Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2019 10:20

Əsgərlərimizin sağlamlığı daim diqqət mərkəzindədir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində tibb xidməti nümunəvi təşkil edilib. Həkimlər, digər tibb işçiləri hərbi hissənin şəxsi heyətinin sağlamlığını məsuliyyətlə diqqətdə saxlayır. Bu, onların xidmətinin başlıca qayəsidir. Tibb xidməti leytenantı Rəvan Hüseynov Hərbi Tibb fakültəsinin məzunudur. Söhbətləşəndə dedi ki, həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Həkimlik sənəti həm də çox məsuliyyətli sənətdir - insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən.
- Mən uşaqlıqdan həm hərbçi, həm də həkimlik sənətini sevmişəm. Çünki həkim insan həyatının keşiyindədi, hərbçi Vətənin. Hər iki müqəddəs peşənin sahibi olduğumla qürur duyur, fəxr edirəm. Yaxşı həkim olmağın əsas amillərindən biri təcrübədir.  Universitetdə, akademiyada peşəkar müəllimlərimiz bizə nəzəri olaraq hərbi təbabətin incəliklərini öyrədiblər. Ancaq təcrübə də vacibdir. Təhsil aldığım müddətdə bir müəllimimiz deyərdi ki, həkim həkimliyi təcrübədə, xəstələrlə münasibətdə daha yaxşı öyrənir. Xəstəni dinləmək, onun xəstəliklərini araşdırmaq, dəqiq diaqnoz qoymaq həqiqətən çətindir. Etiraf edim ki, xəstələrimin xəstəliyini  az  qala mən də yaşayıram.
Leytenant Rəvan Hüseynov onu da vurğuladı ki, tibb məntəqəsinə müraciət edən xəstələrin hamısına xüsusi diqqət göstərilir. "Onlara hər cür xidmət göstərmək bizim borcumuzdur. Biz bu borcu layiqincə yerinə yetiririk. Müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra müalicəyə başlayırıq. Əlimizdən gələn köməkliyi xəstələrə edirik. Məntəqəmizin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, müraciət edən xəstələri tez bir zamanda müalicə edib, xidməti yerlərinə göndərməyə köməklik edir".
Baş gizir Mayis Ağakərimov söhbət zamanı müraciət edən əsgərlərin ilkin müayinədən keçdiyini və qeydiyyata alındığını dedi. "Əsgər ehtiyac olduğu zaman ya məntəqədə saxlanılır, ya da ambulator müayinə edilərək, xidmətini davam etdirir. Həkimlik sənətinin müqəddəsliyini qorumaq  bizim vətəndaşlıq borcumuzdur. Müalicə etdiklərinin həyatına, sağlamlığına cavabdehliyini dərk edirsən. Biz əlimizdən gələni edirik ki, Vətənimizin keşiyini çəkənlərin keşiyində layiqincə duraq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sahibə İsmayılova bildirdi ki, iki müqəddəs peşənin sahibi kimi qürurlanıram. "İşimiz təkcə əsgərləri müalicə etmək yox, həm də xəstəliklərin qarşısını əvvəlcədən almaqdan ibarətdir. Bunun üçün mütəmadi olaraq bölmələrdə profilaktik işlər aparırıq".
Əsgər Əyyub Əlizadə göstərilən qayğıdan razılığını bildirdi. "İki gündür burada müalicə alıram. Həkimlər bizə doğma münasibət bəsləyir, qayğıyla yanaşırlar. Özümü yaxşı hiss edirəm. Bu gün bölməyə qayıdacam".
Hərbi hissədə müşahidə olunan yüksək şərait, hər cür tibbi avadanlıqla təchiz olunmuş tibb məntəqəsi bir daha sübut edir ki, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar səmərəsini verib...

Orxan HÜSEYNLİ,  "Azərbaycan Ordusu"