Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

“Hər əsgəri oğlum bilirəm”

Şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş  ruhu qələbəni təmin edən ən başlıca amillərdəndir. Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların  xidmətlərinin uğurla keçməsi üçün zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı hər an əsgərlərin üzərindədir.  Bu qayğının nəticəsidir ki, əsgərlərin məişət şəraiti yüksək səviyyəyə çatdırılır. Hərbi hissələrimizdə yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar şəxsi heyətin istifadəsinə verilir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində əsaslı təmir işlərinin aparılıb, şəraitin müasir standartlara cavab verəcək şəkildə təşkil olunması istiqamətində uğurlu işlər görülüb. Yataqxana, hamam və camaşırxana, ideoloji otaq, idman və digər məişət otaqları ən son avadanlıqlarla təchiz olunub. Ürəkaçan  şərait əsgərləri daha da nümunəvi xidmət etməyə ruhlandırır.
Zabit Ramin Həsənov bildirdi ki, dövlətimizin orduya yüksək qayğısı şəxsi heyətə xoş ovqat və döyüş ruhu aşılayır. "Hər kəs göstərilən qayğıdan ruhlanaraq Vətən qarşısında borcunu məsuliyyət hissi ilə yerinə yetirir. Mürəkkəb təbii şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin qayğıları ordu rəhbərliyinin diqqət mərkəzindədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov, ordunun digər rəhbər heyəti hərbi hissəmizə gələndə əsgərlərin qayğıları ilə maraqlanır, onlarla çay süfrəsində söhbət edir. Ordu rəhbərliyinin əsgərlərlə belə səmimi ünsiyyət yaratması şəxsi heyətə ruh yüksəkliyi aşılayır. Bu etimada cavab olaraq hər bir əsgərimiz üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir, verilən tapşırıqları məsuliyyət hissi ilə yerinə yetirir. Belə yüksək əhval-ruhiyyədə olan əsgərlərimiz Vətənimizin işğalda olan ərazilərini düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın döyüş əmrinə hazırdırlar".
Yeməkxanada əsgərlər üçün yeməkləri və salatları hazırlayan, ümumiyyətlə, burada bütün məişət işlərini bacarıqla yerinə yetirən qadınlarla söhbətləşdim.
Aşpaz Bibinisə Rüstəmova işini çox sevdiyini dedi. "Əsgərlərimiz üçün dadlı yemək və salatlar hazırlamağı özümə mənəvi və xidməti borc bilirəm. Mən də inanıram ki, əsgərlərimizin hünəri ilə ata-baba torpaqlarımız tezliklə işğaldan  azad olacaq. Dövlətimizin rəhbərliyinə, şəxsən cənab İlham Əliyevə minnətdaram ki, ordumuzun, əsgərlərin qayğısına belə qalır."
Aşpaz İradə Həsənova dedi ki,  əsgərlərə öz doğma övladlarımız  kimi xidmət edirik. “Bu zala daxil olan hər bir əsgəri öz balam, övladım bilirəm. Onlar hazırladığımız yeməkləri iştahla yeyəndə, üzlərində təbəssüm yarananda mən də məmnun qalıram. Hər bir əsgər anasının ürəyi rahat ola bilər ki, övladlarına ana qayğısıyla xidmət göstərilir.”
Bu günün menyusunda küftə, qarabaşaq, vermişel qızartması, qıyma ət, meyvə komportu və alma var.  Gözəl təamların hər biri keyfiyyətli və ləzzətli hazırlanıb. Əsgərlər  Yamil Şamilzadə, Sahib Teymurov, Turan Əsədov, Tacəddin Əlili və digərləri yeməklərin keyfiyyətindən və dadından razılıqlarını bildirdilər. "Burada bizə dadlı, ləzzətli xörəklər hazırlanır. Yüksək keyfiyyətli ərzaqlardan bişirilən milli çeşiddə yeməklər, mövsümə uyğun salat və şirələr ürəyimizcədir.”
Əsgər valideynləri hərbi xidmətdə olan övladlarının qidalanması və məişəti sarıdan heç bir narahatlıq duymur. Çünki hərbi hissə və bölmələrimizdə şəxsi heyətin sosial-məişət şəraiti, əşya-ərzaq təminatı yüksək tələblər səviyyəsindədir. Cəbhə xəttində də belə şərait yaradılıb və bunlar "Biz hərbçilərimizlə fəxr edirik" deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya, hərbi qulluqçulara diqqət və qayğısının parlaq təcəssümüdür.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR