Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2019 10:20

Sən güclü ordunun əsgərisən!

Azərbaycan Ordusunda əsgər hazırlığı mükəmməl bir sistem üzərində qurulub, inkişaf etdirilir. Gənc əsgərlər tədris dövründə ixtisas hazırlığını təkmilləşdirir, hərbi vərdişlərini artırdıqdan sonra hərbi hissələrdə xidmətlərini davam etdirirlər.
"N" hərbi hissəsində minaatan batareyanın praktiki məşğələsinin də şahidi olduq. Əsgərlərin ardıcıllıqla hərəkətləri yerinə yetirmələri bölmədə döyüş hazırlığının yüksək olmasının təsdiqidir. Dərs başa çatdıqdan sonra məşğələ rəhbəri zabit  Elvin Eyvazov  dərslərin və təlimlərin önəmindən danışdı, tabeliyindəki şəxsi heyətin yüksək döyüş hazırlığına malik olduğunu bildirdi. "Bölməmizdə öz işini bilən, müqəddəs amalını məsuliyyətlə yerinə yetirən əsgərlər xidmət edirlər. Düşmənlə aramızdakı münaqişə hələ bitməyib və müharibə torpaqlarımız işğaldan azad ediləndə bitəcək. Azərbaycan əsgəri bunu Ali Baş Komandanın döyüş əmriylə yerinə yetirəcək. Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq əsas borcumuz təcrübələrimizi, hərbi vərdişləri əsgərlərimizə aşılamaqdır. Bunun üçün bölməmizin zabitləri  şəxsi heyətin yüksək bilik və bacarıqlara yiyələnməsi üçün səylərini əsirgəmirlər. Bölməmiz mütəmadi olaraq təlimlərdə də iştirak edir, təşkil olunan təlimlər gənc əsgərlərimizin döyüş ruhuna müsbət təsir göstərir.”
Zabit döyüş hazırlığının ayrılmaz tərkib hissələrindən olan fiziki hazırlığın da yüksək olmasının topçu ixtisasının əsas şərtlərindən biri olduğunu xüsusi vurğuladı: “Artilleriya yüksək fiziki güc tələb edən qoşun növüdür. Bunun üçün şəxsi heyətin fiziki hazırlığını da daim diqqət mərkəzində saxlayırıq".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elmir İbrahimov bölmənin təminat və təchizat baxımından heç bir çətinlik çəkmədiyini və bunun orduya göstərilən diqqətin təcəssümü olduğunu bildirdi: "Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, arsenalımıza müasir tələblərə cavab verən silahlar daxil edilir və istifadədə olan silah-sursatlar modernləşdirilir. Döyüş əmri veriləndə Azərbaycan Ordusu döyüşəcək, qələbə qazanacaq, torpaqlarımızı işğaldan azad edəcək. O gün uzaqda deyil. Müsahibim söhbət zamanı onu da bildirdi ki, dayılarından Fizuli Mehdixanov birinci Qarabağ müharibəsində, Murğuz Həsənov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, əmisi Fariz İbrahimov Hərbi Hava Qüvvələrində xidmət edən təcrübəli pilotlarımızdandır.
Minaatan heyətin hesablayıcısı olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tural Bayramovu komandir nizam-intizamlı və məsuliyyətli hərbi qulluqçulardan biri kimi təqdim etdi. Təcrübəli hesablayıcı olan Tural təyinatı hesablamaq olan cihazı yaxşı öyrəndiyini, praktikada tətbiq etməyi bacardığını dedi: "Azərbaycanımızda ənənələrin davamı kimi təcrübəli artilleriyaçılar yetişir. Orta məktəbdə oxuduğum vaxtlarda Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski haqqında çox eşitmişdim. Sovet dövründə xidmət edən topçu generallarımız azərbaycanlı adını şərəflə daşıyırdılar, onların ömrü ordu sıralarında xidmət edən hər bir hərbi qulluqçu üçün örnəkdir.
Əsgər Elçin Haqverdiyev Azərbaycan Texniki Universitetinin Energetika fakültəsini bitirib. Gənc əsgər düşmənlə üzbəüz mövqedə xidmət etməkdən qürur duyduğunu dedi: "Keçirilən dərsləri dərindən mənimsəyir, zabitlərimizin təcrübələrindən maksimum faydalanmağa çalışırıq. Müntəzəm keçirilən dərslər, döyüş atışlı təlimlər bizim döyüş vərdişlərimizi artırır. Bizə təhkim olunmuş minaatan barədə həm nəzəri, həm də praktiki biliklərimiz var. Biz hərb vərdişlərimizi daim artırır, öz üzərimizdə işləyirik.”
Əsgərlərimiz Elmir Qasımov, Rəmzi İslamzadə və Teyyub Məmmədov şərəfli yolun yolçusu olmaqdan qürur duyduqlarını və Azərbaycanın üçrəngli bayrağını tezliklə işğal altında olan torpaqlarımızda dalğalandıracaqlarına inandıqlarını bildirdilər.
Bir daha əmin olduq ki, Azərbaycan əsgəri güclü ordunun əsgəri, Azərbaycan Ordusu güclü əsgərin ordusudur.
Əsgərlərə xitabən deyirəm: Sən güclü ordunun əsgərisən!

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR