Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

“Azərbaycan əsgəri həsrətə son qoyacaq!”

Bu gün Azərbaycan Ordusunun kadr resurslarının intellektual potensialının artırılması, strateji planda ordunun peşəkar hərbi qulluqçularla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji və əxlaqi keyfiyyətlərinin yüksəldilməsi, hərbi təlimlərin diqqət mərkəzində saxlanılması, həmçinin Aprel və Günnüt zəfərləri onu deməyə əsas verir ki, hicrana son qoymağa, vüsala qovuşmağa çox az qalıb. Xalq inanır ki, bu arzunu gerçəkləşdirəcək bir qüvvə varsa, o da Azərbaycan əsgəridir.Bu gün Qarabağ sevgisi, torpaqlarımızı azad görmək sevdası Azərbaycan dövlətini güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, Vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə sövq edib. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu Azərbaycan Ordusundan salıb.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahin Məmmədovu da bu istək, bu arzu orduya gətirib. Gəncə şəhərində dünyaya göz açan çavuş Ş.Məmmədov bildirdi ki, ordumuza göstərilən diqqət və qayğı, zabitlərimizin xidmətlərimizi qiymətləndirməsi bizi daha da ruhlandırır və indi əsgərlərimiz hərbi xidmətə böyük sevgi ilə yanaşır, burada olduqları müddətdə əsl kişilik məktəbi keçirlər. "Ordumuz peşəkar bir səviyyədədir, artıq 90-cı illərin ordusu deyil. Daha Vətənimizin, torpağımızın vahid komandanlıq altında birləşən, müasir silahlarla təmin olunmuş nizami bir ordusu var. Bu nizami ordunun arxasında ona öz misilsiz məhəbbətilə dəstək olan xalqımız dayanır. Hökumət, xalq, dövlət birliyi - bax, bu gördüyünüz yüksəkliklərdə keşik çəkən əsgər və zabit heyətinə, o cümlədən bütövlükdə ordumuza daim qol-qanad verir. Biz güclüyük. Təkcə silah-sursatımızla, hərbi texnikamızla, mənəvi-psixoloji hazırlığımızla deyil, həm də haqqımızı tələb etməkdə, ədalətimizə güvənməkdə güclü və qüdrətliyik".
"Xidmət etdiyimiz hərbi hissə Qarabağımızın ağır günlərinə şahidlik edib", - deyə çavuş sözünə davam etdi. - Bu hərbi hissədə Azərbaycanımızın çox mərd, cəsur oğulları xidmət ediblər. Onlardan bəziləri Vətən uğrunda şəhid olublar. Bizim də əsas məqsədimiz odur ki, belə qəhrəman oğullarımızla fəxr etməklə yanaşı, həm də onların yolunu davam etdirək. Ən böyük arzumuz Ali Baş Komandanımızın əmri ilə tezliklə işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Qəribsədiyimiz torpaqlar, zirvələr, yüksəkliklər üçrəngli bayrağımızın həsrətindədir. O həsrətə Azərbaycan əsgəri son qoyacaq!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"