Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2019 09:54

Ümummilli lider Heydər ƏLİYEV: Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürür. Cəmiyyətin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasını, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edir.
Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra qanunçuluq ideya və dəyərləri Konstitusiya ilə təsbit edildi. Dövlətin qüdrəti, beynəlxalq nüfuzu həm də onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu baxımdan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır.
Hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün - 12 noyabr hər il ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Konstitusiyamız azad düşüncə, bərabərlik, dini inanclara hörmətlə yanaşma, vətəndaşlığa ehtiram Konstitusiyasıdır.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini - Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələni həll etdi.
1995-ci ildə Konstitusiyanı ümumxalq səsverməsinə hazırlamaq məqsədilə Komissiya yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak etdi. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı.
Konstitusiyanın əsas prioritet istiqamətləri Komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev tərəfindən açıqlanmışdır: "Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi bəşəri niyyətlər də ifadə edilib ki, bu da onun demokratik dəyərlərini əks etdirir və hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil, daha əhatəlidir.
Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan ilk Konstitusiyamız 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir. Konstitusiyamız Azərbaycan xalqının maraqlarını qoruyur və ölkə başçısı tərəfindən edilən hər bir dəyişiklik qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Konstitusiyamızın müddəalarından irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

"Azərbaycan Ordusu"