Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2019 09:17

“Fəxrimiz, vüqarımız - bayrağımız”

Bayraq millətin şərəfi, istiqlal mücəssəməsi, mövcudluğunun, azadlığının ən bariz göstəricisidir. Tarixə nəzər salarkən görürük ki, bayraq hər bir xalq üçün müqəddəs olub. Bayraq ən ülvi dəyərləri özündə əks etdirən mühüm dövlət atributudur. Ölkəmizdə 9 Noyabr  Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir.
Azərbaycan  Hərb Tarixi Muzeyində müstəqilliyimizi özündə təcəssüm etdirən dövlətçilik rəmzimiz - Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin 101 illiyinə həsr olunan "Fəxrimiz, vüqarımız - bayrağımız" adlı tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, hərbi hissələrin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq "Dövlət bayrağı hər birimizin şərəf və qürur mənbəyidir" adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi əsasında müəyyənləşir. "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Noyabrın 9-da Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, aypara və səkkizguşəli ulduzlu təsvirdən ibarət olması barədə qərar qəbul olunur. Üçrəngli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdı...
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə bolşevik inqilabı nəticəsində süqut etdi.
Azərbaycan xalqı illərlə doğma və əziz bayrağından təcrid olundu. Lakin bu illər ərzində xalqın öz istiqlaliyyətinə sevgi və məhəbbəti tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də Vətənimizin, doğma Azərbaycanımızın üzərində əzəmətlə dalğalanacağı anı səbirsizliklə gözlədi.
Həmin bayraq yenidən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi...
Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür... Ali Baş Komandanın 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən,  hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Qürur və iftixar mənbəyimiz olan üçrəngli bayrağımız indi ölkəmizin hər yerində şərəflə dalğalanır.”
Dövlət Bayrağı Günü haqqında geniş məlumat verən muzey rəisi çıxışını Ali Baş Komandan İlham Əliyevin "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bayrağımız bizim qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir" - sözləri ilə bitirdi.
Tədbirdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" teatr studiyasının nümayəndələri vətənpərvərlik musiqiləriylə çıxış etdilər.
Sonda bayrağımızın tarixindən bəhs edən "Birinci bayraq" adlı sənədli film nümayiş olundu. 

Günay TAĞIYEVA,     "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR