Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

Vətən ruhumuzun başlanğıcıdır

İnsan dünyaya gəldiyi gündən daxili zənginliyə can atır. Eyni zamanda insan dünyanın məhz onun iradəsinin, əqlinin, fiziki gücünün sayəsində qurulacağını düşünür. Ancaq fikirləşmir ki, daxili zənginliyə nail olmağın yolu vətənpərvərlik duyğusundan keçir. İnsan ömrünün pillələri var ki, o, bu pillələrlə vətənpərvərlikdən ilham alaraq öz istəyinə, arzusuna, məqsədinə doğru addım atır. Xoşbəxt o adamdır ki, atdığı addımların hamısı uğurlu olur və bu uğur, bu səadət onu zirvələrə yüksəldir, bir ocağın övladlığından çıxarıb, bir elin sevimlisinə çevirir. Necə ki, Vətən keşiyində dayanan gənc zabit leytenant Nuhi Əliyev kimi.
Zabitə ilk olaraq “əsgərlərin formalaşması prosesində hansı kriteriyalara üstünlük verirsiniz” sualı ilə müraciət etdik. 
Zabit N.Əliyev cavabına Ümummilli Liderin "Ən şərəfli peşə Vətəni, torpağı qorumaq peşəsidir" sözləri ilə başladı. “Tabeliyimdə olan şəxsi heyəti vətənpərvərlik ruhunda tərbiyə edir və gələcəkdə şərəfli peşənin - hərbçi peşəsinin daimi daşıyıcıları olmasını istəyirəm. Bugünkü gənc əsgərin sabahkı döyüşdə qalib olmasını arzulayırsansa, mütləq onu vətənpərvərlik ruhunda tərbiyə etməlisən. Silahdan, texnikadan, döyüş hazırlığından və fiziki hazırlıqdan vacib amil əsgərin istənilən döyüşə mənəvi-psixoloji hazırlığıdır.”
"Son dövrlər qazanılan uğurlar Azərbaycan əsgərinin vətənpərvərlik ruhunun yüksək olduğunu göstərir", - deyə zabit sözünə davam etdi. - Aprel döyüşləri sübut etdi ki, Azərbaycan əsgərini uğura aparan, öz dişi və dırnağı ilə ölməzliyə qovuşduran və səsləyən bir səs var. O səs Vətənin səsidi! O səs gündən-günə böyüyür və səngərdən-səngərə yayılır. O səs İlahi səsdir. O səs qocalmır, daim yaşayır və Azərbaycan əsgərini döyüşdən-döyüşə səsləyir.
Vətənin keşiyində durmaqdan qürur duyduğunu deyən zabit bildirdi ki, bu savaşa bir gün son qoyularaq, onun da iştirakı ilə torpaqlarımız işğaldan azad olunacaq, şəhidlərimizin ruhu qarşısında öz borcunu yerinə yetirmiş olacaq. Bunu xalqımızın igid oğullarının, Azərbaycan Ordusunun şəxsi heyətinin Prezident, Ali Baş Komandan  İlham Əliyevin komandanlığı altında edəcəklərinə inandığını da qeyd etdi.
Hərbi qulluqçu onu da bildirdi ki, yaxşı hərbçi gərək bu peşəni sevsin və bu peşənin qədrini bilsin: "Mən fəxr edirəm ki, hərbçiyəm. Hərbçi olmaq hələ şərt deyil, yaxşı hərbçi olmaq əsasdır. Yaxşı hərbçi öz peşəsini, işini sevməlidir. Əgər hərbi qulluqçu öz peşəsini sevmirsə, ondan yaxşı hərbçi ola bilməz. Buna görə də hər bir hərbi qulluqçu sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, hərbçi nüfuzunun keşiyində durmalıdır".
Gənc zabit onu da qeyd etdi ki, bilik, təcrübə, nizam-intizam və ən əsası Vətən sevgisi bizləri qələbəyə daşıyacaq. “Buna adımız kimi inanırıq. Bu inancın işığı və Ali Baş Komandanımızın rəhbərliyi altında xalqının, millətinin, dövlətinin və bütöv məmləkətinin yükünü çiyinlərində daşımaq məsuliyyətini üzərinə götürən ordumuzun gücü sayəsində Qələbə çox uzaqda deyil.”
Bu sözlərdən sonra başqa söz deməyə ehtiyac duymadıq. Ancaq yolboyu beynimə bir fikir hakim idi: "Vətən ruhumuzun başlanğıcıdır".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"