Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

Asudə vaxt səmərəli təşkil olunur

Cəbhə bölgəsində müasir tipli hərbi şəhərciklərin tikilməsi, şəxsi heyətin hərtərəfli təminatı dövlətin orduya yüksək diqqət və qayğısının təzahürüdür. Son illərdə hərbi qulluqçuların xidmət şəraitinin daha da yüksəldilməsi istiqamətində genişmiqyaslı işlərin görülməsi ordu quruculuğunda mühüm nailiyyətlər hesab edilir.
Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətə yaradılan şərait də dediklərimizin təsdiqidir. "Açıq qapı" günlərində əsgər valideynlərinin, onların yaxınlarının, ictimaiyyət nümayəndələrinin, veteranların, məktəblilərin müasir tipli hərbi hissələrin şəraiti ilə yaxından tanış olması ənənəyə çevrilib.
Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissənin bu bölməsi üçün ən müasir mühəndis-istehkam qurğusu tikilib istifadəyə verilib. Burada kiçik əsgər yataqxanası, yeməkxana, ideoloji otaq, məişət və yuyunma otağı  zəruri avadanlıqlarla təchiz olunub. Əsgərlərin asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Onların asudə vaxtlarını necə keçirmələri ilə maraqlandıq. Məlum oldu ki, əsgərlər "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqalələri, bu sıradan idman xəbərlərini və dünya ordularındakı ən yeni silah və texnikalarla bağlı məlumatları oxuyurlar. Şahmat və dama oyunlarını çox sevirlər. Televiziyalarda hərbi vətənpərvərlik verilişlərinə maraqla baxırlar.
Zabit Ədalət Novruzov bildirdi ki, əsgərlər asudə vaxtlarında qəzet, jurnal, bədii kitablar, tarixi, detektiv janrda yazılmış əsərlər oxuyur, televizorda maraqlı konsert proqramlarını, idman yarışlarını, xüsusilə futbol yarışmalarını, Azərbaycan filmlərini, qəhrəmanlarımıza həsr edilən sənədli filmləri izləyirlər. Müstəqillik mübarizəsinin və müharibənin nəticəsi kimi 20 Yanvar, Xocalı, Meşəli, Bağanis Ayrım faciələrini izləyən əsgərlərimizin düşmənə nifrət hissi daha da artır. Əsgərlərimiz torpaqlarımızı işğaldan azad etməyə daim hazırdırlar".
Əsgərlər Zəki Babazadə, İlkin Nərimanov, Elmir Abdullazadə, Rəhman Xəlilov asudə vaxtlarının səmərəli təşkil olunduğunu dedilər. Onlar onu da bildirdilər ki, məsuliyyətli döyüş növbətçiliyindən sonra istirahət edib televiziya verilişlərini izləyirlər. "Burada döyüş, fiziki hazırlığımızı artırmaqla yanaşı, asudə vaxtımızı da səmərəli keçiririk. Bunun üçün bölməmizdə bütün şərait yaradılıb. Şahmat və dama yarışları, intellektual bilik yarışmaları da keçiririk. Bütün bunlar bizim mənəvi-psixoloji hazırlığımızda mühüm rol oynayır".
Sonra şəxsi heyətin səliqəli və gərəkli avadanlıqlarla təchiz edilmiş məişət otağı ilə də tanış olduq. Burada əsgərlərimiz geyim formalarını qaydaya salır, ütüləyir, səliqə-sahmanlarına xüsusi zaman ayırırdılar. Bərbər üçün ayrılmış guşə də əsgərlərimizin xidmətindədir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"