Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

Dostluğa sədaqət tükənməzdir

Böyük Vətən müharibəsi illəri bəşəriyyət tarixində ən dəhşətli, yer üzünü məhvə sürükləyən, insanlığın məhvinə yönəlmiş müharibə kimi yaddaşlarda qalıb. O dəhşətlərdən, ağır faciələrdən xilas olan xalqlar bir daha müharibə alovlarını görmək istəmirlər. Başqa xalqlar kimi xalqımız da Böyük Vətən müharibəsi illərində itkilərə, məşəqqətlərə sinə gəriblər. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" hayqıran xalqların birliyi, qələbə əzmkarlığı yer üzünü bürümək istəyən Alman faşizmindən dünyanı xilas edib.
Onların sırasında Azərbaycan xalqının xüsusi yeri var. Faşizmə qarşı müharibədə 600 mindən çox qəhrəman, fədakar oğul və qızlarımız döyüşüblər.
170 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görülüblər. O dövrün tarixinə qəhrəmanlıq səhifələri yazıblar.
Böyük qələbənin əldə edilməsində başqa xalqlar kimi, ispan xalqının nümayəndələri də yüksək fədakarlıq göstəriblər. Bakını ələ keçirməyə can atan hitlerçilərə qarşı mübarizədə ispan təyyarəçiləri də fəal iştirak edirdilər. Onların bir çoxu 1936-cı ildə Gəncə şəhərində fəaliyyət göstərən təyyarəçilik məktəbinin yetirməsi olublar.
Təyyarəçilik məktəbi 1936-cı ildə Sovet hökuməti və İspaniya arasında bağlanmış müqaviləyə əsasən Bakı və Gəncə şəhərlərində təşkil olunub. Məktəbə Sovet İttifaqı Qəhrəmanı Ernnest Şaxta rəhbərlik edib. 1937-ci ilin fevralında 193 nəfər ispaniyalı gənc məktəbdə təlimə başlayıb. Məktəbdə qısa müddət ərzində kursantlara təyyarəçilik peşəsi, nəzəri-texniki və hücum taktikası, hava döyüşləri haqqında biliklər verilib, təyyarəçi kimi formalaşıblar. İki il ərzində ildə 100 nəfər pilot olmaqla beş dəfə buraxılış olub. İspaniyada fəaliyyət göstərən 413 sovet təyyarəçisini ispaniyalı pilotlar əvəz ediblər. 1939-cu ildə isə 185 nəfər Gəncə təyyarəçilik məktəbini bitirib.
Gəncə təyyarəçilik məktəbinin ispaniyalı məzunları Böyük Vətən müharibəsi cəbhələrində alman faşizminə qarşı döyüşlərdə böyük rəşadətlər göstəriblər. İspaniyalı Maşel Sarausa 1942-ci ilin oktyabrında Bakı səmasında reyd edərkən həyatını itirib. Leytenant Xose Palyares də müharibədə həyatını itirmiş ispan təyyarəçisidir.
İlk dəfə 1937-ci ildə Gəncəyə gələn Xose Mario Bravo beş aylıq təhsil müddətini başa vurduqdan sonra İspaniyaya qayıdıb. Xarkovun işğalından sonra Sovet Ordusu sıralarına daxil olan Xose Mario 1942-ci ildən etibarən Bakının hava hücumundan müdafiəsində iştirak edib. 1943-cü ildə Tehran konfransına gedən Stalini müşayiət edən təyyarəçilərdən biri də Xose Mario Bravo olub.
İspan və Azərbaycan xalqları arasında tarixi dostluq ənənələri həmişə davam etdirilib. Bu münasibətlər Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ölkəmizin müstəqilliyini ilkin tanıyan ölkələrdən biri də İspaniya olub. 1992-ci ilin fevralında ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Böyük Vətən müharibəsində iştirak edən və xidməti vəzifələrini yerinə yetirərkən döyüşlərdə qəhrəmancasına həlak olan Gəncə təyyarəçilik məktəbinin yetirmələrinin xatirəsi həmişə uca tutulur. Ölkəmizin qədim mədəniyyət, incəsənət qəhrəmanlıq beşiyi sayılan Gəncə şəhərində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vüqar Veysəlovun adını daşıyan 30 saylı məktəbdə ispan təyyarəçilərinin xatirə muzeyi yaradılıb. 2016-cı ildən fəaliyyət göstərən muzeydə müxtəlif sənədlər, şəkillər nümayiş etdirilir. Sənədlərdə Bakının hava hücumundan müdafiəsində iştirak etmiş kapitanlar Xose Mario Bravonun, Manuel Sarausanın, leytenantlar Xoakin Dias Santrosun, Luis Lavinin, Xose Paylaresin və başqalarının adları xüsusi qeyd olunub. Şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər tez-tez muzeyə baş çəkir, müharibə qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.
Məktəbin direktoru Əməkdar müəllim İlham Həsənov bildirdi ki, 1937-1939-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərən 20 nömrəli təyyarəçilik məktəbinin ispaniyalı kursantları və təlimçiləri Moskva, Odessa şəhərlərinin faşistlərdən azad olunmasında, Bakının hava məkanının qorunmasında misilsiz xidmətlər göstəriblər. Sevindirici haldır ki, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olanların ailələrinə respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət, qayğı və ehtiram göstərilir. Onların xatirəsi uca tutulur.
Gəncə şəhərində İspaniyanın Aviatorlar Assosiasiyasının, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ilk təlim qrupunun Azərbaycana gəlişinin 80 illiyinə, İkinci Dünya müharibəsində iştirak etmiş ispan pilotların həlak olmasının 75-ci ildönümü münasibətilə keçirilən tədbirdə onların yaxınları, ailə üzvləri iştirak ediblər. İspaniyalı qonaqlar ispan təyyarəçilərinin xatirə muzeyində toplanan sənədlərlə, şəkillərlə, qəzet yazıları ilə yaxından tanış olublar. Şəhərin Fəxri xiyabanında 1936-1939-cu illərdə təyyarəçilik məktəbində təlimlər zamanı həlak olan ispan pilotları və onların təlimçilərinin məzarları da ziyarət olunub. Assosiasiya rəhbəri Akilino Mata Plyer deyib: "Gəncə əhalisi, Azərbaycan xalqı bizim əcdadlarımızın xatirəsini qoruyur, bu həmin xalqın böyüklüyünün göstəricisidir".
İspan və Azərbaycan yaradıcılarının hazırladıqları "Azərbaycan səmalarında" sənədli filmi də İspaniya-Azərbaycan xalqlarının dostluğuna töhfə kimi qiymətləndirilir.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"