Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi qanunvericilik və dövlət təhlükəsizliyi ilə əlaqədar qanunvericilik aktlarından istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi  ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.

2. Hərbi qulluqçuların hüquq və vəzifələri.

 

Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları



Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin qərarın əsasında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 1991-ci il tarixli Fərmanına əsasən, Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabrın 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun qəbul edildi. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun 1-ci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasında da Silahlı Qüvvələrlə və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapmışdır. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. 76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır.
Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək məqsədilə 10 iyun 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın, əsgəri vəzifənin əsasları, gənclərin hərbi xidmətə hazırlıq qaydaları, hərbi xidmətə çağırışın qaydaları və şərtləri, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydaları, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsasları, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq məsələləri təsbit edilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun yaradılmış digər qoşun birləşmələrində hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunu 1992-ci il noyabrın 3-də Milli Məclis tərəfindən qəbul olunmuşdur. Həmin qanuna görə, hərbi qulluqçular və hərbi vəzifəli şəxslər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Qanunda həqiqi hərbi xidmətin müddəti də aydın şərh edilib. Dinc dövrdə bu müddət ali təhsili olan hərbi qulluqçular üçün 1 il,   əsgər və çavuşlar üçün 1 il 6 ay müəyyən edilir.
1993-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən "Müdafiə haqqında" qanun qəbul edilmişdir. Sənəddə Azərbaycan Respublikasının müdafiəsi dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi kimi göstərilir. Eyni zamanda, qanunda dövlət orqanlarının müdafiə sahəsində səlahiyyətləri müəyyən olunur.
"Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunu 1994-cü il yanvarın 6-da Milli Məclis tərəfindən qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsinin əsaslarını, qaydalarını və hüquqi nəticələrini müəyyənləşdirir.
Hərbi vəziyyət Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərmanla tətbiq edilir. Prezident hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir və Milli Məclis 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.
Dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2007-ci il  müvafiq sərəncamı ilə "Azərbaycan Resbublikasının milli təhlükəsizlik konsepsiyası" təsdiq olunmuşdur. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti deyildikdə, onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusu başa düşülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Hərbi doktrinanın yaradılması işçi qrupunun qarşısında  əsas vəzifə kimi qoyulmuş və Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2010-cu il tarixli Qərarı ilə "Azərbaycan Respublikasının Hərbi doktrinası" təsdiq edilmişdir. Dövlətin, cəmiyyətin, o cümlədən bütün vətəndaşların maraqlarını özündə əks etdirən Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmaqla bərabər, həm də hərbi siyasətin əsaslarını müəyyənləşdirən strateji əhəmiyyətli sənəddir və ölkənin müvafiq sahədə təhlükəsizlik prioritetlərinin müəyyən edilməsində istisnasız rola malikdir. Elə məhz buna görə də Azərbaycanın ilk Hərbi doktrinasının təsdiq olunması təkcə Silahlı Qüvvələrin deyil, ümumiyyətlə dövlətimizin həyatında  tarixi bir hadisədir. Bu sənəd Azərbaycanın hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir. 
Hərbi-siyasi xarakterli, o cümlədən təcavüzkar separatizmlə şərtlənən həll olunmamış münaqişələrin mövcudluğunu, regiondakı münaqişələrin iqtisadi maraqlara mənfi təsirinin artmasını və nəhayət, regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyini ölkəmizin yerləşdiyi regiona və bu regionun təhlükəsizlik mühitinə mənfi təsir göstərən amil kimi dəyərləndirən Hərbi doktrina ərazilərimizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması faktını Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid kimi xarakterizə edir. Doktrinada Azərbaycan Respublikasının müdafiə siyasətinin beynəlxalq hüququn norma və prinsipləri əsasında  formalaşdığı xüsusi qeyd olunur. Ermənistan Respublikasına və işğal etdiyi Azərbaycan ərazilərində  qurduğu separatçı rejimə hər hansı siyasi, hərbi, iqtisadi və digər dəstək Azərbaycan Respublikasına qarşı əməl kimi qiymətləndirilir.
Ordunun daim döyüşə və səfərbərliyə  hazır vəziyyətdə saxlanılması, struktur, döyüş heyətinin, say tərkibinin, texniki təchizatın və səfərbərlik resurslarının səmərəli yetərliyə uyğun olması, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının təminatı, o cümlədən hərbi qulluqçuların ictimai-siyasi təşkilatların fəaliyyətində iştirakının yolverilməzliyi və s. Hərbi doktrinanın mühüm prinsiplərindəndir.
Hərbi doktrinada Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hazırkı mərhələdə və orta müddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri də göstərilib. Mürəkkəb və sürətli dəyişən əməliyyat şəraitində müasir müdafiə və hücum əməliyyatlarının aparılması bacarığına yiyələnməyi,  düşmənə qarşı konseptual effektiv və praktiki müqavimət üsullarının işlənib hazırlanması, Silahlı Qüvvələrin əməliyyat qabiliyyətinin və xüsusi informasiya idarəetmə bacarığının inkişafı və s. əsas götürülüb.

 

Hərbi qulluqçuların hüquq və vəzifələri



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu Qanun Azərbaycan Resrublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.
Hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir.
Hərbi qanunvericilik, şübhəsiz ki, həm də vacib tərbiyəedici rola malikdir. Normativ aktlarda hərbi quruculuğun ideya və prinsiplərinin əks olunması, bu normaların həyata keçirilməsinin təmin edilməsi hərbi qulluqçuların dünyagörüşünə, şüuruna və davranışına təsir göstərir, dövlətin müdafiə qüdrətinin gücləndirilməsində, hərbi hissə və gəmilərdə hüquq qaydalarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, hərbi qulluqçuların öz hüquq və vəzifələrini bilməsi, Azərbaycan hərbi qanunvericiliyinin müəyyən etdiyi qaydada xidmət etməsi, təminatlardan yararlanması üçün şərait yaradır. Bu baxımdan 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş "Hərbi qulluqçuların statusu haqqında" qanun xüsusilə diqqəti cəlb edir. Hərbi qulluqçular bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.
Hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Xidmət fəaliyyətində hərbi qulluqçular Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının tələblərini rəhbər tuturlar və siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər. Dövlət sirrini açmamaq şərtilə, hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə təminat verilir.
Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqların verilməsi və əlavə vəzifələrin tapşırılması bu qanunla, digər qanunvericilik aktları və Silahlı Qüvvələrin nizamnamələri ilə müəyyən edilir. Vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılır, könüllü qaydada və bağlaşma yolu ilə Silahlı Qüvvələrdə xidmətə daxil olur, toplanışlara çağırılır, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrdə xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçu, eyni zamanda, seçkili dövlət orqanlarına seçmək və seçilmək, şəxsiyyət toxunulmazlığı, əmək, pul və maddi təminat, istirahət, təhsil, təklif, ərizə və şikayət hüquqlarına malikdir. Eyni zamanda, hərbi qulluqçuların mənzillə təmin olunmaq, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, ailələrinin sosial müdafiəsi, pensiya təminatı hüquqları vardır. Qanunla hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir.
Hərbi qulluqçuların hüquq və vəzifələri, eyni zamanda, Silahlı Qüvvələrin nizamnamələrində öz əksini tapmışdır. Silahlı Qüvvələrin İntizam, Daxili Xidmət, Qarnizon və Qarovul Xidmətləri, Sıra nizamnamələri hərbi hissə və bölmələrdə hərbi intizamın yüksək səviyyədə saxlanılmasını təmin edir, hərbi qulluqçuların ümumi vəzifələrini müəyyənləşdirir. 
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın milli maraqlarına cavab verən addımların atılması, ölkənin istər beynəlxalq, istərsə də regionda  özünəxas imicinin formalaşması vacib və təxirəsalınmaz məsələlərdəndir.
 
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi