Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

“Torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik!”

"N" hərbi hissəsinin artilleriya divizionunun şəxsi heyətinin atış və atəşin idarə olunması məşqində gördüklərimiz də bir daha ordumuzun tərəqqisinin qaçılmaz və labüd olduğunu deməyə əsas verir. Zabit İsgəndər Mustafayev məşqin mahiyyətini izah edərək bildirdi ki, tabeliyində olan şəxsi heyətin tamamilə cəlb olunduğu məşq zamanı ilkin olaraq atəş mövqeləri və komanda-müşahidə məntəqələri yaradılır. Şərti düşmən mövqeyi müəyyənləşdirilir. Bundan sonra planlı və plandankənar atəş tapşırıqları icra olunur. Bu tapşırıqların tərkib hissəsi olaraq arakəsmə, hərəkətli maneə atəşləri, eyni zamanda, kalona atış tapşırığı yerinə yetirilir. Nəticədə normativlər yerinə yetirilir və məqbullar qəbul olunur.
Zabit Eldəniz İsmayılov qeyd etdi ki, bir vaxtlar xəyal kimi görünən, əlçatmaz hesab olunan texnologiyalar əsasında formalaşan Azərbaycan Ordusunun şəxsi heyətinin cəlb olunduğu istər məşq, istərsə də təlim artıq təəccüblü görünmür. “Bu gün Azərbaycan Ordusu keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoyub. Həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində hərbi həyatın bütün sahələrində ciddi nailiyyətlərə zəmin yaradılıb ki, bu da hər birimizin həyatında nəzərəçarpacaq irəliləyişləri təmin edib.”
"Gördüyünüz silah vasitəsilə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərini böyük bir ərazidə məhv edə bilərik", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Yasin Alıyev söhbətə başladı. - Bu gün hərbi hissəmiz ən müasir texnika və silahlarla təchiz olunub. Eyni zamanda, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğularımız yeni dartıcılarla təmin olunub. Bununla yanaşı, hərbi hissəmizin optik hesablama cihazları, radiolokasiya stansiyaları ilə təchiz edilməsi düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə, qısa müddət ərzində aşkar edərək, atəşlə zərərvurma vasitələrinə ötürülməsinə imkan yaradıb. Bunun nəticəsidir ki, maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanına malikik.
"Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətini artırıb", - deyə kapitan Natiq İsgəndərov top komandirinin sözünə qüvvət verdi. - 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək, on minlərlə kvadratmetr torpağımızı, o cümlədən mühüm əhəmiyyətli yüksəklikləri azad etdi və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir. Azərbaycan Ordusunun Aprel döyüşlərində və Günnüt zəfərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Bu gün ordumuz Ali Baş Komandanımızın qarşımızda qoyduğu əsas vəzifələri - işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunmasını, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını, qoşunların operativliyinin təmin edilməsini, silahlanmaya yeni qəbul edilən hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqini, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsini həyata keçirməyə tam hazırdır.”
Əsgər Nicat Qasımzadə qeyd etdi ki, hücuma və ya müdafiəyə hazırlıq zamanı top qurğusundan açılan sərrast atəş döyüşün taleyini həll edir. "Xidmət etdiyim artilleriya divizionunda gördüklərimin əsasında deyə bilərəm ki, Azərbaycan Ordusunun artilleriya bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Biz digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etməliyik".
Əsgər Anar Qasımov bildirdi ki, onun əsas vəzifəsi düşmənin hədəflərini aşkar edib manqa komandirinə məlumat verməkdir. “Bundan sonra aşkar edilən hədəfin məhv edilməsi prosesi başlayır. Burada məqsəd piyada qüvvələrinə yardım etmək və şəxsi heyətimizə yönələn hədəfləri sıradan çıxarmaqdı. Hərbi xidmətə gəldiyimiz müddətdə top qurğusunun sirlərini öyrənir və özümüzü ordumuzun qalibiyyət döyüşlərinə hazırlayırıq. Gördüyünüz məşğələlər mütəmadi keçirilir, nəticədə şəxsi heyətimiz təcrübə toplayır. Artıq istənilən döyüşün müqəddaratını həll edə biləcək əsgərlərimiz formalaşır. Şəxsi heyətimiz dəqiq koordinatlar əsasında istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir. İnanırıq ki, torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik”.
Əsgər Fuad Orucəliyev isə vurğuladı ki, müasir texnologiya əsasında qurulan ordunun tələblərinə uyğun olaraq şəxsi heyət formalaşır: "Məşqlərdə və təlimlərdə mənimsədiklərimizə, komandirlərimizdən öyrəndiklərimizə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan əsgəri dövlətimizin ərazilərinin qorunması işinin öhdəsindən layiqincə gəlir. Peşəkar zabitlərimizin sayəsində əsgərlərimiz top qurğusundan necə istifadə etməyi bilir və düşmənin zəif təchiz olunan dayaq nöqtələrindən məlumatlıdır".
"Ümumiyyətlə, bölməmizin əsas vəzifəsi düşmən üzərində atəş üstünlüyünün əldə edilməsində və saxlanılmasında iştirak etməkdi", - deyə əsgər Əlisahib Orucov söhbətə qoşuldu. - Komandirlərimizdən öyrəndiklərimizin və təcrübədə tətbiq etdiklərimizin əsasında deyə bilərəm ki, kütləviləşdirilmiş, cəmləşdirilmiş və sistematik atəş zərbələri nəticəsində düşmənin fəaliyyətini pozmaq fəaliyyətimizin əsas tərkib hissəsidir. İnanıram ki,  bugünkü məşqdə də qarşıya qoyulan bu məqsədə nail olduq.
Əsgərlər Əlixeybər Qəmbərov və Azər Əhmədov isə bildirdilər ki, əsas məqsədləri məşqlər və təlimlər zamanı əldə etdikləri təcrübə sayəsində ehtimal edilən döyüşlərdə qələbə qazanmaqdı. Təcrübə göstərir ki, keçirilən məşqlər və təlimlər döyüş əməliyyatlarının uğurlu təşkilində mühüm rol oynayır. Bu şərəfli vəzifəni yerinə yetirən əsgər xüsusi təlim keçir, dərin hərbi biliklərə malik olur. Şəxsi heyətimizin  vətənpərvərliyi, mənəvi-psixoloji və fiziki hazırlığı kifayət qədərdir.

Məhəmməd ƏLİYEV,"Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR