə deyirdi ki,  tabeliyindəki əsgərlərin qarşısına çıxan zabit bütün keyfiyyətləri ilə - savadı, davranışı, dünyagörüşü ilə onlara nümunə olmalıdır. Daim Ümummilli Liderimizin ömür yolu, Vətən, xalq qarşısında böyük xidmətləri bizə təbliğ olunurdu. Dahi rəhbərin irsini dərindən öyrənirdik, indi də öyrənirik.  Bilirik ki, onun tövsiyələrinə əməl etməklə gələcəyin bacarıqlı peşə sahibləri olacağıq.
Həsən leytenant hərbi rütbəsini alaraq, ön xətt hərbi hissələrinin birində xidməti vəzifələrinin icrasına başlayır. İlk günlərindən çalışır ki, xidməti ilə digər zabit yoldaşlarından seçilsin, nümunəvi olsun. İstəyinə nail olur.
O, hərbi hissənin nümunəvi və bacarıqlı zabitlərindəndir. Xidmətdə qazandığı uğurları həm doğma kollektivinə, həm də valideynlərinə başucalığı gətirir.
Tabeliyindəkilərə qarşı tələbkar və qayğıkeş olan zabitimiz bildirdi ki, hər bir zabit şəxsi heyətin təlim-tərbiyəsində müasir metod və üsullardan istifadə etməlidir. - Əsgərlərimiz hərbi xidmət dövründə döyüş vərdişləri qazanmaqla Vətənimizin etibarlı döyüşçüləri kimi yetişirlər. Bizim də əsas vəzifəmiz əsgərlərimizi peşəkar döyüşçü kimi hazırlamaqdır. Onların fiziki, atəş, döyüş hazırlıqların daim diqqət mərkəzində saxlayırıq. Məktəb illərində öyrəndiklərimizi onlara öyrədirik, - deyən Həsənə görə əsgərlərə göstərilən diqqət və qayğı onu nümunəvi xidmət etməyə ruhlandıran əsas amillərdəndir.
Düşmənlə üz-üzə mövqelərdə xidmət etməyin məsuliyyətindən danışan zabit qürurla bildirdi ki, burada xidmət etmək həm də şərəflidir. "Ön xətdə xidmət etmək hər bir hərbi qulluqçuya vacib xüsusiyyətləri aşılayır, hansı ki, bütün bunlar qəhrəmanlığa  səbəb olur. Şübhəsiz ki, ön xətdə çətin şəraitdə Vətənə övladlıq borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti biz komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımda komandirinə inanmalıdır. Əslində, bu mövqelərdə döyüş tapşırığını yerinə yetirmək vəzifəsi komandirlə əsgəri bir amal ətrafında birləşdirir - Vətəni qorumaq, müdafiə etmək və işğal altında olan torpaqlarımızı azad etmək. Bu amal əsgərlə komandir arasında komandir-əsgər münasibətini daha da gücləndirir. Buna görə də hər zaman çalışıram ki, hər bir əsgər ürəyindəkiləri  məndən gizli  saxlamasın. Problemi olan əsgərlə fərdi söhbət aparıram, birlikdə müzakirə edirik. Belə münasibət şəxsi heyətdə inam və etibar hisslərini gücləndirir".
Vətəni qorumaq, onun bir qarış torpağını canından əziz bilmək hər birimizin  vətəndaşlıq borcudur. Leytenant Həsən Zayidov bunu bir borc yox, Vətən məhəbbətinin yaşarılığı, xalqına, millətinə  sevgisi bilir. Gənc zabitlə söhbətdən xoş təəssüratlarla ayrıldıq. Bir daha əmin olduq ki, torpaqlarımız əmin əllərdədir. İnanırıq ki, Həsən kimi oğullarımızın sayəsində əzəli və əbədi torpaqlarımız Ali Baş Komandanımızın döyüş əmri ilə düşmən tapdağından tez bir zamanda azad ediləcək. Həmin yerlərdə yenidən şənlik sədaları yayılacaq, bayram tonqalları yandırılacaq.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"