Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

Fiziki hazırlıq hərbi tapşırıqların yerinə yetirilməsində vasitədir

Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Məhz buna görə də müasir ordumuzda fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsidir. İstər arxa cəbhədə, istərsə də ön xətdə yerləşən hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir.
Ön xətdə yerləşən "N" hərbi hissəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə cavabdeh zabit mayor Neymət Rəhimovla idman şəhərciyinə yollanırıq. Hərbi hissənin ərazisinə daxil olduğum ilk andan müasir idman şəhərciyi diqqətimi çəkmişdi - geniş ərazisi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançaları və s. İdman şəhərciyinin ətrafındakı yaşıllıq və əhatəsindəki uca şam ağacları necə əlverişli yerdə salındığını göstərirdi. Burada idman edən əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan.
Komandirlərinin nəzarəti altında nizamla məşq edən əsgərlərə yaxınlaşıram. "Həmişə sağlam və güclü olun" deyib əvvəlcə leytenant Zahir Hüseynovun, sonra isə əsgərlərin əlini sıxıram. "Əsgərlərimiz yaxşı bilirlər ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalıdırlar. Döyüş meydanında qalib gəlmək üçün isə təkcə döyüş hazırlığın deyil, fiziki hazırlığın da yüksək olmalıdır. Güclü və möhkəm olmalısan ki, düşməni hər şəraitdə məhv edə biləsən. Bütün bunları dərk edən şəxsi heyət fiziki hazırlıq dərslərinə xüsusi diqqət göstərir, idman alətlərində həvəslə məşq edir", - gənc zabit dedi.
Leytenant Zahir Hüseynovun dediklərinin əyani şahidi olduq. Əsgərlər komandirlərinin göstərişinə əsasən idman şəhərciyindəki alətlərdə həvəslə, yorulmadan məşq edir, idman hərəkətlərini çox ustaqlıqla yerinə yetirirdilər. Turnikdə dartınma, paralel qollarda enib-qalxma, ipə çıxma hərəkətlərini bitirib nəfəsini dərən əsgərlərlə həmsöhbət olduq. Əsgər Vüqar Əzizov hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalıb xidmətini davam etdirmək istədiyini bildirdi.
- Hərbi xidmətimin xeyli hissəsi başa çatıb. Lakin əynimdən formanı çıxarmaq, komandirlərimdən ayrılmaq istəmirəm. Əsgəri xidmətim bitdikdən sonra hərbçi kimi yenidən ordu sıralarında xidmətimi davam etdirmək istəyirəm. Bütün əsgər yoldaşlarım kimi idmana böyük marağım var. Sizlərin də gördüyü kimi, bu meydançada  idman məşqlərini etmək üçün yuxarı komandanlıq tərəfindən hər cür şərait yaradılıb. Biz də bu şəraitdən istifadə edərək öz üzərimizdə çalışır, fiziki hazırlığımızı daim artırırıq.
Əsgər  Röyal Tağıyev bildirdi ki, təkcə idman saatlarında yox, boş vaxtlarında da idman şəhərciyində məşq edir.
- Döyüş meydanında çevik, möhkəm, dözümlü olmaq və verilən tapşırıqları cəld yerinə yetirmək üçün fiziki hazırlığımız yüksək olmalıdır. Ona görə də fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edirik. Həftəsonu komandirlərimiz idman yarışları da təşkil edirlər. Həmin yarışlarda həvəslə iştirak edir, həftə ərzində idmanda qazandığımız nailiyyətləri nümayiş etdiririk. Güclü və sağlam düşüncəli şəxsi heyət istənilən an düşməni məğlub etməyə hazırdır.
Əsgər Qurban Hüseynli hərbi xidmətin gənclərin həyatında önəmli olduğunu vurğuladı:
-  Əsgəri xidmətdə hərbi bilik, döyüş hazırlığı və digər hazırlıqlarla yanaşı, fiziki hazırlığımızı da artırırıq. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Dayaqdan dartınma hərəkətində, demək olar ki, çətinlik çəkirdim.  Komandirimin və əsgər yoldaşlarımın da  dəstəyi ilə hər gün idman saatlarında özümlə ciddi məşğul olmağa başladım. Artıq normativə uyğun dartına bilirəm. Fiziki hazırlığımız bizə döyüş ruhu aşılamaqla bərabər, özümüzə olan inam hissimizi də artırır.
Əsgərlərdən Elcan Əhmədov, Elşən Paşayev, Rəşad Abbasov, Əliyar Məmmədov, Arzuman İsrafilov, Kənan Əliyev və başqaları da öz fikirlərini bizimlə bölüşdülər. Hərbi hissədə hər cür məişət şəraiti ilə yanaşı, fiziki hazırlığın artırılması üçün də yüksək şəraitin yaradıldığını, həvəslə və yorulmadan idmanla məşğul olduqlarını qeyd edən əsgərlərimiz,  Vətəni sevməyi, ona sadiq olmağı və layiqli xidmət etməyi özlərinə müqəddəs borc bildiklərini, Vətənin keşiyində durmaqdan şərəf duyduqlarını bildirdilər.

Məhəmməd NƏSİRLİ,
foto C.CƏFƏROVUNDUR