Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2019 09:16

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır

Dövlətçilik rəmzi olan bayraq milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Müqəddəs bayrağım, uğrunda minlərlə şəhid verən Vətənimin qürur mənbəyi, sən dalğalandıqca qəlbimi fəxarət hissləri bürüyür. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir...
Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edildi və qaldırıldı. Rus imperiyası 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi.
Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
5 fevral 1991-ci ildə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
Dövlət başçıları səmavi kitabla birgə bayrağa da and içir, xalqa, Vətənə sadiq qalacağına söz verir. Bu, bayrağın müqəddəsliyinin təsdiqidir. Bütün dövlət himnlərində ölkənin bayrağının adı çəkilir.
Vətənin müqəddəsliyinin qorunmasını şərəf hesab edən ulu öndər Heydər Əliyev dövlət bayrağını milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış bilir.
Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Dövlətimizin başçısı həmin mərasimdəki tarixi nitqində deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!". Bu kəlamlar Ulu Öndərin ideyalarına sadiqlik ifadəsidir. Bu gün Dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, ölkəmizi başqa dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.
Gün gələcək müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımız işğaldan azad edəcəyimiz ərazilərdə də əzəmətlə dalğalanacaq.

"Azərbaycan Ordusu"