Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2019 10:23

“Hər cür şəraitlə təmin olunmuşuq”

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatı və təchizatı müasir standartlara cavab verir. Bu sahədə işlərin sürətləndirilməsi məqsədilə verilən tövsiyə və tapşırıqların icrası ilə əlaqədar qısa müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilib.
Müasir dönəmdə Azərbaycan Ordusunda hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə əsgər çarpayıları müasir tipli bir və ikimərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilib. İplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilib, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunub.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində bölmədə aparılan islahatlar, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində  görülən məqsədyönlü  işlərin nəticəsinin şahidi olduq. Əsgər yataqxanasındakı səliqə-sahman göz oxşayırdı. Bu işə cavabdeh əsgərlər Şahalı Məhərrəmov və Şənlik Əkbərovla söhbət etdik.
Əsgər Şahalı Məhərrəmov bildirdi ki, bir Azərbaycan gənci kimi onun da arzusu əsgər olmaq, Vətənə borcunu layiqincə yerinə yetirmək olub. "Hərbi hissəmizin cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, hər cür şəraitlə təmin olunmuşuq. İsti yataqxanamızın, qida və geyim təminatımızın qaydasında olması xidmətimizi xeyli asanlaşdırır.  Hər həftə yataq dəstlərimiz yuyulur, təmizlənir daha sonra isə ütülənərək, bölmələrə təhvil verilir. Bu qayğının qarşısında üzərimizə yalnız bir vəzifə düşür - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq. Hər birimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib, valideynlərimizin yanına alnıaçıq qayıtmağa çalışırıq".
Hərbi xidmətə Lənkəran rayonundan çağırılan əsgər Şənlik Əkbərov isə bildirdi ki, burada onlar üçün hər cür şərait yaradılıb. "İsti yataq yerimizdən tutmuş qida, geyim və məişət ləvazimatlarına kimi hər şeylə təmin olunmuşuq. Burada yaradılan yüksək məişət şəraiti bizdə ruh yüksəkliyi yaradır. Öhdəmizə düşən tək vəzifə Vətənə sadiq əsgər olmaq, layiqli xidmət etmək və Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənimizdən şəhidlərin qisasını almaqdır".
Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra bir daha əmin olduq ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı sayəsində ordumuzun döyüş qabiliyyəti, hərbi hissə və bölmələrin maddi-texniki təminatı, həmçinin şəxsi heyətin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"