Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2019 10:20

“İctimai-siyasi hazırlıq dərslərində hərbi biliklərimizi və dünyagörüşümüzü artırırıq”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bölmələrin birində yüksək tərtibatla hazırlanmış və müasir avadanlıqlarla təmin olunmuş sinif otağı var. Burada Azərbaycan Ordusunun inkişaf tarixinin mərhələlərini, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibəni, Hərbi andı və Dövlət himnini əks etdirən maraqlı eksponatlar əsgərlərin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında, vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynayır.
Şəxsi heyət sinif otağında ictimai-siyasi hazırlıq məşğələsinə toplaşıb. Dərsi keçən zabit Hümbət Feyziyev dedi ki, şəxsi heyətə ictimai-siyasi hazırlıq dərsləri vaxtlı-vaxtında keçirilir. "Ordunun gücü döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın vəhdətidir. Bu baxımdan biz şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq tapşırıqları yerinə yetirir, əsgərlərə milli-mənəvi dəyərlərimizə daha sıx bağlılıq aşılayırıq. Bu məqsədlə görülən vacib işlərdən biri də ictimai-siyasi hazırlıq dərsləridir. Şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiq, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət, komandirlərinə inam kimi müsbət keyfiyyətlərə malik olmasında ictimai-siyasi hazırlıq dərslərinin önəmi böyükdür".
Zabit ictimai-siyasi hazırlıq məşğələlərinin səmərəli təşkilinin rəhbərlik tərəfindən daim diqqətdə saxlanıldığını, il ərzində dərslərin plan üzrə təsdiq edilmiş mövzularda təşkil olunduğunu bildirərək sözünə davam etdi:
- Günün nizam qaydasına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq dərslərində tariximizdən, ordumuzun yaranması və inkişaf mərhələlərindən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən və digər hərbi vətənpərvərlik mövzularında keçirilən dərslər əsgərlərin həm döyüş ruhuna, həm də mənəvi-psixoloji hazırlığına müsbət təsir edir, onları mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur əsgərlər kimi formalaşdırır.
Komandirlərini böyük maraqla dinləyən əsgərlərə dərsdən sonra mövzu ilə bağlı bir neçə sual ünvanladım. Əsgər  Xəzər Alışov suallara səlis və dəqiq cavablar verdi: "Hərbi xidmət bizə bir çox üstün keyfiyyətlər aşılayır. Komandirlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər öyrənirik. Həmçinin ictimai-siyasi hazırlıq dərslərində hərbi biliklərimizi, dünyagörüşümüzü artırırıq. Digər məşğələlər kimi, bu dərsdə də həvəslə iştirak edir, qrup rəhbərimizin danışdıqlarını diqqətlə dinləyir, lazımi qeydlər aparırıq. Hər dərs fərqli mövzulardan yeni-yeni məlumatlar əldə edirik".
Əsgər Pərviz Əhmədov əsgərin vəzifə borcunu dəqiqliklə və düzgün ardıcıllıqla danışdı, bölük növbətçisinin vəzifə borclarını da tam şəkildə dedi: "Hər dəfə məşğələyə başlamazdan əvvəl qrup rəhbərimiz vəzifə borclarımızı soruşur. Dərsin sonunda keçirilən mövzu haqqında sual-cavab edərək qiymətləndirmə aparır. Hər birimiz yaxşı qiymət almağa can atırıq. Keçirilən bütün dərsləri yaxşı mənimsəməyə səy göstəririk. Əsgəri xidmətin müqəddəsliyini, vacibliyini və məsuliyyətini yaxşı dərk edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Asudə vaxtlarımızda da əsasən sinif otağında və ideoloji otaqda olur, "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqalələri, bədii kitabları oxuyur, dama, şahmat oynayırıq".
Cavabları həm də əsgərlərin dərsə olan marağının, zabitin metodik bacarığının göstəricisi bildim.

Mahmud MÖHBALIYEV,  "Azərbaycan Ordusu",
Foto Namiq PƏNAHOVUNDUR