Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

“Döyüş növbətçiliyi məsuliyyətlə aparılır”

Bu gün  hər bir ölkə vətəndaşı fəxrlə deyə bilər ki,  respublikamızın suverenliyini qorumağa və torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan ordumuzun yüksək döyüş hazırlığına malik peşəkar zabit kontingenti var. Müdafiə Nazirliyinin hərbi birlik və birləşmələrində, qoşun növlərində, Əlahiddə Ümumqoşun Orduda, o cümlədən cəbhə xəttində yerləşən bölmələrimizdə xidmət edən şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir.
"Ön xətdə yerləşən bölmələrimizdə döyüş növbətçiliyi uğurla aparılır", - deyə ordumuzun peşəkar, vətənpərvər gənc zabitlərindən biri, düşmənlə təmas xəttində Vətənimizin keşiyində sayıqlıqla dayanan Fərid Heydərli bizimlə söhbətində əminliklə bildirdi: "Cəbhə bölgəsində yerləşən hərbi hissəmizdə daima döyüş hazırlığını yüksəltmək məqsədilə, plana uyğun olaraq komandir toplanışları keçirilir. Bunun üçün şəxsi heyət bütün imkanlarını səfərbər edir. Döyüş hazırlığı bir çox amillərlə bağlıdır. Hər şeydən əvvəl şəxsi heyətin xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etmək əzmi, iradəsi olmalıdır. Hər bir əsgər hərb işini mənimsəməli, ona tapşırılan silah və texnikadan düzgün istifadə etməyi bacarmalıdır. Biz həm zabit, həm də komandir olaraq bu istiqamətdə  üzərimizə düşən məsuliyyətin fərqindəyik. Eyni zamanda, hər bir hərbi qulluqçu özündə müsbət şəxsi keyfiyyətləri formalaşdırmağı bacarmalıdır. Xüsusilə, tabeçiliyində şəxsi heyət olan komandir heyətində bu amil vacib məsələdir. Peşəkarlıq səviyyəsi, idarəetmə qabiliyyətləri, buradakı bölmələrimizin zəruri tələbatlarının vaxtlı-vaxtında ödənilməsi də daim döyüş hazırlığını şərtləndirən amillərdəndir".
Gənc zabit F.Heydərli keçirilən təlimlərdə döyüş vərdişlərini daim təkmilləşdirdiklərini, şəxsi heyətin hazırlıq səviyyəsinin  yüksəldiyini bildirdi. Onu da dedi ki, şəxsi heyətin döyüş hazırlığını artırmaq üçün intensiv məşğələlər, çöl dərsləri keçirilir. "Şəxsi heyətə daha geniş proqram üzrə, fərdi hazırlıqdan tutmuş manqa, taqım, bölük, tabor səviyyəsində hazırlıq aparılır. Verilən tapşırıqları, keçirilən dərsləri mənimsəyən əsgər səngərdə heç bir çətinlik çəkmir. Qeyd edim ki, hazırlıq məşğələsi üç üsulla aparılır: söhbət, əyani göstərmə və praktiki məşq. Peşəkar hərbi qulluqçularımız tərəfindən bütün atıcı silahlar, onların taktiki-texniki xüsusiyyətləri, təyinatları haqqında əsgərlərə lazımi biliklər aşılanır. Hazırlıq səviyyəsi yüksək qiymətləndirilən şəxsi heyətin sayəsində ön xətt bölmələrimizdə döyüş növbətçiliyi uğurla aparılır".

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"